Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda möhtəşəm Alov festivalı

06 may 2015 | 15:00

Ötən hər gün bizi birinci Avropa Oyunlarına yaxınlaşdırır. İlk Avropa Oyunlarının məşəli doğma məmləkətimiz Azərbaycanı dolaşmaqda davam edir. Qədim Atəşgah məbədində alovlandırılmış məşəli qarşılamaq üçün rayonumuzda da geniş hazırlıq işləri görülmüşdü. Küçələr bayramsayağı bəzədilmişdi. Mayın 6-da günün ikinci yarısında rayonumuzun 30 min nəfərdən çox sakini məşəli qarşılamaq üçün Heydər Əliyev prospekti boyu küçəyə çıxmışdı. Birinci Avropa Oyunları məşəli həmin gün Saatlı rayonundan Sabirabada  gətirilmişdir. Bayraq meydanının önündə qurulmuş Avropa Oyunlarının rəmzi qapısında təntənəli qarşılanma mərasimi olmuşdur. Həmyerlimiz-Pankration Federasiyasının prezidenti, peşəkar idmançı, dünya çempionu Azad Əsgərov məşəli qəbul etmişdir. Beləliklə, estafet Sabirabad yürüşçülərinə keçmişdir.  Azad Əsgərovdan sonra veteran güləşçi Mirəflan Ağayev, karate üzrə Avropa çempionu Ramiz Məmmədov, yeniyetmələr arasında keçirilən boks üzrə çempionatın qalibi Seymur Adışov, qaydasız döyüş üzrə Azərbaycan çempionu Əlicabbar Nuriyev, veteran futbolçu İbrahim İbrahimov, ağır atletika üzrə Azərbaycan çempionu Amid Babayev, atletika üzrə Azərbaycan çempionu Rüfət Mehdiyev, sərbəst güləş üzrə Azərbaycan çempionu Seyfulla Mehdiyev, AFFA-nın Aran regionu üzrə Futbol Federasiyasının prezidenti Nadir Quliyev məşəli bir-birinə ötürməklə 4 km-dək məsafəni qət edərək  rayon sakinlərinin alqışları altında  Heydər Əliyev prospekti boyu yürüş etmişlər. Məşəl Heydər Əliyev adına istirahət parkına gətirilmişdir.
Pəhləvan Amid Babayev burada qurulmuş səhnəyə qalxaraq birinci Avropa Oyunları məşəlini alovlandırmışdır. Sonra məktəbli Nərgiz Əsgərova Avropa Oyunlarının rəmzi çırağını yandıraraq yarışlar başa çatanadək saxlanmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil vermişdir.
Qurulmuş möhtəşəm səhnədə aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti cənəb İlham Əliyevin,  xanımı,  Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın, Avropa Olimpiya Komitəsinin Prezidenti Patrik Hikkinin və eləcə də 150-dən artıq qonağın iştirakı ilə dövlətimizin başçısı tərəfindən Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilmişdir.
Heydər Əliyev parkında möhtəşəm Alov festivalı keçirilmişdir. Səhnədə nümayiş etdirilən Alov şousu festival iştirakçılarında heyranlıq hissi və xoş ovqat yaratmışdır.
İncəsənət ustalarının çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.
Festivalı maraqla izləyən sakinlər bununla bağlı təəssüratlarını paylaşmışlar. Şagirdləri ilə buraya gələn M.Ə.Sabir adına 1 saylı şəhər tam orta məktəbinin müəllimi Ülviyyə Hümbətova fikrini bu sözlərlə ifadə etdi: «Şagirdlərimlə Heydər Əliyev prospektində yürüş iştirakçılarını izlədikdən sonra buraya gəlmişik. Biz tarixi bir hadisənin iştirakçısıyıq. Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizə göstərilən böyük etimaddır. Hamımız sevinirik. Bizə bu sevinci bəxş edən möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk».
Şəhər sakini Hacı Eldar Əmənov birinci Avropa Oyunlarının əsl idman bayramı olduğunu bildirərək dedi: «İlk dəfə keçirilən Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin dünyada artan nüfuzundan xəbər verir və hər birimizdə qürur hissi doğurur. İdmançılarımızın beynəlxalq yarışlarda qazandığı uğurlar Azərbaycanı idman ölkəsi kimi tanıtmışdır. İnanıram ki, idmançılarımız bizi Avropa Oyunlarında da yeni-yeni qələbələrlə sevindirəcəklər».
Məşəl estafetinin iştirakçısı, veteran futbolçu İbrahim İbrahimov isə belə dedi: «Birinci Avropa Oyunlarının məşəlinin bütün bölgələrimizdə, o cümlədən  rayonumuzda da dolaşacağını eşidəndə çox sevindim. Cünki bu, Azərbaycanımızın iftixarıdır. «Bakı-2015» ilk Avropa Oyunları ölkəmizdə idmanın yeni müstəvidə inkişafına təkan verəcəkdir».
Alov festivalı atəşfəşanlıqla başa çatdı. Birinci Avropa Oyunlarının məşəli İmişli rayonuna yola salındı.

Keçidlər