Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum
Mayın 7-də Sabirabad rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilib.
120-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Sabirabad rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan "yaşıl market"in, çörək, pendir istehsalı, meyvəqurutma müəssisələrinin, 50 başlıq südlük istiqamətli müasir ailə fermer və intensiv bağçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin ötən dövrü ərzində 1511 sahibkara 73,6 milyon manat güzəştli kredit verilmişdir ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3500-ə yaxın yeni iş yerlərinin yaradılmasına imkan yaradır.
Qeyd edilib ki, ümumilikdə indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 7798 investisiya layihəsinin maliyyələşdirilməsinə 339 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan kənd təsərrüfatı üzrə də investisiya layihələri maliyyələşdirilib.
Forum çərçivəsində Sabirabad və ətraf rayonlardan olan 47 sahibkara 2,3 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, quşçuluq və digər istehsal sahələrinin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması nəticəsində 120-dən çox yeni iş yeri yaradılacaq.