Sabirabadda seçicilər abadlıq və quruculuğa səs verəcəklər
Dekabrın 3-də Yeni Azərbaycan Partiysı Sabirabad rayon təşkilatında YAP tərəfindən bələdiyyə üzvlüyünə namizədlər və seçki qərargahının üzvləri ilə görüş keçirilmişdir. Görüşdə Milli Məclisin deputatları Əhliman Əmiraslanov və Rüstəm Xəlilov, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul işçisi Ramin Mirzəyev iştirak etmişlər.
Tədbiri Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev açaraq bələdiyyə seçkilərinə start veriləndən təşviqat işlərinə başlanan dövrə qədər görülmüş işlər barədə qonaqlara ətraflı məlumat vermiş, təşkilatın minlərlə üzvləri arasından 263 nəfərin bələdiyyə üzvlüyünə namizədliyinin irəli sürüldüyünü qeyd etmişdir. Nadir Quliyev bütün seçkilərdə olduğu kimi bu seçkilərin də ədalətli, şəffaf, Seçki Məcəlləsinin tələblərinə uyğun keçiriləcəyinə, xalqın etimad və inamını qazanmış YAP namizədlərinin bu seçkilərdə də qələbə qazanacağına inandığını bildirmişdir.
Yeni Azərbaycan Partiyasının alternativsiz bir partiya olduğunu qeyd edən Milli Məclisin deputatı Əhliman Əmiraslanov YAP-ın Azərbaycanın siyası arenasında özünəməxsus yer tutduğunu bildirmişdir. Bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının fəaliyyətindən söhbət açan deputat Azərbaycanda son 11 ildə həyata keçirilən iqtisadi inkişafın səviyyəsindən və bu işlərdə bələdiyyələrin böyük rolundan danışmışdır.
Milli Məclisin deputatı Rüstəm Xəlilov görüşdə çıxış edərək bələdiyyə institutunun yaranması, bələdiyyələrin yaranma zərurəti barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir. O çıxışında təbliğat və təşviqat işlərində hər bir partiya üzvünün siyasi mədəniyyətinin, insanlarla münasibətlərində intellektuallığının əsas olmasını qeyd edərək hər bir namizədin əhali arasında hansı formada təbliğat aparacağını geniş izah etmişdir.