Sabirabadda Gənclər Günü qeyd edilmişdir
Yanvarın 29-da rayonumuzun gəncləri 2 fevral-Azərbaycan Gəncləri Günü münasibətilə keçirilmiş təntənəli bayram tədbirində bir araya gəlmişlər. Əvvəlcə gənclər xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərimizin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər.
Gənclər Gününün rəsmi açılışı Heydər Əliyev Mərkəzində olmuşdur. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Tədbirdə rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev məruzə ilə çıxış edərək 2 fevral 1996-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə müstəqil Azərbaycan gənclərinin I Forumunun keçirilildiyini, gənclər siyasətinin Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edərək sabirabadlı gənclərin Heydər Əliyev ideyalarına daim sadiq olacaqlarına söz vermişdir.
6 saylı şəhər tam orta məktəbinin X sinif şagirdi Xalidə Musayeva, Sabirabad regional «ASAN xidmət» mərkəzinin əməkdaşı Tural Ağayev, Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasının II kurs tələbəsi, pianoçu Elmir Məhərrəmov çıxış edərək xoş arzularını bildirmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov çıxış edərək gənclərə arzu və istəklərini bildirmişdir. O, ölkəmizin gələcək inkişafında gənclərin qarşısında duran vəzifələrdən geniş və ətraflı danışmış, gənclərə təhsildə və işlərində uğurlar arzulamış, rayonumuzun tərəqqisi naminə səylə çalışmağı tövsiyə etmişdir. Gəncləri bayram münasibətilə təbrik etmiş, onlara cansağlığı, firavan həyat arzulamışdır.
Sonda rayonun idman sahəsində və ictimai-siyasi həyatında səmərəli fəaliyyətlərinə görə bir qrup gəncə mükafatlar verilmişdir.