Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı Sabirabad rayonunda təntənə ilə qeyd edilmişdir.
Dekabrın 29-da Heydər Əliyev adına istirahət parkı bayramsayağı bəzədilmişdi. Həmin gün burada Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı qeyd edilirdi. Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov istirahət parkına toplaşmış rayon sakinləri qarşısında çıxış edərək onları ürəkdən təbrik etmiş, xoş arzularını çatdırmışdır. Natiq vurğulamışdır ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi yolu, strateji inkişaf kursunu möhtərəm Prezident İlham Əliyev əzmlə davam etdirir. Onun Sabirabad rayonuna hər səfəri yeni-yeni tikinti-qurculuq işlərinin başlanmasına rəvac verir. Cənab Prezidentin rayona göstərdiyi diqqət və qayğı göz qabağındadır. Dekabrın 15-i və 16-sı rayon üçün çox əlamətdar olmuşdur. Bu iki gündə dövlət başçısı sosial təyinatlı obyektlərin açılışında iştirak etmiş və ACAN Könüllülərinin I Ümumrespublika Forumunda çıxış etmişdir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə rayon sakinləri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin üzvü Mehriban xanım Əliyevaya təbrik teleqramı ünvanlanmışdır.
Bayram tədbiri incəsənət ustalarının maraqlı konsert proqramı ilə davam etdirilmişdir.