Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndələri Sabirabad rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşmüşlər.
Dekabrın 26-da Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ərəfəsində Daxili İşlər Nazirinin müavini, polis general-mayoru İsmət Əliyevin başçılığı ilə nazirliyin əməkdaşları Şəhriyar köçkün düşərgəsində məcburi köçkünlərlə görüşmüşlər.
Bu münasibətlə təşkil edilmiş tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov qonaqları və məcburi köçkünləri salamlamış, onları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə təbrik etmişdir. Məcburi köçkünlər qarşısında çıxış edən Daxili İşlər Nazirinin müavini, polis general-mayoru İsmət Əliyev dövlət başçısı cənab İlham Əliyevin məcburi köçkünlərin problemlərinə daim diqqət göstərdiyini qeyd edərək sosial müdafiəyə ehtiyacı olan insanların həyat şəraitinin daha da yaxşılaşdırılması üçün görülmüş işlərdən danışmışdır.
Daha sonra daxili işlər orqanlarının əməkdaşlarının könüllü olaraq topladıqları vəsaitin 40 min manatı düşərgədə məskunlaşmış məcburi köçkünlərə verilmişdir.