Şriftin ölçüsü :

Saytın rəngi :

Qaratəpə kəndində Sabirabad rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir

07 may 2019 | 16:00

Qaratəpə kənd tam orta məktəbinin iclas zalında Sabirabad rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir. Qəbulda çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov qeyd etmişdir ki, dövlət başçısı cənab İlham Əliyev hər zaman insanların arasında olduğundan onların problemlərini yaxşı bilir və daim diqqət mərkəzində saxlayır. 2019-cu ilin sosial məsələlərin həlli ilə bağlı daha zəngin bir il olacağını möhtərəm Prezidentimiz hələ ötən il çıxışlarında bir neçə dəfə bəyan etmişdir. Yeni il də dövlət başçısının verdiyi bəyanatlara uyğun bir şəkildə başladı. Bir-birinin ardınca qəbul edilən qərarlar insanlarda öz dövlətinə və Prezidentinə olan inamı daha da artırdı. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər, bir-birinin ardınca imzaladığı fərman və sərəncamlar aztəminatlı ailələr tərəfindən böyük sevinclə qarşılanmışdır. Dövlət başçısının diqqət və qayğısına görə minnətdarlıqlarını bildirən insanlar belə tədbirlərin davamlı olacağını əminliklə ifadə edirlər. Minimum əmək haqqının, minimum pensiyaların, sosial müavinətlərin artırılması, xüsusilə möhtərəm Prezidentimizin «Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında» 25 fevral 2019-cu il tarixli sərəncamı bir daha təsdiqlədi ki, aztəminatlı, ailə başçılarını itirən, eləcə də şəhid ailələri, xüsusi qayğıya ehtiyacı olanlar dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşlar. Sosial cəhətdən qayğıya ehtiyacı olanların, aztəminatlı ailələrin, şəhid ailələrinin, əlillərin və məcburi köçkünlərin qarşılaşdığı problemlərin aradan qaldırılması, xüsusilə mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlət siyasətinin prioritetini təşkil edir. Həmçinin dövlətin bu sahədə gördüyü işlərə Heydər Əliyev Fondunun da mühüm töhfələr verdiyini qeyd etmək lazımdır. Sosial cəhətdən qayğıya ehtiyacı olan insanların problemlərinin həlli istiqamətində Fondun təşəbbüsü və dəstəyi ilə çox mühüm layihələr icra olunur.

Nazim İsmayılov eyni zamanda kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı fikirlərini bildirmişdir.

Daha sonra vətəndaşların müraciətlərinə baxılmışdır. Qaratəpə bələdiyyəsinin sədri Fatma Hüseynova, kənd sakinlərindən Şəhla Cəfərova, Mübariz Mehtiyev, Hafiz Mövludov, Tahirə Kərimova, İsmayıl Şahmurov, Əzəl Səmədov müxtəlif xahiş və təkliflərlə çıxış etmişlər. Həmin təkliflər əsasında rayon İcra Hakimiyyətinin başçısı aidiyyatı üzrə tapşırıqlar vermişdir.

Tədbirdə RİHB aparatının məsul işçiləri, məhkəmə sədri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər. 

Keçidlər