Şriftin ölçüsü :

Saytın rəngi :

Dağlıq Qarabağın azad olunması ədalət, milli qürur və beynəlxalq hüquq məsələsidir

04 noyabr 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibə verib. Ölkə rəhbəri müsahibəsində Azərbaycanın mövqeyi ilə bağlı mühüm məqamlara toxunub. Yeddi rayon Azərbaycana qaytarılmalıdır. Ermənilər heç vaxt bu rayonlarda yaşamayıblar. Dağlıq Qarabağdan qovulmuş, hazırda sayı 65 mindən çox olan azərbaycanlı icması  oraya qayıtmalıdır.

Azərbaycan muxtariyyət təklif edəndə ermənilər bunu rədd edir, müstəqillik tələb edirdilər. İndi reallıqlar dəyişib. 27 il ərzində Azərbaycanın erməni tərəfinə   təklif etdikləri, ola bilsin, artıq öz qüvvəsini itirib. İndi muxtariyyət verilməyə bilər, müzakirələr hələ başlamayıb. Mərhələli həll planına əsasən, birinci mərhələdə boşaldılması nəzərdə tutulan beş rayon  işğaldan azad edilib.  Ona görə də həmin plan köhnəlmiş sayılır. Azərbaycanlılar və ermənilər birgə yaşamalıdır, bu, asan olmasa da, biz öyrənməliyik. Müharibəni dayandırmağın yeganə yolu Ermənistanın öz məğlubiyyətini qəbul etməli, bizim qələbəmizi qəbul etməli, sonra ərazilərin bir hissəsini boşaltmaq barədə öhdəlik götürməlidir.

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə hər hansı üçüncü ölkənin cəlb olunmasını istəmir. Ermənistanla Azərbaycan arasında olan döyüşdən hər kəs uzaqda durmalıdır. Dağlıq Qarabağ Azərbaycan torpağıdır, beynəlxalq səviyyədə tanınan  ərazimizdir. Avropa ölkələrinin beynəlxalq hüquqla tanınan əraziləri onlar üçün nə qədər mühümdürsə, Dağlıq Qarabağ da Azərbaycan üçün o qədər mühümdür. Dağlıq Qarabağın azad olunması ədalət, milli qürur  və beynəlxalq hüquq məsələsidir.

Azərbaycanda siyasi sistem və siyasi proses səmərəlidir. Parlament seçkilərindən əvvəl Azərbaycanda siyasi əməkdaşlığın yeni prosesinə start verilib. Biz müasir, yeni siyasi prosesə başladıq. Prezidentin təşəbbüsü ilə praktiki əməkdaşlığa başlamaq üçün bütün siyasi partiyalara açıq müraciət edilmiş, mövcud  52 real siyasi partiyadan 50-si bunu dəstəkləmiş, yalnız iki partiya çağırışa cavab verməmişdir. Azərbaycanda siyasi dialoq mühiti var. Azərbaycanda siyasi ittiham irəli sürülmüş heç kim həbs edilməyib. Azərbaycanın pandemiya dövründə də iqtisadi göstəriciləri normaldır. İqtisadiyyatımız cəmi 3,9 faiz azalıb.

Azərbaycanın konvertasiya oluna bilən valyuta ehtiyatları xarici borcundan 6 dəfə çoxdur. İqtisadi göstəricilər regionda ən yaxşıdır, sosial göstəricilər Avropanın bəzi ölkələrindən belə yaxşıdır.  Azərbaycanda ciddi daxili problemlər yoxdur. Azərbaycan özünü demokratiya nümunəsi kimi göstərmir. Özlərini demokratiya nümunəsi kimi göstərən ölkələrdə etirazçıları qətlə yetirirlər.  Sentyabrın 27-də Azərbaycan birinci atəş açmayıb. Birinci atəşi Ermənistan açıb və bunun sübutları var. Atəşkəsi Azərbaycan yox, Ermənistan pozur. Azərbaycan arsenalında olan İsrail dronlarına arxayın olaraq müharibəyə başlamayıb. Bu dronlar əvvəldən də var idi. Sadəcə, bu dəfə təxribatın miqyası böyük idi və Ermənistan hələ də hücumu dayandırmadığından atəşkəs əldə olunmur. “Amnesty İnternational” və “Human Rights Watch” təşkilatlarının Azərbaycanın kaset bombalardan istifadə etməsi haqda iddiası yalandır. Ordumuzun yetirincə müasir silahları var və belə bir əlavə silaha ehtiyacı yoxdur.

Dağlıq Qarabağın azad olunması sərvətlərə görə deyil, tarixi və hüquqi ədaləti bərpa etmək üçündür. Bu, Avropa dövlətlərinin öz hüquqi ərazilərinə sahib çıxması ilə müqayisə edilə bilər. “Dünya üzrə əksər tarixçilər” ifadəsi yanlışdır, Prezident hər dəfə müsahiblərində  Qərb jurnalistlərinə bəsit tarixi həqiqətləri izah edir, onlara mənbələrlə işləmək dərsi keçir. Ermənilər deyil, azərbaycanlılar etnik təmizləməyə məruz qalıb, ordu işğal olunmuş ərazilərimiz azad etdikdən sonra bir milyona köçkün öz yurd-yuvasına qayıdacaq.

Azərbaycanlılar etnik təmizləməyə məruz qalmışlar. Ermənistan Dağlıq Qarabağı və 7 ətraf rayonu işğal edəndə 750 min azərbaycanlı etnik təmizləməyə məruz qaldı. Azərbaycan ermənilərə qarşı etnik təmizləmə aparmamışdır və bunu indi də etməyi planlaşdırmır. Şuşada kilsənin məqsədyönlü vurulması xəbəri yalandır, bunu ermənilərin özünü etməsi də istisna deyil. Bakıda erməni kilsəsi və kitabxanası hifz olunur, işğal olunmuş rayonlarımızda isə onlar məscidləri təhqir edirlər. Sülh təbliğinə görə Azərbaycanda həbslər haqda heç bir real fakt yoxdur, şayiədir,  jurnalist müsahibədə feyk xəbərə istinad edir. İkinci Qarabağ müharibəsinin iqtidarın xalqı öz ətrafında birləşdirməsi, demokratiya və insan haqları ilə bağlı ölkədəki problemlərdən diqqəti yayındırmaq  üçün başladıldığı haqda deyilənlər Prezidentin gətirdiyi iqtisadi statistika ilə təkzib olunur. Belə bir iddia səsləndirilməsi Qərb mediasının bir çox hallarda erməni feykləri ilə işləməsini göstərir. Döyüş meydanında heç bir xarici döyüşçü yoxdur. Bakıda görünən xaricililər sadəcə turist və ya birgə hərbi təlimlərdə iştirak edənlər ola bilər.

Keçidlər