Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev: Bu Bəyanat bizim şanlı qələbəmizdir

11 noyabr 2020 | 16:00

Noyabrın 10-u Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciət edərək bildirmişdir ki, bu bəyanatın imzalanmasının səbəbi noyabrın 9-da - Dövlət Bayrağı Günündə bizim növbəti şanlı hərbi qələbəmiz olub. Çünki noyabrın 9-da 72 yaşayış məntəqəsini Azərbaycan Ordusu işğalçılardan azad edib. Şuşanın azad edilməsi, noyabrın 9-da 72 yaşayış məntəqəsinin azad edilməsi və sentyabrın 27-dən bu günə qədər 300-ə yaxın yaşayış məntəqəsinin azad edilməsi ilə Ermənistan ordusunun belini qırmışıq.

Bəyanata əsasən:

1.Bu gün Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında bütün hərbi əməliyyatlar tam dayandırılır. Azərbaycan və Ermənistan hazırda tutduqları mövqelərdə qalacaqlar;

2.Noyabrın 20-dək Ağdam, noyabrın 15-dək Kəlbəcər, dekabrın 1-dək Laçın rayonunları Azərbaycan Respublikasına qaytarılır;

3.Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiyanın 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir;

4.Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır;

5.Növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur;

6.Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ofisinin nəzarəti altında geri qayıdır;

7.Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir;

8.Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilir.

Bəyanatın üstünlükləri

· Azərbaycan bu il sentyabrın 27-də başlamış İkinci Qarabağ münaqişəsinin müvəffəqiyyətlə başa vurdu, Böyük Vətən müharibəsi bizim Böyük Zəfərimizlə başa çatdı;

· Azərbaycan son iki yüz illik tarixində müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır;

· Bu bəyanat Ermənistanın hərbi kapitulyasiyası deməkdir. Azərbaycana maksimum sərf edən sənəddir;

· Ermənistan baş naziri əvvəlcə bəyanatı imzalamaqdan imtina etsə də, sonradan imzalamışdır. Beləliklə, Ermənistanın müstəqil siyasi iradəsi olmadığı, Rusiyanın forpostu olduğu bir daha təsdiqləndi;

· Bəyanat uzun illər davam edən işğala son qoyur;

· Bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur. Qarabağa heç bir status, muxtariyyət, hətta mədəni muxtariyyət belə verilmir;

· Azərbaycan müharibənin əvvəlcədən sülhə məcburetmə əməliyyatı olduğunu, qan tökmə və torpaq qəsb etmək məqsədi güdmədiyini deyirdi və bu bəyanatın Ermənistan tərəfindən imzalanması sülhə məcburetmə əməliyyatının uğurla bitməsinin təsdiqidir;

· İmzalanacaq sazişdən sonra insanlarımızın 30 illik həsrətinə son qoyulur, insanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq;

· Bəyanatla Ermənistan öz üzərinə Kəlbəcər, Laçın və Ağdam bölgələrindəki işğalçı qoşunların dağlıq və keçilməsi çətin olan ərazilərdən çıxarılması üçün kapitulyasiya öhdəlikləri götürür (işğal altında olduğu dövrdə Ermənistan həmin ərazilərdə çoxsəviyyəli dərin eşelonlaşdırılmış istehkam-sığınacaq sahələri yaradıb);

· Bəyanata əsasən, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır. Bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcək. Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaqdır;

· Bölgədə gələcək əməkdaşlıq formatında Türkiyə və Rusiya iştirak edəcək. Hər iki ölkə bizim üçün dost, qonşu ölkədir;

· Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbit edilir. Beləliklə, Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı. Bununla da, Naxçıvanın 30 illik blokadasına son qoyulur, eyni zamanda türk dünyasının yerüstü tranzit–rabitə əlaqələri bərpa olunur;

· Başqa kənar oyunçuların bölgədə tərəf olmaq cəhdləri aradan qalxır.

Bəyanatın əldə olunmasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin səylərini yüksək qiymətləndirilməlidir. Münaqişənin dayandırılmasında bu iki lider öz müsbət rolunu oynayıb. 

Keçidlər