Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Almaniyanın ARD televiziya kanalına müsahibə verib

04 noyabr 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibə verib. Ölkə rəhbəri müsahibəsində Azərbaycanın mövqeyi ilə bağlı mühüm məqamlara toxunub. Ermənistanın Azərbaycana qarşı təxribatları davamlı və məqsədyönlü olub. Birinci hərbi təxribat iyul ayında törədilmişdir. İkinci hərbi təxribat avqust ayında baş vermiş, Ermənistan qətllər törətmək üçün diversiya qrupu göndərmişdir. Üçüncü hərbi təxribat sentyabrın 27-də törədilmiş, erməni tərəfi təmas xəttinə yaxın yerləşən bəzi şəhər və kəndləri ağır artilleriya bombardmanına tutmuşlar. Atəşi ilk açan Ermənistandır, mülki şəxslər və hərbçilər arasında ilk qurbanlar azərbaycanlılar idi.   Azərbaycanın üç dəfə atəşkəsə razı olması faktı hərbi toqquşmaları dayandırmaq və bu məsələni danışıqlar masasında, siyasi yolla həll etmək iradəsini nümayiş etdirir. Ermənistan üç dəfə atəşkəsi kobud şəkildə pozmuşdur. Azərbaycan düşmənə yalnız döyüş meydanında cavab verir. Azərbaycan atəşin dayandırılmasına tərəfdar olsa da, Ermənistan tərəfi təmas xəttindən uzaqda yerləşən şəhərlərə raket atmaqla, mülki infrastruktura ziyan vurmaqla döyüşün davam etməsində maraqlı olub. Azərbaycan həmişə sülh planına sadiq olub. Ermənistan həmişə münaqişənin sülh yolu ilə həllinə qarşı olub. Danışıqlar masasında onların bütün davranışı vasitəçiləri və Azərbaycanı aldatmaq cəhdindən ibarət olub. İndi azad edilmiş ərazilərimizdə qurulmuş istehkam qurğuları  göstərir ki, onlar bu ərazilərdən çıxmağı planlaşdırmayıblar. Azərbaycan nə qədər çox müdafiə olunursa, daha çox əraziləri azad edir. Azərbaycanın kifayət qədər silah-sursatı, müasir silahları var və onları döyüş meydanında nümayiş etdirir. Azərbaycanın məhv etdiyi və qənimət kimi götürdüyü sursatın dəyəri 2,7 milyard dollardır. Bu pul haradan gəlir? Ermənistan kasıb ölkədir, büdcəsi 2 milyard dollardan azdır, xarici borcu isə 8 milyard dollardır. Şəhərləri bir-birinin ardınca işğaldan azad edən və milli bayrağımızı ucaldan Azərbaycan ordusunun döyüşçüləridir. Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən oktyabrın 31-dək dinc əhaliyə qarşı törədilmiş cinayətlərlə bağlı Baş Prokurorluğun məlumatı: 91 nəfər mülki şəxs həlak olub, 404 nəfər isə xəsarət alıb. Ermənistanın ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 2465 ev, 97 çoxmənzilli yaşayış binası və 455 mülki obyekt yararsız vəziyyətə düşüb.

ATƏT-in Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvü olsalar da, Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamənin icrası üçün heç nə etməyiblər. Minsk qrupu həmsədrləri Ermənistana sanksiya tətbiq etməli idi. Vaxtilə İraqa qarşı tətbiq edilmiş ciddi sanksiyalar Ermənistana tətbiq edilsəydi, işğalçı qüvvələrini geri çəkərdi. Münaqişənin dondurulmuş kimi görünməsi beynəlxalq vasitəçiləri qane edib. Beynəlxalq vasitəçi olan ölkələrin hər biri Ermənistana birtərəfli qaydada elə bir mesaj verə bilər ki,  ona qulaq assın, lakin belə mesaj verilməyib. ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi səmərəli olmayıb. Azərbaycan daha güclü ola biləcək bəzi başqa vasitəçilər barədə düşünməyə bilməz. Azərbaycan istənilən halda torpaqlarını azad edəcək. Bir çox beynəlxalq hüquq müdafiə təşkilatları hadisələri yalnız Ermənistan tərəfindən işıqlandırırlar. Beynəlxalq hüquq müdafiə təşkilatlarının qərəzliliyi ilə bağlı böyük şübhələr var. Yalnız Azərbaycanın müraciətindən sonra bu təşkilatlar Azərbaycana gəlmişlər. Azərbaycan ədaləti bərpa edir və BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edir.

Keçidlər