Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda Novruz şənliyi keçirilmişdir

18 mart 2015 | 16:00

Xalqımızın həyat və məişətində ən əziz, ən sevimli mərasimlərdən biri, bəlkə də birincisi Novruz bayramıdır. Əsl yeni il bayramı olan Novruzun mənası da elə «təzə gün» deməkdir. Novruz həm də xalqımızın ən gözəl adət-ənənələrini, fəlsəfi düşüncəsini, mədəniyyətini, mənəvi, əxlaqi keyfiyyətlərini əks etdirən müqəddəs, ülvi bir bayram, ümumxalq şənliyidir.
Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da bu bayram böyük təmtəraq, yüksək coşqu ilə qeyd edilmişdir. Şəhərimiz başdan-başa bayram libası geyinmişdi. Novruzun gəlişini əks etdirən rəngarəng plakatlar şəhərimizə xüsusi yaraşıq, gözəllik verirdi.
Martın 18-də Novruz bayramı ilə əlaqədar xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan istirahət parkında böyük izdiham, təntənə vardı. Şən və oynaq musiqi sədaları ətrafa yayılırdı.
Tədbirdən öncə ulu öndər Heydər Əliyevin şəhərimizin mərkəzində ucaldılmış abidəsi ziyarət edilmiş, önünə gül-çiçək dəstələri düzülmüşdür.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov başda olmaqla hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərlərinin, ağsaqqalların, ictimaiyyətin nümayəndələrinin, gənclər və məktəblilərin Heydər Əliyev adına istirahət mərkəzinə gəlişi parkın gözəlliyini sanki birə-beş  artırmışdı. Park Novruzun nazlı gəlini hesab edilən səmənilərə, gül-çiçəyə, yaşıllığa bürünmüşdü. Burada qədim dövrlərdə məişətdə istifadə edilən əşyalar sərgilənirdi. Parkın müxtəlif yerlərində xalqımızın milli adət-ənənələrini əks etdirən sənətkarlıq nümunələri nümayiş etdirilirdi. Toy-düyünlü baharın gəlişi qəlblərə sevinc, arzulara qol-qanad verirdi.
Musiqiçilər, aktyorlar, məktəblilər, körpə balalar bahar, doğma ocaq, təbiət haqqında şeirlər söyləyir, mahnılar ifa edirdilər. Folklor ansambllarının, özfəaliyyət kollektivlərinin çıxışları rəğbətlə qarşılanırdı. Milli geyimli oğlan və qızlar, gül ətirli balalar rəqs edirdilər.
Rayonumuzu əhatə edən ərazi nümayəndəliklərində yaşayan sakinlərin əl işləri və onların bişirdikləri milli xörəklər nümayiş etdirilirdi. Güləşçilər, pəhləvanlar, karateçilər öz məharətlərini göstərirdilər. Həvəskarlar xoruz döyüşdürürdülər. Tədbir iştirakçıları uşaqların yumurta döyüşdürməsinə də maraqla baxırdılar.
Budur, bayramsayağı bəzədilmiş faytonda gələn Günəşin sevdalı qızı Bahar bayram xonçası ilə məclisə təşrif buyurur.
Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Novruz tonqalını alovlandırır. Novruzun əsas personajları olan Kosa və Keçəl öz məzəli, duzlu əhvalatları ilə şənliyə gələnlərə xoş ovqat bəxş edirlər. Onlar rayon rəhbəri ilə yumurta döyüşdürdülər.
İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov bayram münasibəti ilə təbrik nitqi söyləmişdir. O qeyd etmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi dövründə, habelə ulu öndərin siyasi kursunu ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin başçılıq etdiyi hazırki vaxtda da xalqımız Novruz bayramını böyük təmtəraqla qeyd edir. Bolluğun, bərəkətin və xeyirxahlığın simvolu olan Novruz bayramı artıq 6 ildir ki, YUNESKO tərəfindən beynəlxalq səviyyədə qeyd edilir. Bütün bunlar Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoş məramlı səfiri, millət vəkili Mehriban Əliyevanın mədəniyyətimizin inkişafı üçün fədakarlığı sayəsində mümkün olmuşdur. Məhz onun təşəbbüsü ilə 2009-cu ilin sentyabrında Novruz bayramı Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilmişdir. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi isə hər il martın 21-ni Beynəlxalq Novruz Günü kimi qeyd etmək haqqında qərar çıxarmışdır.
Cənab Nazim İsmayılov çıxışında eyni zamanda rayon üçün ötən ilin ən tarixi hadisəsi olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayonumuza növbəti səfərini xüsusi vurğulamışdır. Qeyd etmişdir ki, dövlət başçısının rayonumuza ötən ilki səfəri hər bir sabirabadlıda xoş ovqat yaratmışdır. Möhtərəm Prezidentimizin dekabrın 15 və 16-da rayonumuzda olarkən 12 yaşayış məntəqəsini birlləşdirən 46 km-lik Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun, Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş 100 yerlik uşaq bağçasının, regional «ASAN xidmət» üçün 4 mərtəbəli möhtəşəm binanın, şəhərimizə çəkilən içməli su xəttinin açılış mərasimlərində, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilmiş Mədəniyyət evinin əsaslı təmirdən sonra təqdimatında iştirakı, ASAN Könüllülərinin I Ümumrespublika Forumunun ölkə başçısının rəhbərliyi ilə Sabirabadda Heydər Əliyev Mərkəzində keçirilməsi hər birimizdə böyük sevinc və fərəh hissi doğurmuşdur. Bu gün sabirabadlılar möhtərəm Prezidentimizin rayonumuza səfərinin xoş təəssüratları altında daha böyük nailiyyətlər qazanmaq əzmi ilə çalışırlar.
Rayon rəhbəri ölkə Prezidenti cənab İlham Əliyev başda olmaqla Azərbaycan xalqını və sabirabadlıları bayram münasibətilə təbrik etmiş, sevinc, səadət, xoşbəxtlik, bolluq, firavanlıq arzulamışdır. Bildirmişdir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin məqsədyönlü siyasəti ilə işğal altında qalan torpaqlarımız azad ediləcək, Novruz tonqallarını Qarabağda qalayacağıq.
Bayram süfrəsi arxasında keçən Novruz şənliyində respublikanın və rayonumuzun tanınmış incəsənət ustaları şən və oynaq mahnılar ifa etmişlər.
                                             ***
Novruz şənliyindən sonra Rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə ictimaiyyətin nümayəndələri rayonumuzun Qaratəpə kəndindəki N. saylı hərbi hissəyə baş çəkmiş, orada xidmət edənlərə bayram sovqatı çatdırmışlar.

Keçidlər