Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sabirabad şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir
Prezident İlham Əliyev Sabirabad şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir. Sabirabad şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Azərbaycan hökuməti və Dünya Bankı tərəfindən birgə maliyyələşdirilən “Milli su təchizatı və kanalizasiya xidmətləri” layihəsi çərçivəsində həyata keçirilir. Layihə 2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Sabirabad şəhəri, Qalaqayın, Suqovuşan, Kürkənd, Əsədli, Bulaqlı, Balakənd kəndlərində 50 min nəfərdən artıq insanın su təchizatının yaxşılaşmasına hesablanıb. Sabirabad və Saatlı şəhərlərində istehlakçıların keyfiyyətli və dayanıqlı su təchizatının təmin edilməsi məqsədilə Hacıqabul rayonu ərazisində yerləşən və Abşeron yarımadasını içməli su ilə təmin edən Kür sutəmizləyici qurğularından 62 kilometr uzunluğunda magistral su kəməri tikilib.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına məlumat verdi ki, “Sabirabad şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin icrasına başlanandan indiyə qədər şəhərdə layihələşdirilmiş 151 kilometr uzunluğunda daxili su şəbəkəsinin 130 kilometrlik hissəsi tikilib, 3640 ünvana ev birləşmələri verilib. İçməli su və kanalizasiya xidmətlərindən istifadənin dəqiq uçotunun aparılması məqsədilə hər bir abunəçinin “smart-kart” tipli sayğacla təmin edilməsi nəzərdə tutulur. Hazırda paylayıcı su şəbəkəsinin və hər birinin tutumu 5 min kubmetr olan 2 su anbarının inşası davam etdirilir. Layihənin davamı olaraq Sabirabad şəhərində 135 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi inşa olunacaq. Tullantı suların təmizlənib zərərsizləşdirilməsi məqsədilə Sabirabad şəhərinin kənarında məhsuldarlığı sutkada 80 min kubmetr olan çirkab sutəmizləyici qurğu tikiləcək. Gələcəkdə Saatlı şəhərinin tullantı suları da burada təmizlənib zərərsizləşdiriləcək. Layihənin icrası 2017-ci ildə başa çatdırılacaq.
Layihənin icrasına qədər olan vəziyyət barədə məlumat verilərkən bildirildi ki, Sabirabad şəhərinin mərkəzləşdirilmiş içməli su təchizatı sistemi 1970-ci illərdə yaradılıb. “Azərsu” ASC hazırda şəhərin 28500 sakinindən 11 mininə və ya təqribən 39 faizinə xidmət göstərir və onlar Kür çayının suyundan istifadə edir. Mərkəzləşdirilmiş qaydada su alan əhaliyə hər gün qrafik üzrə 4-5 saat su verilir. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyir. Şəhərin kiçik bir hissəsi kanalizasiya şəbəkəsi ilə təmin olunub. Şəbəkənin uzunluğu təqribən 15 kilometrdir.
Qeyd edildi ki, Kür sutəmizləyici qurğuları, Sabirabad-Saatlı magistral su kəməri 2030-cu ilə perspektiv inkişaf nəzərə alınmaqla Sabirabad şəhəri və rayonun 28 kəndinin 100 min, Saatlı şəhəri və rayonun 12 kəndinin 47 min, Hacıqabul rayonunun 4 kəndinin 10 min əhalisinin içməli suya olan tələbatını ödəyəcək. Sabirabad və Saatlı şəhərlərinin dayanıqlı su təchizatına nail olmaq üçün magistral kəmərin üzərində ümumi tutumu 20 min kubmetr olan 4 anbarın inşası davam etdirilir.
Sonra dövlətimizin başçısı Sabirabad rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
X X X
Mərasimdə çıxış edən Prezident İlham ƏLİYEV dedi:
- Sizi ürəkdən salamlayıram. Bu gün gözəl bir gündür. Sabirabad rayonunda içməli su layihəsi artıq başa çatıb, istifadəyə verilir. Biz artıq həm Sabirabad, həm Saatlı şəhərlərini təmiz içməli su ilə təmin edəcəyik.
SAKİN: Sizə minnətdarıq, cənab Prezident.
Prezident İlham ƏLİYEV: Eyni zamanda, iki rayonun 40 kəndinə də bu sudan veriləcək və beləliklə, biz böyük bir sosial məsələni həll etmiş oluruq. Tamamilə yeni bir layihədir. İçməli su bu bölgədə və bütövlükdə Azərbaycanın müxtəlif bölgələrində ən ciddi məsələlərdən biridir. Biz bunu da tədricən həll edirik. Azərbaycanda içməli su layihələri geniş vüsət almışdır və o cümlədən bu zonanın problemləri də öz həllini tapır.
Bilirəm, bu problem uzun illərdir ki, insanları incidirdi. İnsanlar haqlı olaraq istəyirdilər ki, keyfiyyətli içməli su verilsin. Stendlərdə göstərildiyi kimi, indi burada təmizləyici qurğular, süzgəclər, hər şey yüksək səviyyədədir və bu, beynəlxalq səviyyəyə uyğun içməli sudur.
İçməli su, bildiyiniz kimi, insan orqanizmi üçün başlıca amildir. Təmiz, keyfiyyətli içməli su insanın sağlamlığı üçün böyük əhəmiyyətə malikdir. Beləliklə, bu böyük sosial məsələnin həlli artıq reallaşır. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm.
SAKİNLƏR: Çox sağ olun.
Prezident İlham ƏLİYEV: Yenidən Sabirabadda olmağımdan çox məmnunam. Sabirabad rayonunda dəfələrlə olmuşam.
SAKİN: Arzu edirik ki, tez-tez olasınız, inşallah.
Prezident İlham ƏLİYEV: Bəli, tez-tez oluram. Demək olar ki, hər il gəlirəm.
SAKİN: Allah Sizi qorusun, cənab Prezident.
Prezident İlham ƏLİYEV: Burada çox böyük işlər görülür. Bu gün bir neçə obyektin açılışında iştirak etmişəm. O cümlədən kənd yolları tikilir. Artıq bu gün açılan yol bir neçə kəndi birləşdirir. Minlərlə insan o yoldan istifadə edəcək. Gündəlikdə yenə də yol layihələri var. Biz onları da tədricən həll edəcəyik. Çünki kənd yolları indi bizim üçün içməli su kimi vacib olan məsələlərdəndir. İnsanların rahatlığı, eyni zamanda, hər bir rayonun inkişafı üçün kənd yolları böyük əhəmiyyət daşıyır. Kənd yolları yaxşı olanda inkişaf da gedir, biznes imkanları da artır. Biz bunu insanların rahatlığı üçün edirik və edəcəyik. Artıq bir çox məsələlər həllini tapıb. Ancaq hələ yaxşı vəziyyətdə olmayan kənd yolları var ki, biz gələcək illərdə onları da həll edəcəyik.
SAKİNLƏR: İnşallah.
Prezident İlham ƏLİYEV: Yadımdadır, keçən dəfə biz körpünün açılışını qeyd etdik. O da Sabirabad sakinləri tərəfindən irəli sürülmüş bir təklif idi. Yəni, biz çalışırıq ki, sizin bütün təkliflərinizi yerinə yetirək. Çünki bu, bizim iş prinsipimizdir. Azərbaycan xalqı daha da yaxşı yaşamalıdır. Hər bir bölgədə quruculuq, inkişaf daha da sürətlə getməlidir. Sosial məsələlərin həlli də bizim üçün prioritetdir və bu, sosial məsələdir. Bu gün açılışını etdiyimiz kənd yolu, uşaq bağçası, tikilən məktəb binası da sosial məsələdir.
Ancaq əlbəttə ki, hələ görüləsi işlər çoxdur, o cümlədən Sabirabad rayonunda. Qəzalı vəziyyətdə məktəblər var. Onların da təmiri, digər infrastruktur layihələrinin həyata keçirilməsi nəzərdə tutulur. Qazlaşdırma aparılır. Şəhər tamamilə qazlaşdırılıb, bir neçə kənddə qazlaşdırma işləri başa çatdırılıb və bu iş davam etdirilir. Bu gün şəhərin içməli su problemi həll olunur. Kənd yolları tikilir, şəhər gözəlləşir. Vaxtı ilə Ulu Öndər tərəfindən irəli sürülmüş təşəbbüs əsasında tikilmiş Mədəniyyət Evi əsaslı təmirdən sonra yenidən açılıb. Gözəl park yaradılıb. Keçən dəfə Heydər Əliyev Mərkəzinin açılışını birlikdə qeyd etmişik.
Çox şadam ki, rayonda işlər yaxşı gedir. Çalışacağam ki, bundan sonra da Sabirabad rayonunun inkişafı üçün öz dəstəyimi verim. Siz yaxşı bilirsiniz ki, ulu öndər Heydər Əliyev Sabirabada xüsusi münasibət göstərmişdir.
SAKİNLƏR: Sabirabadda 14 dəfə olub.
Prezident İlham ƏLİYEV: Mən hər dəfə burada olanda yerli sakinlər bunu xatırladırlar. Gələcəkdə də biz tez-tez görüşəcəyik. Əlbəttə, belə olacaq. Çünki burada görüləsi işlər çoxdur, açılışlar hələ çox olacaq və hər açılışda mən sizinlə bərabər olmaq istəyirəm.
Sabirabad üçün çətin anlar da olub. Xüsusilə o daşqın, sel zamanı. Amma sabirabadlılar öz vətəndaşlıq missiyasını şərəflə yerinə yetiriblər. Böyük əziyyətlərə baxmayaraq özlərini ləyaqətlə aparıblar. Azərbaycan dövlətinə sabirabadlıların inamı çox yüksək səviyyədədir. Mən də o vaxt burada olanda söz vermişdim ki, qısa müddət ərzində bütün evlər tikiləcək, bərpa ediləcək və buna da biz nail olduq. Dövlət hesabına minlərlə ev tikildi.
SAKİNLƏR: Minnətdarıq.
Prezident İlham ƏLİYEV: Əlbəttə ki, təbiət bizi bəzi hallarda sınaqlara çəkir. Ancaq biz hər bir sınağa hazırıq, hər bir sınaqdan bu günə qədər üzüağ, şərəflə çıxmışıq. Azərbaycan vətəndaşları üçün nə lazımdırsa, biz onu edirik və edəcəyik.
SAKİNLƏR: Allah Sizi qorusun.
Prezident İlham ƏLİYEV: Sizi bu gözəl hadisə münasibətilə bir daha ürəkdən təbrik edirəm.
SAKİNLƏR: Çox sağ olun.
X X X
Daha sonra dövlətimizin başçısı suyun verilməsini bildirən düyməni basdı.
Sonda xatirə şəkli çəkdirildi.