Sabirabadda I rübün yekunları müzakirə olunmuşdur
Aprelin 17-də Heydər Əliyev Mərkəzində Sabirabad rayonunun sosial-iqtisadi inkişafı sahəsində 2014-cü ilin I rübünün yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı keçirilmişdir. Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov hesabat yağıncağını açaraq 2014-cü ilin I rübündə Sabirabad rayonunda aparılan ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində iqtisadiyyatın bütün sahələrində əldə edilən nailiyyətlərdən, sosial infrastruktur layihələrinin həyata keçirilməsi sahəsində qazanılmış uğurlardan danışmışdır.
Natiq qeyd etmişdir ki, rayonda quruculuq və abadlıq işləri sürətləndirilib. Mərkəzi Rayon Xəstəxanası üçün 205 çarpayılıq yeni xəstəxana binası tikilir. Rayon mərkəzində çirkab sular yığınağı olan “Axmaz” adlanan ərazinin qurudulması ilə bağlı tədbirlər davam etdirilir.
Əhalinin sosial problemlərinin həlli, o cümlədən vətəndaşlara geniş çeşidli xidmətlərin göstərilməsi, bürokratik əngəlləri aradan qaldırmaqla vətəndaş - dövlət münasibətlərində şəffavlığın təmin edilməsi məqsədilə ölkə başçısının tapşırığı ilə rayon mərkəzində “ASAN xidmət” üçün müasir tələblərə cavab verən dördmərtəbəli inzibati bina inşa edilir. Sabirabad sakinləri ilə yanaşı ətraf rayonların da əhalisi bu xidmətdən yararlanacaqlar. Rayon Mədəniyyət sarayı əsaslı təmir olunur. Çöl Beşdəli kənd tam orta məktəbində əsaslı təmir işlərinə başlanılmışdır. Türkədi, Cəngan kənd tam orta məktəblərinin və 3 saylı şəhər uşaq bağçasının tikintisi üçün hazırlıq işləri görülür. Şəhərin 20 Yanvar küçəsində yerləşən çoxmərtəbəli yaşayış binalarının fasad hissələri plitələrlə üzlənir, dam örtükləri dəyişdirilir. Bu işlər digər ictimai yaşayış binalarında aparılması nəzərdə tutulur.
Yığncaqda vurğulanmışdır ki, rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. 01 aprel 2014-cü ilədək yazlıq və payızlıq əkinlər də daxil edilməklə 50830 hektarda əkinlər keçirilmişdir.
«2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı»na əsasən dövlət torpaq fondu hesabına iri özəl taxılçılıq təsərrüfatlarının yaradılması istiqamətində Sabirabad rayonunda müəyyən işlər görülmüşdür. 11667 hektar ərazinin bu məqsəd üçün ayrılması nəzərdə tutulmuş, həmin ərazilərdən ilkin mərhələdə meliorativ tədbirlər aparılacaq 5000 hektar sahə seçilərək Respublika hökumətinə təqdim olunmuşdur. Layihəyə əsasən seçilmiş ərazilərə mənbəyi Kür çayından olmaqla 12-14 kub.metr/saniyə gücü olan 12 km uzunluğunda baş suvarma kanalı çəkiləcəkdir. Burada 2 meliorativ nasos stansiyanın tikilməsi də nəzərdə tutulmuşdur.
Dövlət büdcəsindən ayrılmış 15 milyon manat vəsait hesabına Finlandiya istehsalı olan 10 ədəd «Sampo» markalı müasir taxılbiçən kombayn gətirilmiş, onları idarə edəcək mexanizatorların təlim-tədris kurslarında təlimatlandırılması təşkil edilmişdir. Yaxın günlərdə daha 10 ədəd Almaniya və Belçika ölkələrinin istehsalı olan yeni taxılbiçən kombaynların gətirilməsi nəzərdə tutulmuşdur.
Əhalini dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə müəyyən tədbirlər həyata keçirilmişdir. “Azenko” tikinti təşkilatı tərəfindən rayonun Bulaqlı və Əsgərbəyli kəndlərində elektrik təsərrüfatında yenidənqurma işləri aparılır.
Rayonun Əhmədabad, Məmişlər və Yenikənd kəndlərində qaz xətlərinin çəkilişi başa çatdırılmışdır. Əhmədabad kəndində abonentlər üçün 467 ədəd, Məmişlər kəndində isə 390 ədəd qaz sayğacı quraşdırılmış və bu işlər davam etdirilir. Yaxın vaxtlarda həmin kəndlərə təbii qaz veriləcəkdir. Yenikənd kəndində də qaz sayğaclarının quraşdırılmasına başlanılmışdır.
Qəzli, Kovlar, Axısxa və Ətçələr kəndlərində qazlaşma işləri davam etdirilmişdir. 2014-cü ilin birinci rübündə həmin kəndlərdə 23229 p/metr məsafəyə müxtəlif diametrli borularla qaz xətti çəkilmişdir. Rayon mərkəzində su və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılmışdır.
Rayonda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində müəyyən işlər həyata keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 12 iyul 2013-cü il tarixli 3003 saylı Sərəncamı ilə uzunluğu 46 km olan Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun tikintisi davam etdirilir. Uzunluğu 46 km olan Şirvan-Həşimxanlı-Sabirabad avtomobil yolunda əsaslı təmir işlərinə başlanılmışdır.
Tədbirdə təhsil, səhiyyə və mədəniyyət sahəsindəki uğurlardan da danışılmışdır. 2014-cü ilin birinci rübündə təhsil sahəsində maddi texniki bazanın möhkəmləndirilməsi, təlim-tərbiyənin, təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində müəyyən işlər görülmüşdür.
Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin, zəngin irsinin öyrənilməsi işi məktəblərdə ənənə halını almışdır. Bundan əlavə Təhsil Nazirliyinin xüsusi proqramı əsasında «Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır» və «Ümummillli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır» mövzuları üzrə 03 fevral 2014-cü il tarixdən Heydər Əliyev Mərkəzində hər biri 2 akademik saat olmaqla XI sinif şagirdlərinə dərslərin tədrisinə başlanmışdır. Dərslərin yüksək səviyyədə tədrisini təmin etmək üçün peşəkarlığı və metodik hazırlığı ilə fərqlənən 11 nəfər tarix müəllimindən ibarət tərkib seçilmişdir. Müəyyən edilmiş mövzuların sistemli və əhatəli şəkildə şagirdlərə mənimsədilməsi üçün hər bir mövzu üzrə tezislər tərtib edilmiş və onlara çatdırılmışdır. Keçən müddət ərzində 40 dərs keçirilmiş, dərslərdə 1307 nəfər XI sinif şagirdi iştirak etmişdir.
Heydər Əliyev Mərkəzində keçirilən dərslərdə iştirak edən bütün şagirdlərə Mərkəzdə nümayiş etdirilən eksponatlarla tanış olmaq imkanı yaradılmışdır. Hazırda dərslər davam etdirilir.
Qeyd olunmuşdur ki, cəmiyyətin inkişafı ölkədə təhsilin səviyyəsindən, təhsilin səviyyəsi isə onun ilk pilləsi olan məktəbəqədər təhsilin təşkilindən asılıdır. Respublikamızda, o cümlədən rayonda məktəbəqədər təlim-tərbiyə müəssisələrinin inkişaf etdirilməsi istiqamətində daim məqsədyönlü tədbirlər həyata keçirilir. Uşaq bağçalarının maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzindədir. Son illər rayonumuzda 2 saylı şəhər uşaq bagçası əsaslı, 5 saylı şəhər uşaq bagçası cari təmir olunmuş, təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşmüş Qasımbəyli kənd uşaq bagçası yenidən tikilmiş, Azadkənd kənd uşaq bagçasının bir korpusu əsaslı təmir olunmuş, bütün baxcaların inventar və avadanlıqlarla təminatı xeyli yaxşılaşdırılmışdır. Bu il isə Heydər əliyev Fondunun dəstəyi ilə daha iki müasir üşaq baxcasının inşası nəzərdə tutulmuşdur.
Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması, tibb müəssisələrinin fəaliyyətinin səmərəliliyinin artırılması sahəsində ölkəmizdə genişmiqyaslı işlər aparılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə iki aydır ki, böyük bir sosial təşəbbüs icra olunur. Sırf sosial məna daşıyan əhalinin dispanserizasiya proqramının yerinə yetirilməsi barədə cənab Prezident I rübün yekunlarına həsr olunmuş iclasda demişdir: “Qısa müddət ərzində-cəmi iki ayda dörd milyon insan bu müayinədən keçib. Hesab edirəm ki, bu təşəbbüs hər il göstərilməlidir və bu, daimi proses olmalıdır”.
Ölkə rəhbəri tərəfindən bu istiqamətdə qarşıya qoyulan vəzifələr Sabirabad rayonunda da uğurla yerinə yetirilir. 2014-cü il fevral ayının 17-dən mayın 1-dək əhalinin icbari tibbi müayinədən keçirilməsi işlərinə mütəşəkkil qaydada başlanılmış və davam edir. Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə bu məqsədlə xüsusi komissiya yaradılmışdır. Mərkəzi Rayon Xəstəxanasında, rayon Poliklinikasında, Qaratəpə, Nizami, Yaxa Dəllək, Axtaçı Muğan, Axısxa, Qəzli kənd sahə xəstəxanalarında və Moranlı kənd həkim məntəqəsində əhalinin tibbi müayinədən keçirilməsi üçün bütün lazımi şərait yaradılmışdır. Hazırda əhalinin tibbi profilaktik müayinəsi davam etdirilir.
Mədəniyyət və Turizm şöbəsi əhalinin asudə vaxtının, kitabxana və muzey xidmətinin təşkili, maddi texniki bazanın möhkəmləndirilməsi istiqamətində müəyyən işlər görmüşdür. Heydər Əliyev Mərkəzinin fondu 537 eksponat təşkil edir, ekspozisiya zalında 365 eksponat nümayiş etdirilir. 2014-cü ilin 3 ayı ərzində Mərkəzə 1063 ekskursiya təşkil edilmiş, müxtəlif mövzularda 18 tədbir keçirilmiş, 4076 nəfər Ulu öndərin şərəfli ömür yolu ilə tanış olmuşdur.
Tədbirdə qeyd olunmuşdur ki, əhalinin aztəminatlı hissəsinin-pensiyaçıların, şəhid ailələrinin, müharibə və əmək veteranlarının, bu qismdən olan bütün təbəqələrin sosial müdafiəsini yaxşılaşdırmaq daim dövlətin diqqət mərkəzində olmuşdur.
Əlillər və tənha-ahıllar da daim dövlətin diqqət mərkəzində olmuşlar. 180 nəfər tənha-ahıla evlərdə sosial məişət xidmətləri göstərilir. Onlara xidmət göstərmək üçün Mərkəz tərəfindən 21 işçi təhkim edilmişdir. 3 nəfər əlilə “LİFFAN” markalı minik avtomobili verilmişdir.
Yoxsulluğun aradan qaldırılması, aztəminatlı ailələrin sosial rifah halının yaxşılaşdırılması istiqamətində keçirilən vacib tədbirlərdən biri də dövlət tərəfindən əhaliyə ünvanlı sosial yardımların verilməsidir. Rüb ərzində 2144 ailəyə (9274 nəfər) 2 milyon 997 min manat məbləğində ünvanlı sosial yardım verilmişdir. Həmin dövrdə 341 ailəyə (1503 nəfər) ünvanlı sosial yardım təyin edilmişdir.
Natiq bildirmişdir ki, bu gün Azərbaycan gəncliyi ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. Ölkə Prezidentinin 2011-ci il 6 aprel tarixli sərəncamı ilə təsdiq edilən «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə» Dövlət Proqamı gənclərin daha böyük uğurlar qazanmasına əsas verir. Hesabat ilində rayon İdman və Gənclər idarəsi bu Proqramdan və «Gənclər siyasəti haqqında» Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində müəyyən işlər görmüşdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq idmanın kütləviliyinin artırılması, uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlığının möhkəmləndirilməsi, Olimpiya İdman Kompleksindən və mövcud olan digər idman obyektlərindən səmərəli istifadə olunması üçün qarşıya mühüm vəzifələr qoyulmuşdur. İdman növləri üzrə rayon idman birlikləri təsis edilməli, mütəxəsislərdən və təhsil müəssisələrinin müəllimlərindən ibarət məşqçi-müəllim qrupları yaradılmalıdır. Tədbirlərin yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün geniş təbliğat işləri aparılmalı, bütün zəruri təşkilati məsələlər həll edilməlidir.
Hesabat dövründə də rayon İcra Hakimiyyəti vətəndaşların səyyarı qəbullarına, onların ərizə və şikayətlərinə vaxtında baxılmasına böyük önəm vermişdir. Cari ilin I rübündə rayon İcra Hakimiyyətinə vətəndaşlardan 614 təklif, ərizə və şikayət daxil olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22 ədəd azdır.
RİHB aparatında vətəndaşların qəbuluna xüsusi diqqət yetirilmişdir. Birinci rübdə RİH başçısı tərəfindən 293 nəfər vətəndaş qəbul edilmişdir. Vətəndaşlarla birbaşa ünsiyyət vasitələrindən biri də səyyari qəbulların keçirilməsidir. RİH başçısının inzibati ərazi dairələrində 12 görüşü keçirilmiş, bu görüşlərdə 37 nəfər (ümumi iştirak edənlərin sayı 1289 nəfər) müxtəlif sahələrdəki problemlərlə bağlı məsələ qaldırmışdır. Təkliflərlə əlaqədar aidiatı üzrə tapşırıqlar verilərək müvafiq şöbələr tərəfindən nəzarətə götürülmüş, həlli rayonun səlahiyyəti və imkanları xaricində olan məsələlər yuxarı orqanlar və qurumlar qarşısında qaldırılmışdır.
Yığıncaqda rayon MXR-ın baş həkimi Əziz Mikayılov, Təhsil şöbəsinin müdiri Elman Bünyadov, rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Vüsal Talıbov və başqaları çıxış edərək görülən işlərdən ətraflı danışmışlar və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün bundan sonra da səylə çalışacaqlarını əmin etmişlər.
Tədbirə yekun vuran İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov diqqəti qarşıda duran mühüm vəzifələrə cəlb etmişdir. O, bir daha bildirmişdir ki, biz hamılıqla ölkə Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə səfərbər olmalıyıq.