Şriftin ölçüsü :

Saytın rəngi :

2014-cü il Sabirabad üçün uğurlu və yaddaqalan olmuşdur

19 fevral 2015 | 16:00

Fevralın 19-da Heydər Əliyev Mərkəzində 2014-cü ilin yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Yığıncağa hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd inzibati  ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə qurumlarının sədrləri, təhsil, səhiyyə və mədəniyyət işçiləri, YAP rayon təşkilatının fəalları, ağsaqqalların, ziyalıların, gənclərin, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunmuşdular. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul nümayəndəsi Pənah Cahangirov, Milli Məclisin üzvləri Rüstəm Xəlilov və Ceyhun Osmanlı iştirak etmişlər.
Yığıncaqdan öncə ulu öndər Heydər Əliyevin şəhərimizin Mərkəzi meydanında ucaldılmış abidəsi ziyarət olunmuş, önünə gül dəstələri qoyulmuşdur. Tədbir iştirakçıları həmçinin rayon Mədəniyyət evində, YAP rayon təşkilatının binasında, Heydər Əliyev Mərkəzində yaradılmış şəraitlə tanış olmuş, rayonumuzun iqtisadi mənzərəsini əks etdirən sərgiyə və fotostendlərə baxmışlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən il dekabrın 15 və 16-da Sabirabada səfərini əks etdirən sənədli film də nümayiş olunmuşdur.  Yığıncaq açıq elan olunduqdan sonra rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov 2014-cü ilin yekunları və 2015-ci ildə qarşıda duran vəzifələr barədə hesabat məruzəsi ilə çıxış etmişdir (hesabat məruzəsi qəzetimizin 17 fevral 2015-ci il tarixli  xüsusi buraxılış sayında dərc olunduğu üçün məruzəni ixtisarla veririk).  Məruzəçi qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə bu ilin yanvar ayının 10-da Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda, «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda ölkə başçısı iqtisadiyyatın bütün sahələrindəki vəziyyəti geniş təhlil edərək  qarşıda duran vəzifələri müəyyənləşdirmişdir.   Dünya iqtisadiyyatında gedən tənəzzülə və maliyyə böhranına baxmayaraq ölkədə aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində ötən illər olduğu kimi, 2014-cü ildə də ümumi makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın tarazlı və dayanıqlı inkişafı təmin edilmiş, regionlarda yeni müəssisələrin yaradılması və iş yerlərinin açılması istiqamətində xeyli işlər görülmüş, əhalinin sosial rifahı yüksəlmişdir.  Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, 2014-cü ildə Azərbaycan iqtisadiyyatı dünyada rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görülmüşdür. Cənab Prezidentin qeyd etdiyi kimi, «Bu, tarixi nailiyyətdir».  Rayonumuz üçün ötən ilin ən tarixi hadisəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayonumuza növbəti səfəri olmuşdur. Dövlət başçısının rayonumuza ötən ilki səfəri hər bir sabirabadlıda xoş ovqat yaratmışdır. Hörmətli Prezidentimiz dekabrın 15-i və 16-da rayonumuzda olarkən 12 yaşayış məntəqəsini birləşdirən 46 km-lik Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun, Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş 100 yerlik uşaq bağçasının, regional «ASAN xidmət»i üçün 4 mərtəbəli möhtəşəm binanın, şəhərə çəkilən içməli suyun açılış mərasimlərində, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilmiş Mədəniyyət evinin əsaslı təmirdən sonra təqdimatında iştirakı, ASAN Könüllülərinin I Ümumrespublika Forumunun ölkə başçısının rəhbərliyi ilə Sabirabadda Heydər Əliyev Mərkəzində keçirilməsi hər birimizdə böyük sevinc və fərəh hissi doğurmuşdur.
Bu gün sabirabadlılar möhtərəm Prezidentin rayonumuza səfərinin xoş təəssüratları altında daha böyük nailiyyətlər qazanmaq əzmi ilə çalışırlar.
Hesabat dövründə istehsal olunan məhsulun həcmi 300 milyon 837 min manat olmuşdur. Əsas kapitala yönəldilən investisiyaların həcmi 47 milyon 886 min manat olmuş, 35 milyon 645 min manatlıq  tikinti-quraşdırma işləri aparılmışdır. 6 milyon 390 min manatlıq  sənaye məhsulu, 182 milyon 953 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir. Əhaliyə 477 min manat həcmində rabitə, 40 milyon 223 min manat pullu xidmət, 4 milyon 441 min manat nəqliyyat xidməti, 6 milyon 529 min manatlıq iaşə xidməti göstərilmişdir. Pərakəndə əmttəə dövriyyəsi 189 milyon 976 min manata çatmışdır. 2013-cü illə müqayisədə 2014-cü ildə sənaye məhsulu 20,8 faiz, kənd təsərrüfatı məhsulu 9,4 faiz artmış, rabitə, pullu xidmətlər, pərakəndə əmtəə dövriyyəsi əvvəlki ildən çox olmuşdur. Adambaşına düşən pul gəlirləri, orta aylıq əmək haqqı ötən ilə nisbətən artmışdır.
Rayonda abadlıq-quruculuq işləri davam etdirilmişdir. Şəhərin 20 Yanvar küçəsində yerləşən 8, 24 və 30 saylı beşmərtəbəli, 10 və 12 saylı üçmərtəbəli, 27 saylı ikimərtəbəli yaşayış binalarının fasad hissələri üzlük plitələrlə üzlənmiş, plastik pəncərələr quraşdırılmış, dam örtükləri dəyişdirilmişdir. Heydər Əliyev prospektində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün  inşa edilmiş 2 c saylı ikimərtəbəli yaşayış binasının dam örtüyü əsaslı təmir olunmuş, prospektdən Kürkəndi kəndi istiqamətində abadlıq işləri aparılmaqla müasir işıq dirəkləri quraşdırılmış, piyada səkilərə üzlük material döşənərək bardyur düzülmüşdür. Heydər Həmidov küçəsinə asfalt döşənmiş, səki salınmış, hasarlar suvanaraq rənglənmiş, işıqlandırma sistemi quraşdırılmaqla yeni dirəklər basdırılmış, qaz xətti dəyişdirilmiş, hava rabitə verilişi xətləri yeraltı kabellərlə  əvəz olunmuşdur. Muğan prospektində və həmin prospektdən Saatlı rayonu istiqamətində magistral avtomobil yolunun hər iki tərəfində şəhərin görkəminə xələl gətirən yararsız ticarət və digər obyektlər qaydaya salınmışdır. Rayonun Nizami kəndində istirahət parkı salınmış, ticarət və digər obyektlər təmir olunmuş, piyadalar üçün səki çəkilmiş, bir sıra evlərin dam örtükləri dəyişdirilmişdir.
Məlum olduğu kimi, 2014-cü il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə «Sənaye ili» elan olunmuşdu. Hesabat dövründə rayonda 75 müəssisə yaradılmış, 1035 yeni iş yeri açılmışdır ki, bunun da 924-ü daimi, 111-i isə müvəqqəti iş yerləridir.
Rayonda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində xeyli işlər görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 12 iyul 2013-cü il tarixli 3003 saylı Sərəncamına əsasən uzunluğu 46 km olan Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunda əsaslı təmir işləri başa çatdırılmışdır. Şirvan-Həşimxanlı-Sabirabad avtomobil yolunun 10 km-lik hissəsində əsaslı təmir işləri aparılmışdır. Hacıqabul-Bəhrəmtəpə-Horadiz  magistral avtomobil yolundan Əhmədabad kəndinə qədər olan 6 km yola asfalt döşənmişdir. 20 min nəfər əhalinin yaşadığı, 10 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 43 km olan Suqovuşan-Məmişlər-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun tikintisi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti 16 dekabr 2014-cü il tarixli 927 saylı Sərəncam imzalamışdır. Hazırda yolun çəkilişi ilə əlaqədar layihə-smeta sənədləri hazırlanır və cari ildə tikinti işlərinə başlanılacaqdır. Həmin layihə çərçivəsində Şəhriyar, Axtaçı, Xəlfəli, Yastıqobu, Əsədli, Qalaqayın, Balakənd, Zəngənə kəndlərinə də asfalt yolun çəkilməsi nəzərdə tutulmuşdur. Artıq əhalinin uzun illərdən bəri səbirsizliklə gözlədiyi həmin yolun tikintisinə bu il başlanacaqdır. Şirvan-Noxudlu-Salyan avtomobil yolunun  tikintisi ilə əlaqədar hazırlıq işləri görülür.
Rayonun iqtisadiyyatının əsasını aqrar sahə təşkil edir. Bu sahədə islahatların həyata keçirilməsi nəticəsində kənd təsərrüfatının əkin strukturunda ciddi dəyişiklik baş vermiş və 2014-cü ildə məhsul istehsalı əvvəlki illərlə müqayisədə xeyli artmışdır.
2013-cü ilə nisbətən 2014-cü ildə 57187 hektarda əkin aparılmışdır ki, bu da əvvəlki illərdən artıqdır.
Əkin sahələrinin 23850 hektarında taxıl, 22409 hektarında yonca, 7427 hektarında bostan-tərəvəz, 1696 hektarında pambıq, 1291 hektarında kartof, 504 hektarında dənli-paxlalı məhsul əkilmiş və toplanmışdır. Həmin sahələrdən 2014-cü ildə 2013-cü illə müqayisədə 5648 ton  (7 faiz) artıq olmaqla 84403 ton taxıl, 102 ton (4 faiz) çox olmaqla 2170 ton dənli-paxlalı, 1598 ton (11 faiz) artıq olmaqla 15956 ton kartof, 6648 ton (4 faiz) artıq olmaqla 112774 ton bostan-tərəvəz, 990 ton (6 faiz) artıq olmaqla 16460 ton meyvə-giləmeyvə və digər kənd təsərrüfatı məhsulları istehsal edilmişdir. Keçən il nar istehsalı da xeyli artaraq 10462 tona çatmışdır.
Əkinçiliyin inkişafında torpaqların suvarılması və meliorasiya işlərinin aparılması məqsədilə ötən il 1910 km uzunluqda su kanalları və dren-kollektor şəbəkəsi lildən təmizlənmişdir.
Moranlı, Sarxanbəyli, Əliləmbəyli, Azadkənd və digər kəndlərdə kənd təsərrüfatı məhsulları istehsalçılarının və əhalinin başlıca problemlərindən biri su təminatı problemi olmuşdur. Böyük minnətdarlıq hissi ilə bildiririk ki, Azərbaycan Pespublikasının Prezidenti cənab İlham Əliyevin rayonumuza səfərindən sonra  məsələ həllini tapmışdır. Belə ki, Nazirlər Kabinetinin 30 dekabr 2014-cü il tarixli 424 «S» saylı sərəncamına əsasən uzunluğu 15 km olan «H» suvarma kanalının yenidən qurulması və adı çəkilən kəndlərin su təminatının yaxşılaşdırılması üçün 1,0 milyon manat  vəsait ayrılmışdır. Layihəyə əsasən  mövcud kanaldan əlavə  15 km uzunluğunda yeni kanal çəkiləcək və suyun məhsuldarlığı 3 kubmetrdən 8 kubmetrə qədər çatdırılacaqdır ki, bu da həmin ərazilərdə  kənd təsərrüfatının inkişafına  ciddi təkan verəcəkdir.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2015-ci ili «Kənd təsərrüfatı ili» elan etmişdir. Bu, ölkəmizin gələcək inkişaf dinamikasına xüsusi təsir göstərən kənd təsərrüfatı sahəsinə daha da böyük diqqət verildiyinin göstəricisidir. Ölkə Prezidenti cənab İlham Əliyev «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda kənd təsərrüfatının inkişafında ən qabaqcıl təcrübənin tətbiq edilməsini, taxılçılıqda iri təsərrüfatların yaradılmasını, heyvandarlıqda yem təminatının yaxşılaşdırılmasını, toxum fondunun yaradılmasını, boş qalan torpaqların istifadəsi üçün zəruri tədbirlərin görülməsini, torpaqların elektron uçot sisteminin qurulmasını, kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların verilməsində olan neqativ halların aradan qaldırılmasını və bu sahədə şəffaflığın təmin edilməsini, təşviq sisteminin yaradılmasını, rayonlar üzrə əkinçilikdə ixtisaslaşma aparılmasını, kənd təsərrüfatının intensiv metodlarla inkişafı, əhalinin ərzaq məhsulları ilə tam təmin edilməsini və ixrac yönümlü məhsulların həcminin artırılmasını bir vəzifə olaraq qarşıya qoymuşdur. Əminliklə deyə bilərik ki, rayonun aqrar sektorunun işçiləri bu diqqətə layiqincə cavab verərək kənd təsərrüfatı məhsullarının intensiv inkişafını təmin edəcəklər.
Əhalini dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə tədbirlər həyata keçirilmişdir. Hazırda rayonun Bulaqlı, Əsgərbəyli, Yuxarı Axtaçı, Qasımbəyli, Muradbəyli, Xəlfəli, Şəhriyar və Nizami kəndlərində elektrik təsərrüfatında  yenidənqurma işləri aparılır. 10/04 kv-luq yarımstansiyalar yenidən qurulur, istismara yararsız dayaqlar yenisi ilə əvəz olunur. «SİP» kabel çəkilir və «Smart» kart tipli sayğaclar quraşdırılır.
Rayonda əhalinin təbii qazla təminatını yaxşılaşdırmaq məqsədilə işlər sürətləndirilmişdir. Şəhərdə dairəvi sistem yaratmaq üçün müxtəlif diametrli borularla 1080 p/metr uzunluqda əlavə qaz xətti çəkilmiş, bir sıra küçələrə yeni qaz- tənzimləyici qurğular quraşdırılmışdır. Şəhərin Heydər Əliyev prospektində, Məhəmməd Füzuli küçəsində yaşayan və  təbii qaz təchizatında problemləri olan  abonentlərin çətinliklərini aradan qaldırmaq üçün qaz xətləri dəyişdirilmişdir. 2014-cü ildə rayonun Suqovuşan, Əhmədabad və Məmişlər kəndlərinə təbii qaz verilmişdir. Görülən işlər nəticəsində 1019 abonentə təbii qaz verilmiş və abonentlərin sayı 13965-ə çatmışdır. Hazırda rayonun Axısxa, Kovlar, Ətcələr, Həşimxanlı, Azadkənd, Qəzli, Bulaqlı, Qəfərli və  Əsədli kəndlərində qaz xəttinin çəkilişi aparılır.
Məlum olduğu kimi, Sabirabad şəhərinin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədilə Talış Qrup Su Kəmərindən Sabirabad şəhərinə su xəttinin çəkilişi başa çatdırılmışdır. Əhalinin fasiləsiz içməli su ilə təmin olunması üçün hər birinin tutumu 5 min kubmetr olan 2 su anbarının tikintisi başa çatmaq üzrədir.
Hər il olduğu kimi, 2014-cü ildə də təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafı, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi ilə bağlı dövlət tərəfindən  lazımi tədbirlər həyata keçirilmişdir. Rayonda 65 tam orta, 15 ümumi orta, 5 ibtidai məktəb, 2 məktəbdənkənar tədris müəssisəsi, kollec və peşə liseyi fəaliyyət göstərir. Keçən dərs ilində məktəblərdə 24868 şagirdin  təhsili ilə 2717 müəllim məşğul olmuşdur.
2013/2014- cü tədris ilində rayon üzrə 2341 şagird IX sinfi, 1755 şagird isə XI sinfi bitirmişdir. Ali məktəblərə sənəd verən məzunlardan 272 nəfər tələbə adını qazanmış, onlardan 32 nəfəri 500-dən, 10 nəfəri 600-dən çox bal toplamışdır. Təhsildə nailiyyətlərinə görə iki məzun qızıl medala layiq görülmüş, onların hər ikisi yüksək balla müvafiq universitetlərə qəbul olunmuşdur.
Hesabat ilində Sabirabad rayonu ərazisində fəaliyyət göstərən xəstəxanaların sayı 8 olmuşdur. Hər biri 15 çarpayılıq olan 6 xəstəxana kəndlərdə yerləşir. Sabirabad Mərkəzi Rayon Xəstəxanasında və onun tabeçiliyində olan tibb müəssisələrində 1025 nəfər tibb və texniki işçi çalışır. Əhaliyə 15 ixtisasda ambulator-poliklinik və stasionar tibbi xidmət göstərilir.
Əhaliyə göstərilən səhiyyə xidmətinin yaxşılaşdırılması məqsədilə Mərkəzi Rayon Xəstəxanası üçün  muasir tələblərə cavab verən 205 çarpayılıq xəstəxana  binasının tikintisi davam etdirilir. Ötən ildə Mərkəzi Rayon Xəstəxanasının bəzi şöbələrində, bir sıra kənd sahə xəstəxanalarında və həkim məntəqələrində cari təmir işləri aparılmışdır. Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində Bulaqlı kəndində, «Seda» Qeyri-Hökumət Təşkilatı tərəfindən Qaralar kəndində tibb məntəqələri tikilib istifadəyə verilmişdir.
2014-cü il ərzində Mədəniyyət və Turizm Şöbəsi əhalinin asudə vaxtının, kitabxana və muzey xidmətinin təşkili, maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində müəyyən işlər görmüşdür. Sabirabad şəhərində fəaliyyət göstərən Mədəniyyət evi keçən il əsaslı şəkildə yenidən qurulmuş, dekabrın 15-də rayonumuzda səfərdə olan dövlət başçısı Mədəniyyət evində yaradılan şəraitlə tanış olmuşdur. 43 kənd kitabxanasında, 26 kənd mədəniyyət evində cari təmir işləri aparılmışdır.
Rayon əhalisinə informasiya xidmətinin genişləndirilməsinə diqqət artırılmış, kütləvi informasiya vasitələrinin gücündən istifadə olunaraq rayonun həyatında baş verən yeniliklərin və hadisələrin əhaliyə vaxtında çatdırılması təmin edilmişdir. Ölkənin nüfuzlu 8 mətbu orqanının, 5 informasiya mərkəzinin, 5 televiziyanın nümayəndələri ilə işgüzar əlaqələr qurulmuş, rayonda aparılan sosial-iqtisadi inkişafın konkret nəticələri həm ölkənin rəsmi nəşrlərində, həm  televiziyada, həm də yerli «Suqovuşan» qəzetində geniş işıqlandırılmışdır.
İctimai asayişin qorunması, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətlərin qarşısının alınması və onların açılması sahəsində rayonun hüquq-mühafizə, prokurorluq və digər əlaqədar orqanları tərəfindən xeyli iş görülmüşdür. 2014-cü ildə rayon ərazisində qeydə alınmış cinayətlərin açılması əsasən təmin edilmişdir. Narkotik vasitələrin satışı, onların saxlanılması və narkotik xassəli bitkilərin əkinlərinin qarşısının alınması  istiqamətində aparılan işlər gücləndirilmişdir.
Rayon Yaşıllaşdırma Sahəsi tərəfindən 70 mindən çox ağac və gül kolları əkilmiş, onlara aqrotexniki qulluq göstərilmiş, qorunması üçün lazımi tədbirlər görülür.
2014-cü ilin dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri ötən ilin əlamətdar hadisələrindən olmuşdur. Sabirabad rayonunda da bu seçkilər «Azərbaycan Respublikasının Seçki Məcəlləsi»nin tələblərinə tam uyğun təşkil edilmişdir. Bələdiyyə seçkilərində 91467 seçicinin 38087 nəfəri, yəni 41,64 faizi iştirak etmiş, 25 bələdiyyəyə 263 nəfər üzv seçilmişdir. Bunlardan 175 nəfəri YAP-ın, 14-ü digər partiyaların nümayəndələri, 74-ü isə bitərəfdir. Üzvlərin 107 nəfəri gənc (40,7 faiz), 101 nəfəri qadındır (38,4 faiz). Bələdiyyələrin birinci iclasında 23 YAP, 2 digər partiyanın üzvü, 1 bitərəf sədr seçilmişdir. Onlardan 9-u qadın, 8-i 30 yaşınadək gəncdir.
2014-cü ildə rayon İcra Hakimiyyəti başçısı aparatına vətəndaşlardan 2039 ərizə və şikayət daxil olmuşdur ki, bu da ötən illə müqayisədə 541 ədəd azdır. Müraciətlərin bir qismi rəhbər dövlət orqanları vasitəsilə alınmışdır.
Ümumi müraciətlərin 1513-nü və ya 74 faizini birdəfəlik maddi yardım, təbii fəlakət, kənd təsərrüfatı və mənzil məsələləri təşkil etmişdir. Rəhbər təşkilatlardan nəzarətə götürülmüş ərizə və şikayətlərə vaxtında cavab verilmişdir.       
2014-cü ildə rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 1106 nəfər vətəndaş qəbul edilmiş və qaldırılan məsələlərə qanunamüvafiq qaydada baxılmışdır.
2014-cü ildə vətəndaşların səyyari qəbullarına böyük önəm verilmişdir. Tərtib olunmuş qrafik əsasında rayon rəhbərliyi tərəfindən inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə aidiyyəti üzrə xidmət təşkilatları rəhbərlərinin iştirakı ilə 43 səyyar qəbul keçirilmiş, bu görüşlərdə 132 nəfərin (ümumi iştirak edənlərin sayı 4627) müraciəti qeydə alınmışdır. Səslənən təkliflərin icrası ilə bağlı müvafiq tədbirlər görülmüş, həlli rayonun imkanları xaricində olan müraciətlər barədə aidiyyəti üzrə müvafiq orqanlar qarşısında məsələlər qaldırılmışdır.
Əsasnaməyə uyğun olaraq 2014-cü ildə rayon İcra Hakimiyyəti başçısı yanında 24 şura iclası keçirilərək rayonun sosial-iqtisadi, mədəni həyatı ilə bağlı 30 məsələ müzakirə olunmuşdur.
Bu il Bakıda birinci Avropa Oyunları keçiriləcəkdir. Dövlət başçısının qeyd etdiyi kimi, «Avropa Oyunlarının keçirilməsi sadəcə olaraq bir idman tədbiri deyil. Bu tədbirdə iştirak edəcək idmançılar, qonaqlar Azərbaycanla tanış olacaqlar və Azərbaycanın uğurlu inkişaf modelini görəcəklər».
Biz hamılıqla ölkə Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə tam səfərbərik. Öz işimizə daha məsuliyyətlə yanaşmalı, özümüzə qarşı tələbkarlığı artırmalıyıq. İcazə verin Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevi əmin edim ki, ümummilli lider Heydər Əliyev ideyalarına  daim sadiq olan sabirabadlılar bundan sonra da ölkə başçısının ətrafında sıx birləşərək qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə maksimum səy göstərəcəklər.
Məruzə ətrafında Qəzli kənd tam orta məktəbinin gənc müəllimi Günel Musayeva, Moranlı kənd sakini Gülağa Mansurov, rayon Polis Şöbəsinin rəisi Mübariz Quliyev, rayon Ziyalılar Cəmiyyətinin sədri Böyükağa Həmidov  çıxış etmişlər.
Milli Məclisin üzvləri Rüstəm Xəlilov və Ceyhun Osmanlı çıxış edərək ötən il rayonda görülmüş işləri yüksək qiymətləndirmiş, qarşıda duran vəzifələrdən danışmışlar. Yığıncaq müvafiq qərar qəbul etmişdir.
Rayonumuzun sosial-iqtisadi, ictimai-siyasi həyatında fəal iştirakına görə 5 nəfərə rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı və qiymətli hədiyyələr təqdim olunmuşdur.
Yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilmişdir.

Keçidlər