Ətcələr kəndində «mavi alov» şölələndi
Aprelin 18-də Ətcələr kənd tam orta məktəbinin həyətində əsl qələbəlik vardı. Bayram əhval-ruhiyyəsi hökm sürürdü. İdarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar, kənd sakinləri buraya toplaşmışdılar. Bu heç də təsadüfi deyildi. Həmin gün kəndə təbii qaz verilməsi münasibətilə tədbir keçirilirdi.
Mərasimi giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov açaraq qazın verilməsi münasibətilə kənd sakinlərini təbrik etmiş, onlara xoş arzularını yetirmişdir. Rayon rəhbəri bildirmişdir ki, bugünkü yüksəliş, inkişaf, tərəqqi ulu öndər Heydər Əliyevin dövlətçilik ənənələrinin onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Möhtərəm Prezidentimizin rəhbərliyi altında ölkəmizin hər yerində olduğu kimi, regionlarda da iqtisadi inkişaf uğurla davam etdirilir. Bu gün kəndlərimizin qazlaşdırılması da həyata keçirilən mühüm iqtisadi islahatların tərkib hissəsidir. Bütün bunlar isə əhalinin sosial durumunun yaxşılaşdırılmasına stimul verir. Rayonumuzun digər kəndlərinə də qazın verilməsinə nail olunacaqdır.
Rayon rəhbəri daha sonra möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu siyasəti sayəsində həyata keçirilən digər tədbirlərdən, sosial problemlərin həlli istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələrdən də danışmışdır.
«Azəriqaz» İstehsalat Birliyi ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı İbrahim Kərbalayev çıxışında bildirmişdir ki, qazlaşma prosesi bundan sonra da davam edəcəkdir. Hazırda Sabirabadın digər kəndlərində də bu istiqamətdə işlər görülür.
Kənd sakinləri adından Ətcələr kənd tam orta məktəbinin direktoru Novruzəli Babayev çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılova, eləcə də qazın çəkilməsində xidməti olanlara minnətdarlığını bildirmişdir.
Alqış sədaları altında məktəbin həyətində «mavi alov» şölələnmişdir.
Mərasim iştirakçıları kənd sakini Seyidəhməd Sadıqovun sevincinə şərik çıxmışlar.
Kənd sakinləri adından ölkə Prezidentinə təşəkkür teleqramı ünvanlanmışdır.