Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə rayonumuzda vətəndaşları qəbul etmişdir
Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Sabirabad, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarından və Şirvan şəhərindən olan sakinlər və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak etmişlər.
Görüş zamanı vətəndaşlar komissiya sədrinə 2015-ci ildə keçiriləcək qəbul imtahanlarında nəzərdə tutulmuş dəyişikliklər, o cümlədən qabiliyyət imtahanlarının keçirilmə qaydaları və tətbiq olunmuş yeniliklər, buraxılış imtahanları, orta ixtisas təhsili müəssisələrinə qəbul və s. məsələlər barədə müraciətlər etmişlər. Habelə regionlarda keçiriləcək sınaq imtahanlarının sayının artırılması təklif edilmişdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının səlahiyyətlərinə aid olan müraciətlərin yaxın vaxtlarda öz həllini tapacağı, komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlərin isə aidiyyəti qurumlara çatdırılacağı qəbula gələn vətəndaşların diqqətinə çatdırılmışdır.
Görüşdən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə yuxarıda qeyd olunan şəhər və rayonların təhsil şöbələrinin müdirləri ilə görüş keçirmişdir. O, təhsilin vəziyyəti ilə maraqlanmışdır. Ötən il həmin şəhər və rayonlar üzrə qəbulun nəticələri müzakirə olunmuşdur.