Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya şöhrətli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi ehtiramla anılmışdır

28 aprel 2015 | 15:00

Dünya şöhrətli alim, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 92-ci ildönümü rayonumuzda da yüksək səviyyədə qeyd edilmişdir.
Aprelin 28-də rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov başda olmaqla idarə, müəssisə və təşkilatların rəhbərlərinin, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə Heydər Əliyev Mərkəzində bu münasibətlə tədbir keçirilmişdir.
Akademik Zərifə xanım Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov açaraq görkəmli alimin həyat və fəaliyyəti barədə məruzə etmişdir. Rayon rəhbəri qeyd etmişdir ki, Zərifə xanım Əliyeva həm müasir  müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətənimizin, xalqımızın tərəqqisinə həsr etmiş dahi şəxsiyyət-ulu öndər Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı kimi, həm də müasir Azərbaycanın lideri olan möhtərəm Prezidentimiz cənab İlham Əliyevi dünyaya gətirmiş, onu insanlığın ən yüksək dəyərləri ilə tərbiyə etmiş bin ana kimi xalqımız üçün misilsiz şəxsiyyətdir.
Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 23-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şaxtaxtı kəndində  görkəmli ictimai-siyasi və elm xadimi Əziz Əliyevin   ailəsində anadan olmuşdur.
Əziz Əliyevin sənətini davam etdirən uşaqlarının arasında Zərifə xanım xüsusi yer tutur. 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə qəbul olunmuş və 1947-ci ildə institutu bitirdikdən sonra  Oftalmologiya Elmi-Tədqiqat İnstitutunda  fəaliyyətə başlamışdır. 1950-ci ildə Zərifə xanım aspiranturaya daxil olmuşdur. 1953-cü ildə oranı bitirdikdən sonra 1957-ci ilə qədər Oftalmologiya Elmi-Tədqiqat İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır. O illərdə Azərbaycanda traxoma xəstəliyi yayılmışdı. Zərifə xanım  xəstəliklə mübarizənin təşkilində və müalicə-profilaktika tədbirlərində fəal iştirak edirdi. Bu gərgin əməyin nəticəsi o oldu ki, traxoma praktiki olaraq ləğv edildi.
1960-cı ildə Zərifə xanım  namizədlik dissertasiyası müdafiə etdi. 1967-ci ildə Zərifə xanım atasının-professor Əziz Əliyevin rəhbərlik etdiyi və onun adını daşıyan Səhiyyə Nazirliyinin Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunur. Zərifə xanım elmi-tədqiqatlarını inadla davam etdirir. 1977-ci ildə Zərifə xanıma tibb elmləri doktoru dərəcəsi verilir. Bir il sonra Zərifə xanım Əliyeva Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə  İnstitutu oftalmologiya kafedrasına professor, 1983-cü ildə isə kafedranın müdiri seçilir. Elə ilk gündən Zərifə xanım elmi-tədqiqat işlərinin təşkili, kadrların və elmi işçilərin hazırlanması məqsədilə öz ətrafına istedadlı gəncləri  topladı. 1979-cu ildə Azərbaycan Elmlər Akademiyası Ə. Qarayev adına Fiziologiya İnstitutunda Zərifə xanımın təşəbbüsü ilə görmə orqanının fiziologiyası və professional patologiyası problemi ilə məşğul olan laboratoriya açıldı. 1981-ci ildə oftalmologiyanın inkişafını zənginləşdirən görmə orqanının patologiyası sahəsində aparılmış elmi-tədqiqatların nəticəsinə görə Zərifə xanım Əliyeva ən yüksək mükafata-akademik Averbax adına SSRİ Tibb Elmləri Akademiyasının mükafatına layiq görülmüşdür. Qeyd etmək lazımdır ki, Zərifə xanım Əliyeva bu mükafata layiq görülmüş ilk alim qadın idi.  
Zərifə Əziz qızı Əliyeva yaddaşlarda gözəl alim, müdrik insan, ləyaqətli ziyalı, sədaqətli ömür yoldaşı, qayğıkeş ana kimi əbədiləşib. Akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini yad etdikcə bu parlaq şəxsiyyətin  elmimizə, səhiyyəmizə, milli-mənəvi varlığımıza bəxş etdiyi dəyərləri təkrarən dərk edir, onun ölməz ruhu qarşısında bir daha baş əyirik. Zərifə xanımın ruhunun sönməz işığı və onun xoş xatirəsi daim insanların qəlbində yaşayır və bundan sonra da  yaşayacaqdır.
Sonda dünya şöhrətli alim, akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.

Keçidlər