Sabirabad rayon İcra Hakimiyyəti başçısının mükafatı uğrunda futzal oyunlarının təntənəli açılışı
Mayın 16-da Olimpiya İdman Kompleksində rayon İcra Hakimiyyəti başçısının mükafatı uğrunda futzal yarışlarının təntənəli açılış mərasimi keçirilmişdir. Mərasim açıq elan olunduqdan sonra yarışlarda iştirak edəcək 40 komanda idman formasında tribuna önünə düzülmüşlər. Komandaların adları elan olunduqdan sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir.
Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçilərinin, inzibati ərazi nümayəndələrinin, bələdiyyələrin, idarə, müəssisə rəhbərlərinin, futzal azərkeşlərinin qatıldıqları açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov çıxış etmişdir. Rayon rəhbəri bildirmişdir ki, Azərbaycan artıq dünyada idman ölkəsi kimi tanınmışdır. Ölkəmizdə idmanın inkişafı dövlət siyasətinin əsas qollarından biridir.
Natiq eyni zamanda rayonda idmanın inkişafı ilə bağlı qarşıda duran vəzifələrdən də danışmış, yarış iştirakçılarına uğurlar arzulamışdır.
İcra başçısı bu il məktəblilər arasında keçirilən futzal yarışlarında qalib gələn M. Ə. Sabir adına 1 saylı şəhər tam orta məktəbinin komandasına Fəxri fərman, kubok və medallar təqdim etmişdir.
Onu da qeyd edək ki, komandalar dairəvi sistem üzrə mübarizə aparacaqlar. Qalib komandalar növbəti mərhələyə vəsiqə qazanacaqlar. Həmin gün ilk oyunda Olimpiya İdman Kompleksinin və Qalağayın kəndinin komandaları qarşılaşmışlar. Gərgin idman mübarizəsi şəraitində keçən görüş 6:4 hesabı ilə OİK-in qələbəsi ilə nəticələnmişdir.