Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda 31 mart Azərbaycanlıların soyqırımının anım mərasimi ilə bağlı tədbir keçirildi

31 mart 2022 | 16:00

Sabirabad şəhəri Heydər Əliyev Mərkəzində Sabirabad Rayon İcra Hakimiyyəti və "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin təşkilatçılğı ilə "31 mart Azərbaycanlıların soyqırımının" anım mərasimi ilə bağlı tədbir keçirildi. Tədbirdə Sabirabad rayon icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Sabirabad rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ceyran Xəlilova, Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının aparat rəhbəri Ağadadaş Həsənov, "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin sədri, müharibə veteranı Şamil Sabiroğlu, birliyin üzvü Kazım Tağızadə, Sabirabad rayon Gənclər və idman idarəsinin rəisi Nadir Quliyev və gənclər iştirak etmişlər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Daha sonra Vətən torpaqları uğrunda şəhid olan soydaşlarımızın ruhu bir dəqiqəlik sükutla yad edilmiş, Xocalı Soyqırımı ilə bağlı hazırlanmış videoçarx nümayiş olunmuşdur.

Tədbirdə  rayon icra hakimiyyətinin birinci müavini Həsən Həsənov tədbir iştirakçılarını salamladı və sözü "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin sədri Şamil Sabiroğluna verdi.

Şamil Sabiroğlu çıxış edərək Azərbaycan xalqının başına erməni quldurları tərəfindən gətirilən müsubətlərdən danışdı. Xocalı faciəsi haqqında geniş məlumat verdi. O, çıxışında qeyd etdi ki, erməni vəhşiliklərini ifşa etmək, Xocalı faciəsini dünyanın diqqətinə çatdırmaq üçün hər birimizin üzərinə düşən müəyyən vəzifələr var. Sosial şəbəkələrdə aktiv olmaq, informasiya resurslarımızı Xocalı faciəsi haqqında olan məlumatlarla zənginləşdirmək lazımdır.

Daha sonra çıxış edən Sabirabad rayon Gənclər və idman idarəsinin rəisi Nadir Quliyev qeyd etmişdir ki, bu gün biz artıq qalib ölkəyik, 44 günlük Vətən müharibəsi bir daha xalqımızın bu faciələri unutmadığını və bu torpaqlar uğrunda canını fəda etmiş şəhidlərimizin qanının yerdə qalmadığını göstərdi.

Tədbirin sonunda "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin sədri Şamil Sabiroğlu tərəfindən  Kazım Tağızadəyə və digər fəal şəxslərə üzvlülük vəsiqəsi təqdim olundu.

Keçidlər