Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda I rübün yekunları müzakirə olunmuşdur

15 aprel 2015 | 15:00

Aprelin 15-də rayon Mədəniyyət evində Azərbaycan Prezidenti cənab İlham Əliyevin  Nazirlər Kabinetinin geniş iclasındakı nitqindən irəli gələn vəzifələrə, I rübdə rayonumuzun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaq keçirilmişdir. Yığıncağa RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə qurumlarının sədrləri, ictimai təşkilatların və mətbuat nümayəndələri dəvət olunmuşdular.
Tədbiri  giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov açaraq  yığıncağın məqsəd və məramından danışmışdır.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov cari ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə hesabat məruzəsi ilə çıxış etmişdir.
Məruzə ətrafında  Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Əziz Mikayılov, «Su-kanal» İdarəsinin rəisi Xaləddin Şahbazov, rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Vüsal Talıblı çıxış edərək rəhbərlik etdikləri sahələrin fəaliyyəti barədə məlumat vermişlər.
Respublikamızda olduğu kimi, Sabirabad rayonunda da cari ilin birinci rübündə bütün sahələrdə inkişaf təmin olunmuş, sosial infrastruktur layihələrin həyata keçirilməsi istiqamətində tədbirlər görülür.
Əhalinin məşğulluğunu təmin etmək məqsədilə yeni iş yerlərinin açılması sahəsində həyata keçirilən tədbirlər nəticəsində cari ilin birinci rübündə 15 yeni müəssisə yaradılmış, 418 yeni iş yeri açılmışdır ki, bunun da 392-si daimi, 26-sı isə müvəqqəti iş yerləridir.
Ötən il rayonda xeyli abadlıq-quruculuq işləri görülmüşdür. Cari ildə də bu istiqamətdə işlər davam etdiriləcəkdir. Bununla bağlı sənədlər hazırlanır və yaxın günlərdə nəzərdə tutulan işlərə başlanılacaqdır. Şəhərin Heydər Əliyev prospektində yerləşən 23 saylı ikimərtəbəli, İlham İsgəndərov küçəsində yerləşən 1, 1a, 2, 4 və 5 saylı beşmərtəbəli yaşayış binalarında əsaslı təmir işlərinin aparılması, küçə və səkilərin təmir olunması, işıqlandırma sistemlərinin quraşdırılması və digər tədbirlərin görülməsi planlaşdırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2015-ci il tarixli Sərəncamına əsasən 2015-ci il Azərbaycan Respublikasında «Kənd təsərrüfatı ili» elan edilmişdir. Bununla bağlı tədbirlər planı təsdiq olunmuşdur. Tədbirlər planında əkinçilikdə  yeni texnologiyaların tətbiqi, məhsul istehsalçılarına verilən yardımların sistemləşdirilməsi, «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən toxumların, texnoloji avadanlıqların, mineral gübrələrin, cins damazlıq heyvanların satılması şərtlərinin təkmilləşdirilməsi, regionlarda aqroparkların yaradılması, satış yarmarkalarının təşkili, kiçik emal müəssisələrinin yaradılması, toxum fondunun fəaliyyətinin təmin olunması, iri fermer təsərrüfatlarının yaradılması, istifadə olunmayan torpaqlardan səmərəli istifadə edilməsi, kənd təsərrüfatı idarələrinin təşkili, sığorta mexanizminin təkmilləşdirilməsi və digər tədbirlər nəzərdə tutulmuşdur. Bu sahədə rayonumuzda da müəyyən işlər görülür.
Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. 2015-ci ilin məhsulu üçün ötən il 23064 hektar sahədə taxıl əkilmişdir ki, bundan 11937 hektarı buğda, 11127 hektarı isə arpa sahəsi olmuşdur. Cari ilin 1 aprel tarixinə 1359 hektar tərəvəz, 1303 hektar bostan, 1272 hektar kartof, 4400 hektar sahədə təzə yonca əkini aparılmışdır. Hazırda yaz əkin kampaniyası davam etdirilir.
Toxumçuluğun inkişafı ilə bağlı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şəhadətnaməsini almış 5 təsərrüfat fəaliyyət göstərir. İri taxılçılıq təsərrüfatlarının  yaradılması üçün 5 min hektar sahə ayrılmışdır. Meliorasiya və irriqasiya işlərinin aparılması məqsədilə Azərbaycan Respublikası Dövlət Layihə İnstitutunun mütəxəssisləri ərazidə olmuş və layihələşdirmə işlərinə başlanılmışdır.
Bitkiçiliyin inkişafında  və məhsuldarlığın artırılmasında torpaqların suvarılması və digər meliorativ tədbirlərin görülməsi mühüm əhəmiyyət kəsb edir. Son illər bu sahədə də rayonda xeyli iş görülmüşdür. Cari ilin birinci rübündə ümumilikdə meliorasiya təşkilatları tərəfindən 317 km-dən çox su kanalları, 95 km olan dren-kollektor şəbəkəsi lildən təmizlənmişdir. 6 hidrotexniki qurğuda əsaslı, 66-da cari təmir işləri aparılmışdır.
Dövlət torpaq fondu hesabına yaradılacaq özəl iri taxılçılıq təsərrüfatlarının ərazisinin suvarılması və eyni zamanda Bala Həşimxanlı, Sarxanbəyli və digər kəndlərin əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə Azadkənd kəndi ərazisində Kür çayı üzərində yaradılacaq nasos stansiyası vasitəsilə uzunluğu 12 km olan «H» kanalının çəkilişi İnvestisiya Proqramına daxil edilmiş və yaxın zamanda bu işlərə başlanılacaqdır.
Sabirabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən həmin dövrdə rayonun inzibati ərazisində meşə əkini üçün 30 hektar torpaq sahəsi hazırlanmış, 0,80 hektar sahədə toxum səpilərək tinglik sahəsi salınmışdır.
Əhalini dayanıqlı elektrik enerjisi ilə  təmin etmək məqsədilə müəyyən işlər həyata keçirilir. «Azenko» tərəfindən rayonun Muradbəyli, Nizami, Şəhriyar, Xəlfəli, Qaratəpə və Əhmədabad kəndlərində elektrik təsərrüfatında yenidənqurma işləri aparılır. 10/04 kv-luq  yarımstansiyalar yenidən qurulur, istismara yararsız dayaqlar yenisi ilə əvəz olunur, SİP kabel çəkilir və «Smart» kart tipli sayğaclar quraşdırılır. Cari ildə 500 ədəd «Smart» kart tipli sayğac quraşdırılmışdır. Hazırda 14442 abonent «Smart» kart tipli sayğacdan istifadə edir.
Rayonda əhalinin təbii qazla təminatını yaxşılaşdırmaq məqsədilə müəyyən tədbirlər həyata keçirilir. Ötən il rayonun Suqovuşan və Məmişlər kəndlərinə təbii qaz verilmişdir. İndi rayon mərkəzi daxil olmaqla 18 yaşayış məntəqəsi təbii qazla təmin olunmuşdur. Hazırda rayonun 17 kəndində qaz xəttinin çəkilişi aparılır. 6 kənddə, o cümlədən Axısxa, Kovlar, Ətcələr, Həşimxanlı, Azadkənd və Qəzli kəndlərində qaz xəttinin çəkilişində son tamamlama işləri görülür. Yaxın vaxtlarda həmin kəndlərə təbii qazın verilməsi nəzərdə tutulmuşdur. 11 kənddə- Bulaqlı, Dadaşbəyli, Axtaçı-Muğan, Əsədli, Qəfərli, Qaralı, Balvar, Güdəcühür, Qaratuğay, Osmanlı və Poladtoğay kəndlərində qaz xətti çəkilişi aparılır. Yaxın gələcəkdə digər kəndlərə də təbii qazın verilməsi nəzərdə tutulmuşdur. Cari ilin birinci rübündə görülən işlər nəticəsində 357 abonentə təbii qaz verilmiş və hazırda abonentlərin sayı 14323-ə çatmışdır.
Sabirabad şəhərinin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədilə Hacıqabul rayonunun Talış kəndi ərazisində yerləşən Talış Qrup Su Kəmərləri İdarəsindən Sabirabad şəhərinə su xəttinin çəkilişi başa çatdırılmışdır. Şəhərin müəyyən hissəsinə Talış Qrup Su Kəməri vasitəsilə gələn içməli su verilir. Hazırda 4700 abonent standartlara uyğun içməli su ilə təmin olunur. Şəhərin digər ərazisində su xətti çəkilişi davam etdirilir. Əhalinin fasiləsiz içməli su ilə təmin olunması üçün hər birinin tutumu 5 min kubmetr olan 2 su anbarının tikintisi başa çatmaq üzrədir.
Təhsil sahəsində təhsilin səviyyəsinin və təlim-tərbiyənin  yüksəldilməsi istiqamətində müəyyən işlər görülmüşdür. Ümumtəhsil məktəblərinin əsas vəzifəsi şagirdlərə elmlərin əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin etməkdir. Xüsusi istedada malik uşaqların aşkar olunması və  onların yaradıcılıq potensialının inkişafı üzrə işlər cari ilin birinci rübündə də davam etdirilmişdir. Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar keçirilən Azərbaycan dili fənni üzrə  respublika inşa yazı müsabiqəsinin yekun mərhələsində rayonun Şıx Salahlı kənd tam orta məktəbinin IX sinif şagirdi Heydərli Nəzrin Rövşən qızı iştirak etmişdir. Yanvar ayında məktəblilər arasında fənn olimpiadalarının rayon turu keçirilmiş, qalib gəlmiş 2 nəfər aprel ayının 18-də respublika turunda iştirak edəcəkdir.
Təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də tədbirlər həyata keçiriləcəkdir. Yaxın günlərdə 432 şagird yerlik Moranlı və 360 şagird yerlik Yaxa Dəllək tam orta məktəblərinin tikintisinə başlanılacaqdır. Məktəblərdə cari təmir işlərinin aparılması, yeni inventar və avadanlıqların alınması planlaşdırılmışdır. Rayon mərkəzində yerləşən 140 yerlik körpələr evi- uşaq bağçasında  əsaslı təmir işlərinə başlanmışdır.
Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması, tibb müəssisələrinin fəaliyyətinin səmərəliliyinin artırılması sahəsində ölkəmizdə genişmiqyaslı işlər aparılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən sırf sosial məna daşıyan əhalinin dispanserizasiya proqramı rayonda ötən il olduğu kimi, bu il də uğurla davam etdirilir. 2015-ci il fevral ayının 2-dən may ayının 2-dək əhalinin icbari tibbi müayinədən keçirilməsi işlərinə mütəşəkkil qaydada başlanılmışdır. Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə bu məqsədlə xüsusi komissiya yaradılmış, Mərkəzi Rayon Xəstəxanasında, rayon Poliklinikasında, Qaratəpə, Nizami, Yaxa Dəllək, Axtaçı-Muğan, Axısxa, Qəzli kənd sahə xəstəxanalarında və Moranlı kənd həkim məntəqəsində əhalinin tibbi müayinədən keçirilməsi üçün lazımi şərait yaradılmış, tibbi müayinə məntəqələrinə ixtisaslı həkimlər cəlb edilərək tibbi müayinə avadanlıqları ilə təchiz olunmuşdur.
Yaradılmış məntəqələrdə əhalinin tibbi müayinəsini terapevt, cərrah, oftalmoloq, mama-ginekoloq, nevropatoloq, endokrinoloq, kardioloq, qulaq-burun-boğaz həkimləri həyata keçirirlər. Məntəqələrə müayinəyə gələ bilməyən yaşlı və xəstə vətəndaşların müayinəsi yaşadıqları mənzildə səyyar briqadalar tərəfindən həyata keçirilir.
Tibbi müayinəyə cəlb olunması nəzərdə tutulmuş əhalinin sayı 112026 nəfər müəyyənləşdirilmiş, həmin müddət ərzində  63584 nəfər tibbi müayinədən keçirilmişdir. Müayinə nəticəsində xəstə olduğu aşkar olunmuş 1823 nəfər ambulator müalicəyə, 502 nəfər isə Mərkəzi Rayon Xəstəxanasının müvafiq şöbələrində stasionar müalicəyə cəlb edilmişdir. Ciddi xəstəliyi olan 139 nəfər Bakı şəhərində profilinə uyğun klinikalara göndərilmişdir.
Mədəniyyət və Turizm Şöbəsi əhalinin asudə vaxtının, kitabxana və muzey xidmətinin təşkili, maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində müəyyən işlər görmüşdür. Müasir tələblərə cavab verən rayon Mədəniyyət evində əsaslı təmir işləri başa çatmışdır. Nizami kənd mədəniyyət evi əsaslı təmir olunmuşdur. Bir sıra kənd mədəniyyət evlərində, klub və kitabxanalarda da əsaslı və cari təmir işləri aparılacaqdır. Yeni inventar və avadanlıqların alınması nəzərdə tutulmuşdur.
İctimai asayişin qorunması, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətlərin qarşısının alınması və onların açılması sahəsində rayonun hüquq-mühafizə və digər əlaqədar orqanları tərəfindən xeyli iş görülmüşdür.
Ötən dövr ərzində rayon ərazisində 64 cinayət hadisəsi qeydə alınmışdır ki, onların açılması 92,2 faiz təmin olunmuşdur.
Respublikada gənc və yeniyetmələr həmişə diqqət və qayğı ilə əhatə olunurlar. Respublika Prezidentinin 2011-ci il 6 aprel tarixli sərəncamı ilə təsdiq edilən «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə» Dövlət Proqramı gənclərin daha böyük uğurlar qazanmasına əsas verir. Dövlət Proqramında nəzərdə tutulan  tədbirlər uğurla həyata keçirilir. Rayon Gənclər və İdman İdarəsi tərəfindən gənclər və idman sahələri üzrə 16 müxtəlif tədbir keçirilmiş, ümumilikdə 1758 nəfər yeniyetmə və gənc bu tədbirlərdə  iştirak etmişdir.
İdmanın kütləviliyinin artırılması, uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlığının möhkəmləndirilməsi, Olimpiya İdman Kompleksindən və mövcud olan digər idman obyektlərindən səmərəli istifadə olunması üçün qarşıya mühüm vəzifələr qoyulmuşdur. Olimpiya İdman Kompleksində əlamətdar günlərə həsr olunmuş müxtəlif idman yarışları təşkil edilmişdir. Qaliblərə  diplom və mükafatlar verilmişdir. Şirvan şəhərində keçirilən 2001-2002-ci il təvəllüdlü oğlanlar arasında voleybol idman növü üzrə ölkə birinciliyinin zona yarışında Sabirabad rayon komandası birinci yerə layiq görülmüş və final yarışına vəsiqə qazanmışdır.
Bu ilin iyunun 12-dən 28-nə kimi ilk dəfə olaraq Bakı Avropa Oyunları keçiriləcəkdir. 6 may 2015-ci il tarixdə Bakı Avropa Oyunları çərçivəsində Sabirabad şəhərinə oyunların məşəli gətiriləcək və genişmiqyaslı tədbir keçiriləcəkdir. Bununla bağlı rayonda hazırlıq işləri görülür.
Hesabat dövründə də rayon İcra Hakimiyyəti vətəndaşların qəbullarına, onların ərizə və şikayətlərinə vaxtında baxılmasına böyük önəm vermişdir. Cari ilin birinci rübündə rayon İcra Hakimiyyətinə vətəndaşlardan 476 təklif, ərizə və şikayət daxil olmşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 138 ədəd azdır.
Həmin dövrdə RİH başçısı tərəfindən 360 nəfər vətəndaş qəbul edilmiş, RİH başçısının inzibati ərazi dairələrində 11 görüşü keçirilmiş, bu görüşlərdə 33 nəfər  (ümumi iştirak edənlərin sayı 1353 nəfər) müxtəlif sahələrdəki problemlərlə bağlı məsələ qaldırmışdır. Təkliflərlə əlaqədar aidiyyatı üzrə tapşırıqlar verilərək müvafiq şöbələr tərəfindən nəzarətə götürülmüş, həlli rayonun səlahiyyəti və imkanları xaricində olan məsələlər yuxarı orqanlar və qurumlar qarşısında qaldırılmışdır.
Yığıncağa rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov yekun vuraraq qarşıda duran vəzifələrdən danışmışdır. O, əminliklə bildirmişdir ki, vəzifələrin uğurlu icrası üçün sabirabadlılar bundan sonra da maksimum səy göstərəcəklər.

Keçidlər