Ümummilli lider Heydər Əliyevin ad gününə həsr olunmuş tədbir
Ümummilli liderimiz Heydər Əliyevin 91 illiyi Sabirabad rayonunda təntənə ilə qeyd edilmişdir. Tədbir iştirakçıları Ulu öndərin mərkəzi meydandakı abidəsi önünə gül dəstələri düzmüş və onun xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Tədbir iştirakçıları Heydər Əliyev mərkəzində Ulu öndərin Sabirabad rayonuna 15 səfərini əks etdirən eksponatlarla tanış olmuşlar. Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov iştirakçılara məlumat vermişdir ki, xalqımız Ulu öndər, müstəqil Azərbaycan dövlətinin qurucusu və xilaskarı Heydər Əliyevin 91 illiyini böyük ruh yüksəkliyi və təntənə ilə qeyd edir. Müdrik siyasətçi, nadir zəka sahibi və böyük vətənpərvər Heydər Əliyev Azərbaycanın dünyaya bəxş etdiyi və daim fəxr etdiyi ən dahi şəxsiyyətdir. O rəhbərlik etdiyi birinci mərhələdə Azərbaycanı keçmiş SSRİ-nin geridə qalmış aqrar diyarından inkişaf etmiş sənaye respublikasına çevirməyə nail oldu. Məhz həmin dövrdə bu böyük insan bütün çətinliklərə və maneələrə rəğmən indiki müstəqil Azərbaycanın bünövrəsini qoydu. O, inkişafımızın rəhni olan neft strategiyasının müəllifi olaraq Azərbaycanı regionun liderinə və dünyanın aparıcı ölkələrinin və güc mərkəzlərinin hesablaşdığı dövlətə çevirdi. Ümummilli liderimiz müdrik siyasəti və titanik fəaliyyəti sayəsində qüdrətli Azərbaycan yaradıb, onu qələbələrə aparan böyük strategiyanı müəyyənləşdirib, azərbaycançılıq ideologiyasının əsasını qoyub. Ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, elm, təhsil, mədəniyyət və idmanın inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev Azərbaycanın simvolu və xalqımızın qürur mənbəyidir. Ulu öndərimizin əsasını qoyduğu və Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş siyasət bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir və bizi yeni uğurlara aparır.
Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, Milli Məclisin deputatları Rüstəm Xəlilov, Ceyhun Osmanlı və digər qonaqlar rayonun idarə və təşkilatlarının, ictimai qurumların, orta və məktəbəqədər təhsil müəssisələrinin, ictimaiyyət nümayəndələrinin toplaşdığı parkı gəzmiş, bayram iştirakçıları ilə səmimi söhbətlər etmiş, kitab sərgisi ilə tanış olmuşlar.
Rayon rəhbərliyi və qonaqlar sonra Ulu öndərin anadan olmasının 91 illiyinə həsr olunan “Xəzər” televiziyası ilə birgə hazırlanmış böyük konsert proqramına tamaşa etmişlər. Parkın mərkəzində qurulan səhnədə respublikanın tanınmış incəsənət ustalarının ifasında Azərbaycana və Ümummilli liderə həsr olunan, könül oxşayan mahnılar və şeirlər səslənmişdir. Əsl bayram əhval-ruhiyyəsi yaşanan tədbirin sonunda atəşfəşanlıq olmuşdur.