Qaralarda tibb məntəqəsi istifadəyə verilmişdir
Qaralar kəndi rayon mərkəzinin 10 km-də yerləşir. 232 təsərrüfatdan ibarətdir. Əhalisinin sayı 1000 nəfəri ötmüşdür. Kənddə əsas problemlərdən biri də mədəniyyət evinin binasında yerləşən tibb məntəqəsinin yararsız vəziyyətdə olması idi. Bunun nəticəsində kənd sakinləri qeyri-qənaətbəxş tibbi müayinə alırdılar. Bu problem artıq həll olunmuşdur. Bu günlərdə Azərbaycan və Amerika Birləşmiş Ştatları hökumətləri tərəfindən birgə maliyyələşdirilən Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) layihəsi çərçivəsində Qaralarda ümumi dəyəri 21.105 manat olan yeni tibb məntəqəsi tikilərək istifadəyə verilmişdir.
Dekabrın 9-da Qaralar kəndində yeni inşa olunan tibb məntəqəsinin açılışı münasibətilə mərasim keçirilmişdir. Mərasimdə rayon İcra Hakimiyyətinin, İqtisadiyyat və Sənaye Nazirliyinin, ABŞ İnkişaf Agentliyinin (USAİD), Qaralar bələdiyyəsinin təmsilçiləri və kənd sakinləri iştirak etmişlər.
Mərasimi giriş sözü ilə Şərq-Qərb İdarəetmə İnstitutu Aran regional ofisinin direktoru Əhməd Məmmədzadə açaraq tədbirin məqsəd və məramına aydınlıq gətirmişdir.
Rayon İcra Hakimiyyəti başçısının müavini-sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid Həsənov çıxışında bu obyektin inşasını ABŞ və Azərbaycan hökumətlərinin uğurlu əməkdaşlığının bariz nümunəsi kimi qiymətləndirmişdir. Qeyd etmişdir ki, bu, SEDA tərəfindən rayonumuzda həyata keçirilən ilk layihə deyildir, sayca dördüncüdür.
Mərasimdə ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan, Şərq-Qərb İdarəetmə İnstitutunun ölkə üzrə direktoru T. Madigan, ÜMİD Sosial İnkişafa Dəstək İctimai Birliyinin icraçı direktoru İsrail İsgəndərov, Qaralar kənd icma-inkişaf şurasının sədri Lütfiyar Nəsirov çıxış edərək tibb məntəqəsinin istifadəyə verilməsində əməyi və köməyi olanlara minnətdarlıqlarını bildirmişlər.