İqtisadiyyat və Sənaye Nazirliyinin maarifləndirici tədbiri
Mayın 22-də rayonumuzdakı Heydər Əliyev Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərə dair vətəndaşların məlumatlandırılması məqsədilə maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, İqtisadiyyat və Sənaye Nazirliyinin məsul işçiləri, Şirvan şəhər, Sabirabad, Saatlı, İmişli, Kürdəmir, Salyan, Biləsuvar, Hacıqabul və Ucar rayonlarının icra hakimiyyətlərinin nümayəndələri, sahibkarlar, fermerlər, iş adamları iştirak etmişlər.
Toplantını giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq tədbirin məqsəd və məramına aydınlıq gətirmişdir. Bugünkü tədbirin vətəndaşların məlumatlandırılmasında əhəmiyyətli rol oynayacağını vurğulayan rayon rəhbəri toplantı iştirakçılarına uğurlar arzulamışdır.
Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən elektron xidmətlər və onlardan istifadə qaydaları barədə ətraflı məlumat verilmişdir. Nazirliyin sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov çıxışında qeyd etmişdir ki, «Elektron hökumət»ə dair Dövlət Proqramı çərçivəsində dövlət orqanlarında, o cümlədən nazirliyimizdə elektron xidmətlərin tətbiqi genişləndirilmişdir. Artıq nazirlik tərəfindən əhaliyə göstərilən 28 xidmət online rejimdə həyata keçirilir. Bu isə nazirlikdə modem və çevik idarəetmənin təmin edilməsi, işin səmərəli təşkili və vaxt itkisinin qarşısının alınması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin «Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» Fərmanına uyğun olaraq İqtisadiyyat və Sənaye Nazirliyinin .economy. gov.az internet saytında elektron xidmətlər bölməsi yaradılmışdır. Bölmədə nazirlik tərəfindən müxtəlif fəaliyyət növlərinə lisenziyaların, malların mənşə və keyfiyyət sertifikatlarının verilməsi üçün tələb olunan sənədlərin siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizənin elektron forması yerləşdirilmişdir. Bu bölmə sahibkarlara tələb olunan sənədləri elektron formada təqdim etməklə yanaşı, həmin xidmətlər üçün qanunvericiliklə müəyyən olunmuş dövlət rüsumlarının və xidmət haqlarının ödənişini online rejimində həyata keçirməyə imkan verir. Nazirlikdə kommersiya hüququ şəxslərə münasibətdə qrant müqavilələrinin elektron qeydiyyatı da aparılır. Eyni zamanda cərimə və maliyyə sanksiyalarının online rejimində elektron ödənilməsi üçün imkanlar yaradılmışdır.
Tədbirdə həmçinin İqtisadiyyat və Sənaye Nazirliyinin sahibkarlığın inkişafı siyasəti şöbəsinin nümayəndələri Fərid Salmanov, Natiq Heydərov və «İstehlak Mallarının Ekspertizası Mərkəzi» MMC-nin ekspertiza sektorunun müdiri Elçin Məlikov çıxış edərək nazirlik tərəfindən vətəndaşlara elektron informasiya resursları vasitəsilə online rejimində qəbula yazılma, müraciətlərin qəbulu və cavablandırılması, nazirliyin məsul işçiləri ilə canlı video əlaqənin qurulması, online rejimində sual-cavab və ən çox verilən suallar sistemi, investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi, dövlət proqramlarının icrası barədə informasiya sistemi (rəqəmsal xəritə), icazələrin elektron informasiya portalı, elektron ticarət portalı, malların mənşə və sertifikatlarının alınmasında elektron xidmətlərdən istifadə qaydaları barədə ətraflı məlumat vermişlər.
Tədbirə yekun vuran rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov qeyd etmişdir ki, nazirlik tərəfindən göstərilən elektron xidmətlər sahibkarlıq subyektlərinin fəaliyyətinin səmərəliliyinin artırılmasına, əlavə vaxt itkisinin qarşısının alınmasına əhəmiyyətli təsir göstərəcəkdir.