Şriftin ölçüsü :

Saytın rəngi :

"Son zəng" gələcəyə çağırışdır

31 may 2014 | 15:00

Sabirabad rayonunda "Son zəng"ə həsr olunmuş silsilə tədbirlərdə rayon icra hakimiyyəti aparatı və təhsil şöbəsinin məsul işçiləri məzunlara müstəqil həyat yollarında uğurlar diləmiş, onlara xoş arzularını çatdırmışlar. Belə tədbirlərdən biri də rayondakı Mirzə Ələkbər Sabir adına 1 saylı şəhər  orta məktəbdə keçirilmişdir. Tədbirdən əvvəl məktəbin həyətində ucaldılmış satirik şair Mirzə Ələkbər Sabirin abidəsinin önünə gül çələngləri qoyulmuş, XI-lər şairin şerlərindən parçalar söyləmişlər.
Məktəbin direktor əvəzi Yeganə Bağırova mərasimi açaraq, ölkəmizdə təhsilə göstərilən qayğı və diqqətdən danışmışdır. Eyni zamanda, rəhbərlik etdiyi məktəbin uğurlarından söhbət açmış və belə bir inam ifadə etmişdir ki, bugünkü məzunların daim xoş sorağı gələcəkdir.
Mərasim iştirakçıları qarşısında çıxış edən rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov  xalqımızın Ümummilli lideri Heydər Əliyevin düz 40 il öncə, 1974-cü ilin mayın 25-də, özüdə əziz qızı Sevil xanımın “Son zəng”ində bu məktəbdə olduğunu, Ulu öndərin layiqli davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyevin keçən il bu məktəbin təqdimatında iştirak etdiyini xüsusi vurğulamışdır.
Natiq  ölkəmizdə ulu öndər Heydər Əliyev tərəfindən təhsilə göstərilən diqqət və qayğını onun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin də uğurla davam etdirdiyini bildirməklə məzunlara gələcək işlərində nailiyyətlər arzulamış, onlara müstəqil Azərbaycanın layiqli övladları olmağı tövsiyə etmişdir. Başçı bildirmişdir  ki, bu gün Azərbaycanda şagirdlərin təhsil almaları, biliklərə yiyələnmələri üçün hər cür şərait var. Onlar xoşbəxtdirlər ki, qurucusu Heydər Əliyev olan bir ölkənin övladlarıdırlar.
Tədbirdə rayon Təhsilşöbəsinin müdiri Elman Bünyadov məzunlara ən səmimi arzularını çatdıraraq, onları bundan sonra həyatda daha inamlı addımlar atmağa səsləmişdir.
Şən musiqi sədaları ilə müşayiət olunan mərasim bütün iştirakçılara xoş və həyəcanlı təsir bağışlamışdır.
"Son zəng" tədbirləri rayonun digər məktəblərində də yüksək bayram ovqatı ilə başa çatmışdır.

Keçidlər