Sabirabadda Qadın Resurs Mərkəzi açılmışdır
Martın 4-də rayonumuzda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Birləşmiş Millətlər Təşkilatının «Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı» mövzusunda birgə layihəsi çərçivəsində Qadın Resurs Mərkəzinin açılışı olmuşdur.
Tədbir iştirakçıları Qadın Resurs Mərkəzinin açılışında iştirak edərək mərkəzlə, mərkəzin üzvləri ilə tanış olmuşlar.
Tədbir Heydər Əliyev Mərkəzində davam etdirilmişdir. Burada qadın fəallarla görüş keçirilmişdir.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov açaraq qonaqları, iştirakçıları salamlamış, Qadın Resurs Mərkəzinin açılışı münasibətilə qadınları təbrik etmişdir. Cəmiyyətdə qadınların tutduğu mövqedən geniş danışmışdır. Bildirmişdir ki, ulu öndər Heydər Əliyev Azərbaycan qadınını yüksək dəyərləndirmiş, onlara daim qayğı göstərmişdir. Bu ənənə hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova «Gender bərabərliyi» mövzusunda məruzə etmişdir. Layihə rəhbəri Gülarə Hümbətova layihə çərçivəsində keçirilən tədbirlər haqqında hesabat vermiş, 2014-cü ildə nəzərdə tutulmuş işlər haqqında danışmışdır. BMTİP-in yerli nümayəndəsinin müavini Nato Alhazişvili çıxış etmişdir. Mərkəz üzvlərinin çıxışları dinlənilmişdir.