Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağı keçirilmişdir

25 aprel 2015 | 15:00

Ölkədə dövlət quruculuğu siyasətinin uğurla davam etdirilməsi yerli özünüidarəetmə  orqanlarının ictimai-siyasi həyata daha yaxından inteqrasiya  etməsinə səbəb olmuş, bələdiyyələrin maliyyə, iqtisadi və kadr potensialının təkmilləşdirilməsinə xidmət edən qanunların qəbul edilməsi onların gələcək inkişafı üçün möhkəm zəmin yaratmışdır. Ötən ilin dekabr ayında şəffaf və demokratik şəkildə keçirilmiş bələdiyyə seçkiləri nəticəsində bələdiyyə üzvlərinin keyfiyyət tərkibinin gücləndirilməsi yerli özünüidarəetmə institutunun daha da möhkəmləndirilməsinə xidmət etmişdir. Son illər ərzində bələdiyyələr əhalini narahat edən problemlərin həllinə yönəlmiş sosialyönümlü layihələr həyata keçirmiş,  «Bir bələdiyyə-azı bir layihə» təşəbbüsü çərçivəsində sosial məsələlərin həlli sahəsində fəallıq göstərmiş, diqqət çəkən nəticələr əldə etmişlər.
Bələdiyyələr tərəfindən yerli əhəmiyyətli məsələlərin həllində ötən beş il ərzində görülmüş işlərin müzakirə olunması və qarşıda duran vəzifələrin müəyyən edilməsi məqsədilə aprelin 25-də şəhərimizdə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının (AKBMA) növbəti ümumi yığıncağı keçirilmişdir. Yığıncaq iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər.
Yığıncaqda Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Əli Mehdiyevin və nəzarət-təftiş komissiyasının sədri Rəsul Məmmədovun hesabatları dinlənilmişdir. Naxçıvan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Tofiq Babayev, Sabirabad rayon Qasımbəyli bələdiyyəsinin sədri Cəmil Məmmədov, Beyləqan rayon Təzəkənd bələdiyyəsinin sədri Dilarə Hüseynova, Abşeron rayon Məmmədli bələdiyyəsinin sədri Vaqif Nəbiyev və başqaları məruzə ətrafında çıxış etmişlər. Assosiasiyanın rəhbər orqanları seçilmiş, 2015–ci il üçün  assosiasiyanın büdcəsi təsdiq edilmişdir.
Əli Mehdiyev yenidən AKBMA-nın sədri seçilmişdir.   
İşgüzar şəraitdə keçən yığıncaqda görülmüş işlərlə yanaşı, 2014-cü ilin iyun ayında keçirilmiş  bələdiyyə sədrlərinin III ümumrespublika toplantısında vəzifələrin yerinə yetirilməsi vəziyyəti, o cümlədən əhalini narahat edən  problemlərin həllinə yönəldilən sosialyönümlü layihələrin həyata keçirilməsi, vətəndaşların yerli özünüidarəetmə proseslərində bilavasitə iştirakı, əhali qarşısında hesabatlılıq və şəffaflığın artırılması, vətəndaş bələdiyyə münasibətlərinin, bələdiyyələrin iqtisadi və maliyyə potensialının gücləndirilməsi, yeni seçilmiş bələdiyyə üzvlərinin maarifləndirilməsi, bələdiyyə qulluqçularının düzgün seçilib yerləşdirilməsi tədrisi və s. məsələlər müzakirə olunmuşdur.
Bələdiyyələrin iqtisadi və maliyyə potensialının gücləndirilməsi, vergitutma obyektlərinin və vergi ödəyicilərinin dürüst uçotunun aparılması işinin təşkilində bələdiyyələrə kömək göstərilməsi məqsədilə «Bələdiyyələrdə vergitutma obyektlərinin və vergi ödəyicilərinin uçotu proqramı»nın təqdimatı keçirilmişdir.
Ümumi yığıncaqda Azərbaycan Respublikası Prezident Administrasiyası Regional  idarəetmə  və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin sektor müdiri Kamran Bayramov, Milli Məclisin üzvü Rüstəm Xəlilov, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəis müavini Fazil Məmmədov iştirak və çıxış etmişlər.
Tədbirdə Azərbaycan şəhər və qəsəbə bələdiyyələrinin milli assosiasiyalarının sədrləri Əbülfəz Babayev, Hümbət Hüseynov, habelə qeyri-hökumət təşkilatlarının təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak etmişlər.

Keçidlər