Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda qışa hazırlığın vəziyyəti geniş müzakirə edilmişdir

21 oktyabr 2011 | 15:00

21 oktyabr 2011-ci il tarixdə Sabirabad rayon İcra Hakimiyyətinin Şura iclasında qışa hazırlığın vəziyyəti geniş müzakirə olunaraq yerlərdəki durum ətraflı təhlil edilmiş və mövcud nöqsanların aradan qaldırılması üçün tədbirlər görülməsi planlaşdırılmışdır.
Toplantıda öncə sosial problemlərin həlli, əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təmin edilməsi zərurəti vurğulanmışdır. Qeyd olunmuşdur ki, elektrik təchizatının yaxşılaşdırılması məqsədilə müəyyən işlər görülmüşdür. Hava xətlərində əsaslı təmir işləri aparılmış, sıradan çıxmış dayaqlar yenisi ilə əvəz edilmiş, 3 güc transformatoru bərpa olunmuş, yüksək gərginlikli 6,8 km uzunluğunda hava xətləri dəyişdirilmişdir. Hazırda Cavad yarımstansiyası vasitəilə enerji ilə təmin olunan 14 kənddə elektrik təsərrüfatı yenidən qurulur.
Qaz təminatı üzrə də görülən işlər çoxdur. Rayon mərkəzində 16 çoxmərtəbəli yaşayış binasına təbii qazın verlişi başa çatdırılmaq üzrədir. Nərimankənd, Ulacalı, Şıxlar, Bulduq və Mürsəlli kəndlərinə magistral qaz xətti çəkilişi sürətlə aparılır. Kürkəndi kəndi mavi yanacaqla təmin edilmiş, Qalağayın kəndinin qazlaşdırılması işləri də yaxın günlərdə yekunlaşacaqdır.
Qış mövsümündə əhalinin içməli su ilə təchizatında və kanalizasiya sistemində yarana biləcək problemlərin qarşısını almaq məqsədilə böyük su ötürücü gücə malik yeni elektrik mühərriki quraşdırılmış, iki qaldırıcı nasos stansiyasında təmir işləri aparılmış, su arxları üzərində qurulan nasoslarda mövsümi hazırlıq başa çatdırılmışdır.
Şura iclasında təhsil müəssisələrinin qışa hazırlıq məsələsi də geniş müzakirə mövzusu olmuşdur. Xüsusi vurğulanmışdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ötən il baş vermiş təbii fəlakətin nəticələri artıq aradan qaldırılmaq üzrədir. Dövlət başçısının da əsaslı təmirdən sonra açılışlarında iştirak etdiyi Mürsəlli və Qasımbəyli kənd tam orta məktəbləri ən müasir təhsil ocaqları ilə müqayisə edilə biləcək səviyyədədir. Daşqına məruz qalmış Ulacalı, Bala Həşimxanlı, Əsgərbəyli, Muradbəyli kənd tam orta məktəbləri əsaslı təmir olunub istifadəyə verilmişdir, Zəngənə kənd tam orta, Surxayoba kənd ümumi orta məktəbləri də keyfiyyətlə təmir olunmuşdur.
1176 şagird yerlik M.Ə.Sabir adına 1 saylı şəhər tam orta məktəbinin tikintisi üçün hazırlıq işləri görülür. E.Nadirov adına 9 saylı şəhər və Nərimankənd tam orta məktəblərinin yeni binalarının tikintisi işlərinə də artıq başlanılmışdır. N.Gəncəvi adına 5 saylı şəhər tam orta məktəbin və 2 saylı şəhər uşaq baxçasının əsaslı təmiri də aparılır.
Təhsil müəssisələrinin qızdırılması üçün ümumilikdə 387 ədəd odun və duru yanacaq sobası məktəblərə paylanmış, 400 kub.metr odun sifariş verilmiş, yanacaq alınması üçün aidiyyəti təşkilatlarla razılıq əldə olunmuşdur.
Mərkəzi Rayon Xəstəxanasının bütün şöbələrində təmir işləri aparılmış, binadaxili və xarici kommunikasiya xətləri yenidən təmir olunaraq işlək vəziyyətə gətirilmişdir. Yeni istifadəyə verilmiş Perinatal mərkəz qaz xəttinə qoşulmuş, kənd tibb müəssisələrinin isidilməsi üçün zəruri tədbirlər müəyyənləşdirilmişdir.
Tədbirdə Sabirabad şəhərinin qışa hazırlığından da geniş danışılmışdır. Çoxmərtəbəli yaşayış binalarında görülən işlərdən, qrunt və yağış sularının axıdılması üçün çəkilən beton arxların səmərəsindən, kanalizasiya sistemində aparılan təmir-tikinti işlərindən bəhs olunmuşdur.
Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov görülən işlərə öz münasibətini bildirmiş, ölkə Prezidenti cənab İlham Əliyevin bu ilin mayın 5-də Sabirabada səfərindən sonra rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi haqqında verdiyi 4 sərəncamın tarixi əhəmiyyətindən danışmış və dövlət başçısının tapşırığı ilə ayrı-ayrı yuxarı dövlət orqanlarının bu bölgənin problemlərinin aradan qaldırılması üçün kompleks tədbirlər həyata keçirdiklərini xüsusi vurğulamışdır. Bu gün ölkə Prezidentinin diqqət və qayğısı nəticəsində Sabirabadın tərəqqi yolunda olduğunu qeyd edən N.İsmayılov, rayonda yenidənqurma işlərinin geniş vüsət aldığını, Kür çayı üzərindən möhtəşəm körpü salındığını, kəndlərdə asfalt yolların çəkildiyini, yeni təhsil və səhiyyə obyektlərinin tikintisinə başlanıldığını minnətdarlıq hissi ilə qeyd etmişdir. O, rayonda gedən böyük abadlıq-quruculuq işlərinin fonunda qısa hazırlığın da böyük önəm daşıdığını, bu mühüm işin daim diqqət mərkəzində olacağını bildirmiş, idarə, müəssisə rəhbərlərinə konkret töfsiyyələrini vermişdir.
 

Keçidlər