Sabirabadda ictimai şuranın yaradılması həsr olunnmuş seminar keçirilmişdir
«Sosial Tərəqqi» İctimai Birliyi yanvarın 27-də Heydər Əliyev Mərkəzində rayonumuzda ictimai şuranın yaradılması üzrə məlumatlandırma seminarı keçirmişdir. Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, «Konstitusiya» Araşdırmalar Fondunun Prezidenti Əliməmməd Nuriyev, «Sosial Tərəqqi» İctimai Birliyinin sədri Qalib Nəbiyev məlumatlandırma seminarında iştirak etmişlər.
Rayon İcra Hakimiyyəti başçısının müavini-sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid Həsənov qonaqları salamlamışdır.
Əliməmməd Nuriyev və Qalib Nəbiyev ictimai şuranın yaradılması üzrə məlumatlandırma seminarında çıxış etmişlər.
Qeyd edilmişdir ki, seminarın məqsədi qərarvermə prosesində mövcud ictimai iştirakçılıq imkanları haqqında məlumatlılığı artırmaqdan ibarətdir. Seminarda ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına yönəlmiş dövlət siyasəti, «İctimai iştirakçılıq haqqında» Qanunun qəbulu və bu qanundan irəli gələrək yaradılacaq ictimai şuranın əhəmiyyəti, QHT-hökumət münasibətlərinin yeni mərhələsi, dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında dialoq mühiti, mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətinə ictimai nəzarətin və dövlətin idarə olunmasında vətəndaş iştirakçılığının təmin olunması barədə məlumatlar verillmiş, Azərbaycanda vətəndaş iştirakçılığı istiqamətində atılan addımlar və dövlətin bu sahədə gördüyü işlər yüksək qiymətləndirilmişdir.
Seminarda 2014-cü ildə qüvvəyə minmiş Azərbaycan Respublikasının «İctimai iştirakçılıq haqqında» Qanununun tətbiqi məsələlərinə xüsusi diqqət ayrılmış, ictimai iştirakçılığı təmin edən hüquqi mexanizmlər üzrə ən yaxşı yerli və beynəlxalq təcrübənin təqdimatı və müzakirəsi keçirilmişdir. «İctimai iştirakçılıq haqqında» Qanunun qəbulu və onun Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən icraya yönəldilməsi Azərbaycan vətəndaşlarının dövlət idarəçiliyində və qərar qəbulunda fəal iştirakının təmin edilməsi baxımından çox mühüm bir hadisə olduğu qeyd edilmişdir. Azərbaycan hökumətinin bu addımı ölkədə həyata keçirilən hüquqi islahatların, vətəndaş cəmiyyəti quruculuğu və demokratikləşmə prosesinin davamı və dövlət-vətəndaş münasibətlərinin inkişafında növbəti, keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilmişdir.
Tədbirdə rayonda fəaliyyət göstərən QHT-lərin təmsilçiləri iştirak etmişlər. Seminar iştirakçılarını maraqlandıran suallara cavab verilmişdir.