Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü qeyd olunmuşdur

12 dekabr 2014 | 16:00

12 dekabr…Bu gün Sabirabad şəhəri çox hüznlü görünürdü. Rayon İcra Hakimiyyətinin qarşısındakı Mərkəzi Meydan izdihamlı idi. Sübh tezdən meydanda ucalan hüznlü musiqi sədaları altında rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, ağsaqqallar, idarə, müəssisə və təşkilatların kollektivləri, müəllimlər, şagirdlər, tələbələr, hüquq-mühafizə orqanlarının işçiləri, əmək və müharibə veteranları ulu öndər Heydər Əliyevin abidəsi önünə gələrək ona öz ehtiramlarını bildirirdilər.

Rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov başda olmaqla sabirabadlılar ulu öndər Heydər Əliyevə sonsuz məhəbbət və ehtiramlarını nümayiş etdirirdilər.
Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov anım mərasimində çıxış etmişdir. Rayon rəhbəri  bildirmişdir ki, 12 dekabr 2003-cü il  yaddaşımızda  ən kədərli günlərdən biri kimi qalıb. Çünki həmin gün xalqımızın ümummilli  lideri, dünya miqyaslı ictimai-siyasi xadim, böyük mütəfəkkir, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əlirza oğlu Əliyev vəfat etmişdir.
Cənab Nazim İsmayılov ulu öndərin həyat və fəaliyyəti haqqında xronoloji ardıcıllıqla və tutarlı faktlarla  nitq söyləmişdir. Bildirmişdir ki, ümummilli lider  Heydər Əliyev  bütün həyatını, enerjisini Azərbaycan xalqına, Azərbaycan dövlətçiliyinə  sərf etmişdir. O, müstəqil Azərbaycan dövlətini həm qurmuş, həm də onun inkişafı üçün  mükəmməl strateji perspektivlər müəyyən etmişdir. Ulu öndər siyasət nəhəngi, Azərbaycanı dünyaya tanıdan, torpağı sahibinə verən, sahibkarlığa meydan açan, tariximizi, dinimizi bizə qaytaran rəhbər olmuşdur. Ulu öndərin respublikaya rəhbərlik etdiyi ildən, yəni 1969-cu ildən başlayaraq  Azərbaycanda, o cümlədən Sabirabadda quruculuq işləri geniş vüsət almışdır. Onun ən böyük  xarakterik cəhəti qurucu və yenilikçi olması idi.
1988-1993-cü illərdə Azərbaycan çox ağır, fəlakətli dövr yaşayırdı.  Bir-birini əvəz edən səriştəsiz hakimiyyət ölkəni məhvə, xalqı faciəyə sürükləyirdi. Ulu öndər xalqımızın israrlı tələbi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra da Azərbaycanı ən çətin sınaqlardan məharətlə çıxardı və inkişaf etdirdi.
Rayon rəhbəri cənab Nazim İsmayılov çıxışında həmçinin vurğulamışdır ki, ümummilli lider Heydər Əliyev 15 dəfə Sabirabadda olmuşdur. Hər dəfə Sabirabadda olarkən adamların qayğıları ilə maraqlanmış, taleyüklü məsələləri həll etmişdir.
Artıq ümummilli lider Heydər Əliyevin arzuları və ideyaları reallaşmışdır. Onun siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev ulu öndərin müəyyənləşdirdiyi tərəqqi, inkişaf yolunu böyük uğurla davam etdirir.
Nə qədər ki, Azərbaycan dövləti, Azərbaycan xalqı var, ulu öndər Heydər Əliyev həmişə yaşayacaqdır. Zaman keçdikcə o, bizdən uzaqlaşmır, əksinə daha da yaxınlaşır, doğmalaşır. İllər ötüb keçəcək, əsrlər adlayacaq, xalqımızın yaddaşından  ulu öndərimiz heç vaxt çıxmayacaqdır. Hələ sağlığında canlı əfsanəyə çevrilmiş ümummilli lider Heydər Əliyevin ömrü yaddaşlara hopmuşdur. Ulu öndərə Allahdan qəni-qəni rəhmət diləyir, qəbri nurla dolsun,- deyirik.
Sonra rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoymuşdur. Meydana toplaşanlar da ardıcıl olaraq abidəni ziyarət edərək  önünə gül dəstələri düzmüşlər.
Anım mərasimindən sonra şəhərimizdəki xeyir-şər evində ehsan verilmiş, Azərbaycan dövlətçiliyinin xilaskarı, türk dünyasının  böyük oğlu Heydər Əliyevin ruhuna dualar oxunmuşdur.

Keçidlər