Şriftin ölçüsü :

Saytın rəngi :

31 Mart-Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Sabirabadda ümumrayon anım tədbiri

31 mart 2015 | 15:00

Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdikləri  soyqırımından 97 il ötür. Ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da soyqırım qurbanlarının xatirəsi dərin ehtiramla yad edilmişdir. Bu münasibətlə ayrı-ayrı yerlərdə, müəssisələrdə silsilə tədbirlər keçirilmişdir.
Martın 31-də rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov başda olmaqla  aparatın məsul işçilərinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ictimaiyyətin nümayəndələrinin, tələbələrin iştirakı ilə Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş ümumrayon anım tədbiri keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə rayonumuzdakı 31 Mart Azərbaycanlıların soyqırımı qurbanlarının  xatirəsinə ucaldılmış abidəni və Şəhidlər xiyabanını ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər. Soyqırım qurbanlarının, şəhidlərin ruhuna dualar oxunmuşdur.
Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilmişdir. Öncə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində  sərgilənən erməni vandalizmini, daşnakların vəhşiliyini əks etdirən   arxiv materialları, tarixi sənədlər və  fotostendlərlə tanış olmuşlar.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov açdıqdan sonra soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Qalaqayın kənd tam orta məktəbinin tarix müəllimi Vüqar Fərzəliyevin 31 Mart- Azərbaycanlıların Soyqırımı Günü  ilə bağlı  məruzəsi dinlənilmişdir. O, xalqımızın başına gətirilən müsibətlər, erməni cəlladlarının törətdikləri vəhşiliklər,  Azərbaycanlıların soyqırımı barədə xronoloji ardıcıllıqla ətraflı məlumat vermişdir.
1948-50-ci illərdə Qərbi Azərbaycandan deportasiya olunmuş, hazırda Suqovuşan kəndində yaşayan Əsəd Həsənov, Füzuli rayonundan məcburi köçkün Əbdül Cəfərov, Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin tələbəsi Gülay İbadova tədbirdə çıxış etmişlər.
Məruzə və çıxışlarda qeyd edilmişdir ki, son 200 il ərzində bir milyondan artıq  azərbaycanlı ermənilər  və onların havadarları tərəfindən    qətlə yetirilmişdir. 2 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün düşmüşdür.
«Böyük Ermənistan» xülyası ilə yaşayan ermənilər ən alçaq və rəzil üsullardan istifadə edərək zaman-zaman soydaşlarımızı öz doğma tarixi etnik torpaqlarından zorla çıxarmışlar. Ermənistan Qərbi Azərbaycan torpaqları üzərində təşəkkül tapmışdır. 1905-1918-ci illərdə erməni quldurlarının törətdikləri qanlı faciələr və talanlar, 1948-53-cü illərdə soydaşlarımızın  öz dədə-baba torpaqlarından deportasiya edilməsi, 1988-ci ildən başlayaraq Ermənistanda, Dağlıq Qarabağ və onun ətraf rayonlarında həmvətənlərimizin başına gətirilən vəhşiliklər və əzəli torpağımız olan Qarabağın işğal edilməsi xalqımıza qarşı məkrli erməni siyasətinin qanlı səhifələrindəndir.
1918-ci ilin martında erməni daşnakları Bakıda və Azərbaycanın digər yerlərində qırğınlar törətmişlər. Təkcə Bakıda və onun ətraf kəndlərində 30 min nəfər  azərbaycanlı, digər ərazilər də daxil olmaqla bütövlükdə 50 min nəfərə yaxın soydaşımız vəhşicəsinə qətlə yetirilmişdir. Bunların xeyli hissəsi uşaq, qadın və qocalardan ibarət idi. Erməni silahlı qüvvələri Azərbaycanın digər yerlərində də qırğınlar törətmişlər. Belə ki, Şamaxı qəzasının  bir sıra kəndləri yandırılaraq  8 mindən çox adam öldürülmüşdür. Xaçmazda, Naxçıvanda, Zəngəzurda, Lənkəranda, Qarabağda, Qubada və digər yerlərdə  kəndlər  yerlə yeksan edilmiş, soydaşlarımız vəhşicəsinə qətlə yetirilmişdir. Qubadakı kütləvi məzarlıq, Xocalı faciəsi ermənilərin və onların əlaltılarının xalqımıza qarşı  yeritdikləri soyqırım siyasətini bir daha təsdiqləyir.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov tədbirdə çıxışı zamanı bildirmişdir ki, xalqımıza qarşı həyata keçirilən soyqırımlar yalnız ötən əsrin sonlarında ulu öndər Heydər Əliyev  tərəfindən  verilmiş tarixi fərmanla siyasi- hüquqi qiymətini almışdır. Ulu öndər  Heydər Əliyevin  1998-ci il 26 mart tarixli fərmanı ilə 31 Mart- Azərbaycanlıların Soyqırımı Günü    elan edilmişdir.
Rayon rəhbəri eyni zamanda vurğulamışdır ki, ermənilərin tarixi cinayətlərinin obyektiv mənzərəsinin yaranmasının, onların işğalçılıq, soyqırım, etnik təmizləmə siyasətinin bütün dünyaya bəyan edilməsinin, dünya ictimaiyyətinə çatdırılmasının müstəsna əhəmiyyəti vardır. Bu istiqamətdə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva böyük iş görür. Artıq dünyanın bir sıra ölkələrində Xocalı soyqırımı tanınmışdır. Bu gün bizim əsas məqsədimiz ermənilərin tarixi cinayətlərini, onların xalqımızın başına gətirdikləri müsibətləri unutmamaqdır. Biz bunu hər zaman diqqətdə saxlamalıyıq. Bunları gələcək nəsillərə çatdırmalıyıq. Bunun üçün bizim hər birimizin üzərinə mühüm vəzifələr düşür. Torpaqlarımızın erməni işğalından azad olunması üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşməliyik.

Keçidlər