Sabirabadda qadınlar bayramı qeyd edilmişdir
8 Mart-Beynəlxalq qadınlar günü münasibətilə Sabirabad rayonunda «Kür-Araz» şadlıq evində bayram tədbiri keçirilmişdir. Öncə qadınları bayram münasibətilə təbrik edən rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov xüsusi vurğuladı ki, Ümummilli liderimiz Heydər Əliyevin yaratdığı möhkəm və sarsılmaz təməl üzərində tərəqqi edən və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində böyük inkişaf yoluna çıxan ölkəmizin həyatında qadınlar fəal mövqe tuturlar. İndi qadınlarımızın səsi dünyanın hər yerindən eşidilir. Onların təşkilatlanması və mövcud qadın təşkilalarının birgə fəaliyyəti istiqamətində böyük işlər görülür. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın gördüyü işlər, mərhəmət və şəfqət prinsipləri əsasında həyata keçirdiyi lahiyələr xalqımızın ürəyincədir və bütün bunlar Azərbaycan qadının qələbəsidir.
Bayram şənliyi boyu Azərbaycana, Ulu öndər Heydər Əliyevə, Analarımıza, Vətənimizin hüsnünə vəsf edilmiş şerlər və mahnılar səslənmişdir.
Tədbirdə çıxış edən Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynova, YAP rayon təşkilatının sədri Nadir Quliyev, rayon qadınlar Şurasının sədri Məleykə Həsənova, Mərkəzi rayon xəstəxanasının baş həkimi Əziz Mikayılov və başqaları dövlət qayğısından razılıq etmiş, vətənimizin çiçəklənməsi və övladlarımızın vətənpərvərlik ruhunda tərbiyə olunması naminə xoş arzularını bildirmişlər.