Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda Xocalı soyqırımının 23-cü ildönümü qeyd edilmişdir

26 fevral 2015 | 16:00

Xocalı soyqırımı qurbanlarının xatirəsi fevralın 26-da  rayon İcra Hakimiyyətinin akt zalında  keçirilmiş anım mərasimində  böyük ehtiram, dərin kədər hissilə qeyd edilmişdir. Rayonumuzda məskunlaşmış Xocalı sakinlərinin, rəhbər vəzifəli şəxslərin və  ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilmiş anım mərasimini  giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov  açdıqdan sonra  faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Rayon rəhbəri cənab Nazim İsmayılov  çıxışında qeyd etmişdir ki,  1992-ci il fevralın 25-dən 26-na keçən gecə  erməni silahlı qüvvələri keçmiş SSRİ-nin  Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi  heyəti və hərbi texnikasının  köməyi ilə qədim Azərbaycan şəhəri Xocalıya hücum etdilər. Şəhər yandırılaraq yer üzündən silindi. Xocalılar həmin genosid günündə belə özlərini əsl qəhrəman kimi aparmış, qeyri-bərabər döyüşdə son damla qanlarınadək  igidliklə vuruşmuş, bu şəhərin ölməzlik tarixini yaratmışlar. Bu soyqırım nəticəsində rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdür ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. 8 ailə tamamilə məhv edilmişdir. 25 uşaq hər iki valideynini itirmişdir. 487 nəfər  şikəst olmuşdur ki,  onlardan da 76-sı uşaqdır. Bundan əlavə 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür. İnsanlara misli görünməmiş əzab-əziyyətlər, işgəncələr verilmişdir.
Uzun müddət müharibə şəraitində düşmənlə üzbəüz mərdliklə vuruşan yerli əhalidən fərqli olaraq  hər bir vətəndaşının müdafiəsini təmin etməyə borclu olan respublikanın o zamankı rəhbərliyi tam fəaliyyətsizlik və  biganəlik göstərmiş, dünya ictimaiyyətini  vaxtında məlumatlandırmamış, eyni zamanda vəzifələrini itirəcəklərindən qorxaraq əsl həqiqəti xalqdan gizlətmiş, əsas diqqəti hakimiyyət uğrunda mübarizəyə yönəltmişdir. Müxalifətdə olanlar isə Xocalı faciəsindən, ümumxalq kədərindən hakimiyyətə gəlmək üçün istifadə etmişlər. Sonralar da Xocalı hadisələrindən erməni vəhşiliklərini ifşa etmək istiqamətində deyil, siyasi çəkişmələrdə istifadə olunmuşdur. Yalnız ümummilli lider Heydər Əliyev xalqın istəyi ilə hakimiyyətə yenidən gələndən sonra ilk dəfə olaraq Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilmişdir. Hazırda rayonumuzun ərazisində 14 Xocalı ailəsi yaşayır. O dəhşətli faciənin şahidləri indi də o günləri dərin kədər və qəzəb hissilə xatırlayır, Xocalıda ermənilərin dinc sakinlərə qarşı qeyri-insani hərəkətlərinə nifrətlərini bildirirlər.
Anım tədbirində Qəzli kənd tam orta məktəbinin tarix müəllimi Toğrul Qasımlı, rayon Polis Şöbəsi təhqiqat qrupunun təhqiqatçısı Raziyyəxanım Əliyeva çıxış edərək  Xocalı faciəsindən danışmış, soydaşlarımızı birliyə səsləmişlər.
Şəhriyar kənd tam orta məktəbinin müəllimi  şair Ərzuman Babaşov Xocalıya həsr etdiyi şeirini söyləmişdir.
Cənab Nazim İsmayılov yekun nitqində demişdir ki, Xocalı soyqırımı təkcə Xocalı camaatının deyil, bütövlükdə Azərbaycan xalqının, türk dünyasının faciəsidir. Xocalı soyqırımı  xalqımızın qan yaddaşıdır. Buna görə də biz Xocalı faciəsini unutmamalı, eyni zamanda bu faciənin türk millətinə, bəşəriyyətə qarşı yönəldilmiş erməni xəyanəti, erməni vəhşiliyi olması istiqamətində güclü təbliğat işi aparmalıyıq. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan dövlətinin bütün sülhsevər addımları, təşəbbüsləri, Ermənistan-Azərbaycan münaqişəsinin və Dağlıq Qarabağ probleminin həlli istiqamətində apardığı məqsədyönlü siyasət işğal edilmiş torpaqlarımızın  azad olunmasına, dövlətimizin ərazi bütövlüyünün bərpa edilməsinə, soydaşlarımızın, o cümlədən xocalıların öz doğma yurd-yuvalarına qayıdacaqlarına böyük ümid verir. Artıq dünyanın aparıcı dövlətləri də Ermənistanın işğalçılıq siyasətini pisləyir. Xocalı faciəsinə dünya dövlətlərinin diqqəti artır. ABŞ-ın bir sıra ştatlarında Xocalı soyqırımının  tanınmasına dair qətnamə qəbul edilmişdir. Pakıstan, Çexiya, Rumınıya, Bosniya-Hersoqovina, Meksika, Kolumbiya parlamentlərində  Xocalı faciəsi  soyqırım kimi tanınmışdır.
Xocalı faciəsinin dünyaya çatdırılmasında  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın böyük əməyi vardır. «Xocalıya ədalət» kampaniyası bütün dünyaya səs salmışdır.
Sonda rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov Xocalı faciəsinin günahsız  qurbanlarına, bütün şəhidlərə ulu Tanrıdan rəhmət diləmişdir.

Keçidlər