Şriftin ölçüsü :

Saytın rəngi :

8 Mart Beynəlxalq Qadınlar Günü rayonumuzda təntənəli şəkildə qeyd edilmişdir

06 mart 2015 | 16:00

8 Mart bəşəriyyətin ülvi bir varlığı olan qadına bəslədiyi məhəbbət və ehtiramı parlaq ifadə etdirən bayram kimi dünyada geniş qeyd olunur. Cəmiyyətimizin mədəni inkişaf səviyyəsinin yüksəldilməsində, xalqımızın  mənəvi dəyərlərinin formalaşmasında, inkişafında və qorunmasında  qadınların rolu əvəzsizdir. Böyük fitri istedadı, dərin zəkası və möhkəm iradəsi ilə seçilən  Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həllinə sanballı töhfələr vermişlər. Xalqımız qadına, anaya həmişə hörmətlə yanaşır.
Bəşəriyyətin hər bir ailənin dəyəri və bəzəyi olan qadınların şadlıq və gözəllik bayramı sayılan 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə rayonda keçirilən tədbirdə də qadınların cəmiyyətdə rolu yüksək dəyərləndirilmişdir. Rayonun qadınlarının bütün nəsillərindən olan nümayəndələrinin, müxtəlif sahələrdə çalışan ana və bacılarımızın, qızlarımızın, rəhbər vəzifəli şəxslərin, ictimaiyyətin nümayəndələrinin  toplaşdıqları «Kür-Araz» şadlıq sarayı martın 6-sı günü daha əzəmətli, daha təmtəraqlı görünürdü.
Bayram süfrəsi arxasında keçən musiqili-ədəbi tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin  başçısı Nazim İsmayılov açaraq bayram münasibətilə  qadınlarımızı təbrik etmişdir. Rayon rəhbəri Azərbaycan qadınının keçdiyi şanlı, şərəfli inkişaf yolundan, cəmiyyətimizdə qadınların tutduğu mövqedən danışmışdır. Vurğulamışdır ki, xalqımızın  ümummilli lideri Heydər Əliyev Azərbaycan qadınlarını yüksək dəyərləndirmiş, onlara daim qayğı göstərmişdir. Bu ənənə hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də yüksək səviyyədə davam etdirilir. Cənab Prezidentin müdrik və qətiyyətli siyasəti  sayəsində ölkəmiz gündən-günə inkişaf edir, çiçəklənir.  Bu şərəfli yolda qadınlarımız da əllərindən gələni əsirgəmirlər. Onlar ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunması, milli dövlətçiliyin  daha da möhkəmləndirilməsi, mədəniyyətimizin inkişaf etdirilməsi üçün var qüvvələrini sərf edirlər.
Rayon İcra Hakimiyyətinin başçısı xüsusilə vurğulamışdır ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın həm ölkə daxilində, həm də xaricdə sülh, dostluq, demokratiya və təhsilin inkişafı naminə  apardığı böyük işlər tariximizin parlaq səhifəsini təşkil edir. Mehriban xanım Əliyeva  səmərəli fəaliyyətinə, göstərdiyi xeyirxah əməllərinə görə Azərbaycan qadınlarının simvoluna çevrilmişdir.
Övladlarını Vətənə sədaqət, respublikamızın müstəqilliyinin  möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi uğrunda əzmkarlıq və qətiyyət göstərmək ruhunda  tərbiyə etmək, onları xalqa, cəmiyyətə layiq bir vətəndaş kimi yetişdirmək işində qadınlarımız öz üzərlərinə düşən ağır yükü şərəflə daşıyırlar.
Cənab Nazim İsmayılov  rayonun inkişafında qadınların şərəfli əməyindən söz açaraq vurğulamışdır ki, Sabirabad qadınları həmişə fəal olub,  müsbət keyfiyyətləri ilə nümunə göstəriblər. Bu gün cəmiyyətimizin əsas reallıqlarından biri qadınlarımızın fəal ictimai-siyasi həyata qoşulmasından ibarətdir. Onlar idarəetmə orqanlarında, ictimai-siyasi həyatda layiqincə təmsil olunurlar. Var qüvvələri ilə dövlətimizin, respublikamızın mövqeyinin möhkəmləndirilməsi uğrunda çalışır, rayonun tərəqqisi naminə səylərini əsirgəmirlər. İnanırıq ki, cəmiyyət qarşısında öz məsuliyyətlərini bütün dərinliyi ilə dərk edən qadınlarımız bundan sonra da müstəqil respublikamızın tərəqqisinə  böyük töhfələr verəcəklər. O Azərbaycanın birinci xanımı Mehriban Əliyeva başda olmaqla bütün qadınları  bir daha ürəkdən təbrik etmiş, onlara cansağlığı, xoşbəxtlik, səadət, işlərində uğurlar arzulamışdır.
Adil İsgəndərov adına rayon xalq teatrının rejissoru Seyidməmməd Əliyevin  aparıcılığı ilə keçən rəngarəng, şən mahnılarla, rəqslərlə  davam edən tədbirdə şəhid anası Gülbacı Həmidova, YAP rayon qadınlar şurasının sədri Məleykə Həsənova və başqaları çıxış edərək Azərbaycan qadınının ağlı, zəkası, hər şeydən əvvəl yüksək analıq xüsusiyyətləri, müdrikliyi, sədaqəti, qəhrəmanlığı və digər müsbət keyfiyyətləri barədə dəyərli fikirlər söyləmiş,  ölkəmizdə qadınlara göstərilən qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sonda rayonun ictimai-siyasi  həyatında fərqlənən qadınların bir qrupuna rayon İcra Hakimiyyətinin və YAP Sabirabad rayon təşkilatının Fəxri fərmanları, qiymətli hədiyyələri təqdim edilmişdir.

Keçidlər