Rayonumuzda Novruz şənliyi
Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da Novruz bayramı böyük təntənə ilə qeyd edilmişdir. Şəhər başdan-başa bayram libası geyinmişdi. Novruzun gəlişini tərənnüm edən rəngarəng plakatlar şəhərimizə xüsusi yaraşıq verirdi. Martın 18-də Novruz bayramı ilə əlaqədar ulu öndər Heydər Əliyevin adını daşıyan parkda böyük izdiham və təntənə vardı. Şən və oynaq musiqi sədaları ətrafa yayılırdı. Həmin gün əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin əzəmətli abidəsi ziyarət edilmiş, önünə gül-çiçək dəstələri qoyulmuşdur. Sonra rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov başda olmaqla ictimaiyyətin nümayəndələri, ağsaqqallar, idarə, müəssisə rəhbərləri, gənclər, məktəblilər Heydər Əliyev parkına gəlmişlər. Parkın gözəlliyi sanki birə beş qat artmışdı. Park Novruzun nazlı gəlini hesab edilən səmənilərə, gül-çiçəyə, yaşıllığa bürünmüşdü. Burada qədim dövrlərdə məişətdə istifadə edilən əşyalar sərgilənirdi. Parkın müxtəlif yerlərində xalqımızın milli adət-ənənələrini əks etdirən sənətkarlıq nümunələri nümayiş etdirilirdi. Musiqiçilər, aktyorlar, məktəblilər, körpə balalar bahar, doğma ocaq, təbiət haqqında şeirlər söyləyir, mahnılar oxuyurdular. Folklor ansamblları, özfəaliyyət kollektivləri rəngarəng proqramla çıxış edirdilər. Milli geyimli oğlan və qızlar, gül ətirli balalar rəqs edirdilər. Rayonumuzu əhatə edən ərazi nümayəndəliklərində yaşayan sakinlərin, məktəblilərin əl işləri, həmçinin həmin ərazilərin təmsilçilərinin hazırladıqları milli xörəklər nümayiş etdirilirdi. Şənlik iştirakçıları milli mətbəximizin xörəklərindən dadırdılar. Güləşçilər, pəhləvanlar, karateçilər, kəndirbazlar öz məharətlərini göstərirdilər. Həvəskarlar xoruz döyüşdürürdülər.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov Novruz tonqalını alışdırır. Novruzun əsas personajları olan Kosa, Keçəl öz məzəli əhvalatları ilə parka toplaşanlara xoş ovqat bəxş edir. Cənab Nazim İsmayılov təbrik nitqi söylədi.
Rayon rəhbəri Nazim İsmayılov cənab İlham Əliyev başda olmaqla Azərbaycan xalqını və sabirabadlıları bayram münasibətilə təbrik etdi, sevinc, səadət, xoşbəxtlik, bolluq, firavanlıq arzuladı.
Respublikamızın və rayonumuzun tanınmış musiqiçilərinin şən və oynaq mahnıları şənliyi daha da rövnəqləndirdi.