Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad yeni inkişaf yollarını müəyyənləşdirdi

21 fevral 2014 | 16:00

Fevralın 20-də Heydər Əliyev Mərkəzində Sabirabad rayonunun sosial-iqtisadi inkişafı sahəsində 2013-cü ilin yekunları və 2014-cü ildə qarşıda duran vəzifər barədə hesabat yığıncağı keçirilmişdir. Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov hesabat yağıncağını açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə bu ilin yanvar ayının 9-da Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda Azərbaycan Prezidenti cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələrədən danışmışdır.  O, bildirmişdir ki,  dünya iqtisadiyyatında böhran davam etsə də respublikada həyata keçirilən uğurlu siyasət nəticəsində əvvəlki illərdə olduğu kimi 2013-cü ildə də ümumi makroiqtisadi sabitlik qorunmuş, iqtisadiyyatın tarazlı və dayanıqlı inkişafı təmin edilmiş, ölkədə sahibkarlığın inkişafı, yeni müəssisələrin yaradılması və iş yerlərinin açılması sahəsində əsaslı işlər görülmüş, əhalinin sosial rifahı daha da yaxşılaşmışdır..
2013-cü il Azərbaycan xalqı üçün əlamətdar il olmuşdur. 9 oktyabr Prezident seçkiləri Azərbaycan xalqının Heydər Əliyev ideyalarına sadiqliyini bir daha əyani surətdə nümayiş etdirmiş, Ulu öndərin alternativsiz  davamçısı cənab İlham Əliyev xalqımızın iradəsi, mütləq əksəriyyətinin səsi ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Bütün xalqımız kimi sabirabadlılar da bir daha öz səsini boşboğazlığa, boş vədlərə yox, real siyasətə, real işlərə vermişlər.
Natiq qeyd etmişdir ki, Rayon üçün ötən ilin ən yaddaqalan  hadisələrindən biri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayonumuza növbəti səfəri olmuşdur. Cənab Prezident səfər çərçivəsində 8 obyektin açılışında və təqdimatında iştirak etmişdir. Şəhərin yenidən qurulmuş mərkəzi meydanı, orada ucaldılmış Ulu öndərin abidəsi, Yeni Azərbaycan Partiyası rayon təşkilatı üçün yeni tikilmiş 3 mərtəbəli inzibati bina, 2013-cü ildə inşa olunmuş möhtəşəm Heydər Əliyev Mərkəzi, Heydər Əliyev Parkında aparılan genişləndirmə və yenidənqurma işləri, Bulaqlı kəndində istifadəyə verilmiş 52 nəfərin çalışdığı müasir istixana kompleksi, Bakı-Sabirabad yolunun yenidən qurulması işləri ölkə Prezidenti tərəfindən yüksək qiymətləndirilmişdir. Möhtərəm Prezidentimiz Sabirabad ictimaiyyətinin nümayəndələri ilə görüşündə demişdir: “Çox işlər görülübdür. Sabirabad abadlaşır, gözəlləşir. Mən keçən dəfə iki il bundan əvvəl olmuşam burada. Görürəm ki, çox böyük dəyişikliklər vardır. Gözəl binalar tikilir, köhnə binalar bərpa edilir, parklar salınır”. Bu gün sabirabadlılar Möhtərəm Prezidentin rayonumuza səfərinin xoş təəssüratları altında daha böyük nailiyyətlər qazanmaq əzmi ilə çalışırlar.
Hesabat ilində rayonda iqtisadiyyatın bütün sahələrində 2012-ci illə müqayisədə nəticələr yüksəlmişdir. İstehsal olunan məhsulun həcmi 299 milyon 843 min manat, sənaye məhsulu istehsalı 5 milyon 286 min manat, kənd təsərrüfatı məhsulları istehsalı 167 milyon 195 min manat təşkil etmişdir. Əhaliyə 602 min manat rabitə, 39 milyon 808 min manat pullu xidmət,  4 milyon 426 min manat nəqliyyat xidməti, 5 milyon 994 min manat həcmində iaşə xidməti göstərilmişdir. Parakəndə əmtəə dövriyyəsi 167 milyon 872 min manata çatmışdır. Əvvəlki illə müqayisədə 2013-cü ildə sənaye, kənd təsərrüfatı məhsullarının həcmi, rabitə, nəqliyyat, iaşə və pullu xidmətlər, pərakəndə əmtəə dövriyyəsi xeyli artmışdır. 46 milyon 673 min manatlıq tikinti-quraşdırma işləri aparılmış, əsas kapitala yönəldilən investisiyaların həcmi 77 milyon 647 min manat olmuşdur.
Rayonda sahibkarlığın inkişafı üçün yaradılmış münbit şəraitin nəticəsidir ki, iqtisadiyyatın əsas sahələrində qeyri-dövlət sektorunun xüsusi çəkisi artaraq kənd təsərrüfatında və nəqliyyatda 100 faiz, tikintidə 81,3 faiz, sənayedə 25,3 faiz olmuşdur. Ticarət xidmətinin 99,9 faizi, pullu xidmətin 68,8 faizi qeyri-dövlət sektorunun payına düşür.
Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda bütün regionlarda yeni istehsal və emal müəssisələrinin yaradılması, infrastruktur təminatının və kommunal xidmətlərinin səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin açılması nəzərdə tutulmuşdur. İkinci Dövlət Proqramında Sabirabad rayonu üzrə nəzərdə tutulan tədbirlər uğurla həyata keçirilmişdir. Həmin dövrdə 6 məktəb binası, 1 xəstəxana, 3 həkim və tibb məntəqəsi tikilmişdir. 23 məktəb, 4 xəstəxana, 5 həkim və tibb məntəqəsi, 17 mədəniyyət obyekti əsaslı təmir edilmişdir. Dövlət Bayrağı Meydanı qurulmuş, Maliyyə idarəsi üçün yeni üçmərtəbəli bina tikilmiş, rayon İcra Hakimiyyəti və dövlət müəssisələri yerləşən inzibati binaların fasadları müasir qaydada təmir olunmuş, rayon Mədəniyyət evində əsaslı təmir işlərinə başlanılmışdır. Müasir tələblərə cavab verən 205 çarpayılıq Mərkəzi Rayon xəstəxanasının tikintisi davam etdirilir. Şəhərdə su və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılmışdır. Rayonda yeni asfalt və beton zavodları istifadəyə verilmişdir.
Heydər Əliyev prospektində yerləşən 9 beşmərtəbəli və 4 ikimərtəbəli yaşayış binalarının dam örtükləri dəyişdirilərək yeni plastik pəncərələr quraşdırılmış və divarlar müasir plitələrlə üzlənmişdir. Rayon mərkəzində çirkab sular yığnağı olan “Axmaz” adlanan ərazinin qurudulması davam etdirilir.
Son illər rayonda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində xeyli işlər görülmüşdür. Şəhərin Heydər Əliyev prospektinə, Nəriman Nərimanov, İlham İsgəndərov, Vüqar Əhmədov, Mehdi İbrahimov küçələrinə, Müseyib Şərifzadə küçəsindən Kür çayı üzərində inşa olunan körpüyə qədər avtomobil yollarına 118 min 500 kv.m asfalt döşənmişdir.
Azərbaycan Respublikası Prezidentinin 12 iyul 2013-cü il tarixli 3003 saylı Sərəncamı ilə uzunluğu 46 km olan Nizami-Əliləmbəyli-Sarxanbəyli avtomobil yolunda əsaslı təmir işləri aparılır. Həmin yolun 20 km-lik məsafəsi keçən ilin dekabr ayında istifadəyə verilmiş, yola 120 min kv.m asfalt vurulmuşdur. Bir sıra kənd yollarına çınqıl döşənməklə cari təmir işləri də aparılmışdır.Uzunluğu 43 km olan Suqovuşan-Məmişlər-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun əsaslı təmiri ilə əlaqədar məsələ qaldırılmışdır.  
Hesabat dövründə ümumiyyətlə 870 yeni iş yeri açılmışdır ki, bunun da 749-u daimi, 121-i isə müvəqqəti iş yerləridir. Ümumilikdə Proqram qəbul edildiyi müddət ərzində 175 müəssisə yaradılmış, 3232 yeni iş yeri açılmışdır ki, bunun da 2658-i daimi iş yerləridir. Yeni müəssisələrin yaradılmasında və iş yerlərinin açılmasında dövlət tərəfindən verilən güzəştli kreditlər mühüm rol oynayır. Təkcə ötən il 66 layihənin həyata keçirilməsi üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 1 milyon 830 min manat güzəştli kredit verilmiş və nəticədə 142 yeni iş yeri açılmışdır.
Yığncaqda vurğulanmışdır ki, rayonumuzun iqtisadiyyatının əsasını aqrar sahə təşkil edir. Yaradılmış şərait nəticəsində 2013-cü ildə əvvəlki ildən 576 hektar çox, yəni 56945 hektarda əkin aparılmaqla kənd təsərrüfatı məhsullarının istehsalı 2012-ci ilə nisbətən 11,0 faiz artaraq 167,1 milyon manata çatmışdır. Ötən il 76687 ton taxıl, 3146 ton pambıq, 14358 ton kartof, 62890 ton bostan, 1975 ton qarğıdalı, 43236 ton tərəvəz, 15470 ton meyvə və giləmeyvə, 154919 ton yem məhsulları istehsal edilmişdir. Əvvəlki illə müqayisədə rayon üzrə 2013-cü ildə taxıl, kartof, bostan, yem, meyvə və giləmeyvə məhsulları çox istehsal olunmuş, hər hektardan məhsuldarlıq  artmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən iri taxılçılıq təsərrüfatlarının yaradılması ilə bağlı ilkin mərhələdə Dövlət Ehtiyat Fond torpaqlarından və qış otlaq sahələrindən 5000 hektarında meliorasiya tədbirlərinin aparılması nəzərdə tutulmuşdur. Bunun nəticəsində rayonun Muğan Gəncəli, Moranlı, Sarxanbəyli kəndlərində suvarmadakı problemlər öz həllini tapacaqdır.
Əhalini dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə Sabirabad Elektrik Şəbəkəsi və “Azenko” tikinti təşkilatı tərəfindən müəyyən tədbirlər həyata keçirilmişdir. Rayon üzrə 31 ədəd transformator təmir olunaraq yerlərinə quraşdırılmış, Vidadi-2 və Minbaşı yarımstansiyalarında yüksək gərginlikli transformatorlar yenisi ilə əvəz olunmuşdur. Quruzma və Nizami yarımstansiyalarında yenidənqurma işləri aparılmışdır. Bir sıra kənd yaşayış məntəqələrində həyətyanı sahələrdən keçən və təhlükə mənbəyi olan yararsız hava verilişi xəttləri SİP kabellə əvəz olunmuşdur. “Azenko” tikinti təşkilatı tərəfindən Narlıq kəndində dayaqlar dəyişdirilmiş, hava verilişi xəttləri SİP kabellə əvəz olunmuş, yeni transformator və “Smart” kart tipli sayğaclar quraşdırılmışdır.
Ölkə Prezidentinin tapşırığı ilə 2013-cü ildə Sabirabad pilot rayon kimi seçilərək 14 yaşayış məntəqəsi üzrə elektrik təsərrüfatının yenidən qurulması nəzərdə tutularaq bu məqsədlə “Azərenerji” ASC-yə lazımi vəsait ayrılmışdır. Hazırda həmin istiqamətdə işlər davam etdirilir.
2013-cü ildə görülən işlər nəticəsində təbii qaz istifadəçilərinin sayı 3621 abonent artaraq 12945-ə çatmışdır. Şəhərin qazlaşma işləri ümumən başa çatdırılmışdır. Rayonun Bulduq, Mürsəlli, Şıxlar, Qaratəpə, Qaralar, Quruzma, Qaraqaşlı və Surra kəndlərinə, ümumilikdə 15 kəndə təbii qaz verilmişdir. Hazırda rayonun 11 kəndində qazlaşma işləri aparılır və yaxın zamanlarda 3 kəndə  təbii qazın verilməsi təmin olunacaqdır.
Sabirabad şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması işlərinə də başlanılmışdır. Layihəyə əsasən Talış su kəmərindən Sabirabad şəhərinə su xətti çəkilir. Həmin xətt vasitəsilə su borusu keçən ərazilərdə yerləşən və rayon mərkəzinə yaxın olan kəndlərə içməli suyun verilməsi nəzərdə tutulmuşdur. 
Digər kəndlər də  bu layihələrdən kənarda qalmamışdır. Hazırda rayonun 24 kəndində modul tipli su durulducu qurğular tikilmiş, 26 kənddə bu tipli qurğuların tikintisinə hazırlıq işləri görülür.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Hacıqabul rayonunda keçirilən Şirvan-Muğan qrup su kəmərinin təməlqoyma mərasimində təqdim olunan layihədə Sabirabad rayonunun 13 kəndinə də içməli suyun verilməsi nəzərdə tutulur.
Tədbirdə təhsil və səhiyyə obyektlərinin əsaslı təmir edilməsi və yenilərinin tikilməsi  və onların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamtində geniş tədbirlərin həyata keçirildiyindən də danışıldı. 2012/2013-cü tədris ilində orta məktəbi 1980 nəfər şagird bitirmişdir. Onlardan 276 məzun müxtəlif ali məktəblərə qəbul olmuşdur. Bu da əvvəlki illə müqayisədə 43 nəfər çoxdur. Abituriyentlərdən 13 nəfəri 600-dən, 17 nəfəri isə 500-dən yuxarı bal toplamışlar. M.Ə.Sabir adına 1 saylı şəhər tam orta məktəbin şagirdi Səlimova Nərmin Xalid qızı və Nəriman Nərimanov adına 2 saylı beynəlmiləl təbiət və texniki təmayüllü məktəb-liseyin şagirdi Babayeva Turan Elnur qızı Təhsil Nazirliyi tərəfindən qızıl medala layiq görülmüşlər.
Qeyd etdyimiz kimi 2013-cü ildə Cənab Prezidentin də təqdimatında iştirak etdiyi 1200 şagird yerlik Mirzə Ələkbər Sabir adına şəhər 1 saylı tam orta məktəb istifadəyə verilmişdir. Hacı Zeynalabdin Tağıyev adına şəhər 6 saylı tam orta məktəb binası əsaslı təmir edilmiş və məktəbin əlavə 200 şagird yerlik 10 sinif otağı tikilmişdir. Həmçinin hesabat ilində Qaraağac, Kovlar, 1 saylı Qaragüney və Xəlfəli kənd tam orta məktəbləri də əsaslı təmir edilmişlər. Həmin məktəblərin hamısı lazımi inventar və avadanlıqlarla təchiz olunmuşlar.
Əhaliyə göstərilən səhiyyə xidmətinin yaxşılaşdırılması ilə bağlı Mərkəzi Rayon Xəstəxanası tərəfindən müəyyən tədbirlər həyata keçirilmişdir. Ötən il rayon əhalisinə 180 çarpayılıq mərkəzi, 90 çarpayılıq 6 kənd sahə xəstəxanası, 30 həkim və 38 tibb məntəqələri xidmət göstərmişdir. Əhalinin sağlamlığına 121 nəfər həkim, 437 nəfər orta ixtisaslı tibb işçisi xidmət edir.
Ötən ilin may ayında Azərbaycan Dövlət Tibb Universitetinin 8 ixtisas üzrə həkim briqadası rayonumuzda olmuş Qasımbəyli və Yolçubəyli kəndlərində ümumilikdə 556 nəfər qəbul edərək müayinələr aparılmışdır. Yüksək ixtisaslı həkimlər tərəfindən onlara  tibbi yardımlar göstərilmiş, lazımi tövsiyyələr verilmiş, ehtiyacı olanları isə Bakı şəhərinin aidiyyəti klinikalarına təyinatla göndərilməsi təmin edilmişdir.
2013-cü il ərzində  Mədəniyyət və Turizm şöbəsi əhalinin asudə vaxtının, kitabxana və muzey xidmətinin təşkili, maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində müəyyən işlər görmüşdür. Şöbənin nəzdində 33  mədəniyyət evi, 8 klub, 58 kitabxana, uşaq musiqi məktəbi, Heydər Əliyev Mərkəzi, Tarix-diyarşünaslıq muzeyi fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayonumuza səfəri çərçivəsində 29 avqust 2013-cü ildə istifadəyə verilmiş Heydər Əliyev Mərkəzinin hazırkı fondunu 537 eksponat təşkil edir, ekspozisiya zalında 353 eksponat nümayiş etdirilməklə burada 7 dərnək, Azərbaycan dövlətçiliyi tarixi kabineti, 3D kino zalı, internet kafe, 330 yerlik böyük, 25 yerlik konfrans zallları  və səyyar rəsm qalereyası fəaliyyət göstərir.
Azərbaycan Respublikası Qanunlarını, ölkə Prezidentinin fərman və sərəncamlarını geniş əhali kütləsinə çatdırmaq üçün təbliğat və təşviqat işləri gücləndirilmişdir. Ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi və təbliği təşkil edilmiş, Ulu Öndərin 90 illik yubileyi təntənə ilə qeyd olunmuşdur. Dövlət bayramlarının və tarixi günlərin aidiyyəti təşkilatlarla birlikdə keçirilməsi təmin edilmişdir.
Rayon Gənclər və İdman idarəsi tərəfindən gənclərin asudə vaxtının təşkili, hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması və digər sahələrdə müəyyən tədbirlər görülmüşdür. “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın icrası ilə əlaqədar müxtəlif ümümrespublika və ümümrayon idman yarışları təşkil olunmuş, qaliblərə qiymətli hədiyyələr və diplomlar verilmişdir. İdmançılarımız respublika səviyyəli yarışlarda da rayonumuzu layiqincə təmsil etmişlər.
Əhalinin aztəminatlı hissəsinin-pensiyaçıların, şəhid ailələrinin, müharibə və əmək veteranlarının, bu qismdən olan bütün təbəqələrin sosial müdafiəsini yaxşılaşdırmaq daim dövlətin diqqət mərkəzində olmuşdur. Aztəminatlı ailələrin sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən vacib tədbirlərdən biri də əhaliyə ünvanlı sosial yardımların verilməsidir. 2013-cü ildə rayon üzrə 2147 ailəyə (9294 nəfər) ünvanlı sosial yardım təyin edilmişdir. Əlillər və tənha-ahıllara xidmət diqqət mərkəzində olmuşdur. 185 nəfər əlil və tənha-ahıla evlərdə sosial məişət xidmətləri göstərilir. 1 nəfər Böyük Vətən müharibəsi və 2 nəfər Qarabağ müharibəsi əlilinə pulsuz “LİFFAN” markalı minik avtomobili verilmişdir.
Respublikada həyata keçirilən sosial proqramlardan biri əhalini çoxdan narahat edən, sovet dövründən qalmış əmanətlərə görə kompensasiyaların ödənilməsi olmuşdur. Rayonumuzda da bu proqramın icrası ilə bağlı 10755 nəfər əmanətçiyə 4 milyon 504 min manat məbləğində kompensasiya ödənilmişdir.
Həmin ildə rayon Telekommunikasiya Qovşağı əhaliyə göstərilən telefon və digər rabitə xidmətlərinin yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirmişdir. Geniş zolaqlı internet şəbəkəsinin yaradılması və rabitə xidmətinin daha da yaxşılaşdırılması məqsədilə bütün kəndlərin fibro optik kabelə qoşulması işləri əsasən başa çatdırılmışdır. Hazırda 11 kəndin abunəçisi internet xidmətindən istifadə edirlər. Yaxın gələcəkdə bütün kənd sakinləri bu xidmətdən yararlanacaqlar. Rayonda 14 internet klub fəaliyyət göstərir, digər provayderlərlə birlikdə 1727 abonent geniş zolaqlı internetdən istifadə edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev vətəndaşların müraciətlərinə, ərizə və şikayətlərinə vaxtında baxılması, haqlı tələblərinin həll edilməsi ilə bağlı icra strukturları qarşısında mühüm vəzifələr qoymuşdur. Hesabat dövründə vətəndaşlar tərəfindən rayon İcra Hakimiyyətinə 2580 ərizə və şikayət daxil   olmuşdur ki,    bu da 2012-ci illə  müqayisədə   581 ədəd azdır. Müraciətlərin bir hissəsi rəhbər dövlət orqanları vasitəsilə alınmışdır. Respublikanın rəhbər orqanlarına edilən müraciətlərin sayı da xeyli azalmışdır. Daxil olan müraciətlər diqqətlə öyrənilərək icrası əsasən vaxtında təmin edilmişdir.
2013-cü ildə RİH başçısı aparatında 3378 nəfər, o cümlədən başçı tərəfindən 1853 nəfər vətəndaş qəbul edilmişdir. Vətəndaşlarla birbaşa ünsiyyət yaratmaq məqsədilə RİH başçısının inzibati ərazi dairələrində 46 səyyar görüş keçirilmiş, orada 172 nəfər (ümumi iştirak edənlərin sayı 4627 nəfər) müxtəlif sahələrdəki problemlərlə bağlı məsələ qaldırmışdır. Təkliflərlə əlaqədar aidiatı üzrə tapşırıqlar verilərək icrası nəzarətə götürülmüş, həlli rayonun səlahiyyəti və imkanları xaricində olan problemlər barədə müvafiq orqanlar və qurumlar qarşısında məsələ qaldırılmışdır.
N.İsmayılov sonra demişdir:
- Bu ilin fevral ayının 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2009-2013-cü illər üzrə qəbul olunmuş 2-ci Dövlət Proqramının icrası geniş müzakirə edilərək qarşıya böyük vəzifələr qoyulmuşdur. Ölkə rəhbəri 2014-cü ildə və gələcəkdə də korrupsiya, rüşvətxorluq hallarına qarşı qətiyyətli mübarizə aparılacağnı xüsusi vurğulamış, hər bir vəzifəli şəxsə bununla əlaqədar ciddi xəbərdarlıq etmişdir. Yerlərdə kənd təsərrüfatı məhsulları istehsalçılarına ayrılan yardımların şəffaf şəkildə verilməsini xüsusi tapşırmışdır. Bununla əlaqədar tərəfimdən əvvəllər də aidiyyəti qurumlara ciddi göstərişlər verilmişdir. Bu gün bir daha həmin məsələ ilə əlaqədar rayon İcra Hakimiyyətinin aqrar şöbəsinə tapşırıram ki, qeyd olunan məsələ daim araşdırılsın və aşkar edilmiş faktlarla bağlı ciddi tədbirlər görülsün.
Yığıncaqda rayon MXR-ın baş həkimi Əziz Mikayılov,  Qaz istismarı sahəsinin rəisi Qənimət Səmədov, rayon ağsaqqalı Məmmədsaleh  Salahov və başqaları çıxış edərək görülən işlərdən ətraflı danışmışlar və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün bundan sonra da səylə çalışacaqlarını əmin etmişlər.
Tədbirə yekun vuran İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov diqqəti qarşıda duran mühüm vəzifələrə cəlb etmişdir. O, bir daha bildirmişdir ki, biz hamılıqla ölkə Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə səfərbər olmalıyıq. Bunun üçün hər birimiz öz işimizə məsuliyyətlə yanaşmalı, özümüzə qarşı tələbkarlığı artırmalıyıq. 
Axırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə yığıncaq iştirakçıları adından yekdilliklə müraciət qəbul edilmişdir.

Keçidlər