Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin anım günü keçirilmişdir

10 aprel 2019 | 16:00

Sabirabad rayon Mədəniyyət Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin xatirəsinə həsr edilmiş tədbir keçirilmişdir. Tədbir açıq elan olunduqdan sonra Vətənimizin bütövlüyü, torpaqlarımızın düşmənlərdən müdafiə edilməsi uğrunda mübarizədə igidliklər göstərmiş şəhidlərin, eyni zamanda Murad Mirzəyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin II Fəxri Xiyabanda məzarını ziyarət etmiş N.Gəncəvi adına 5 saylı şəhər tam orta məktəbi şagirdlərinin ifasında şeirlər səslənmişdir. Anım mərasimində Murad Mirzəyevin müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Rahil Məmməd çıxış edərək bildirmişdir ki, Azərbaycanın Milli Qəhrəmanı Murad Telman oğlu Mirzəyev 31 mart 1976-cı ildə Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olmuşdur. Orta məktəbi əla qiymətlərlə bitirmişdir. 1994-cü ildə C. Naxçıvanski adına hərbi məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra Türkiyə Ali Quru Qoşunları Məktəbinə daxil olmuş, 1998-ci ildə həmin məktəbi motoatıcı ixtisası üzrə müvəffəqiyyətlə başa vurmuşdur. Uğurlu nəticəyə görə ona diplomla bərabər, xatirə «Qılınc və məzun üzüyü» təqdim edilmişdir. Həmin mükafatı ona görkəmli ictimai xadim, Türkiyənin o zamankı Prezidenti Süleyman Dəmirəl şəxsən özü təqdim etmişdir. 1999-cu ildə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrində hərbi xidmətini davam etdirmişdir. Keçən müddət ərzində iki dəfə «Qüsursuz xidmətə görə», iki dəfə «Hərbi xidmətdə fərqlənməyə görə», üç dəfə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yubiley medalları ilə təltif olunmuş və dəfələrlə qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

Murad Mirzəyev 2016-cı il  2-5 aprel tarixlərində erməni təxribatına qarşı ordumuzun apardığı hərbi əməliyyatlarda, Talış kəndi ətrafında gedən döyüşlərdə komandiri olduğu qrupla birlikdə yüzlərlə ermənini və bir neçə hərbi texnikasını məhv edərək, qeyri-bərabər döyüşdə tutduğu mövqeyi bir addım da belə tərk etmədən son damla qanınadək vuruşaraq şəhidlik zirvəsinə yüksəlmişdir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamı ilə göstərdiyi rəşadət və igidliyə görə Murad Mirzəyev Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Gənclər adından çıxış edən Sabirabad Dövlət Sosial-İqtisad Kollecinin tələbəsi Elçin Əliyev qeyd etmişdir ki, Murad Mirzəyevin qəhrəmanlığı ilə qürur duyuruq.

Şəhidin atası Telman Mirzəyev çıxış edərək anım mərasiminin keçirilməsində göstərilən diqqət və qayğıya görə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılova minnətdarlığını bildirmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov çıxış edərək aprel döyüşlərinin əhəmiyyətindən ətraflı danışmışdır. O vurğulamışdır ki, işğal olunmuş torpaqların azad edilməsi naminə möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin milli ordumuzun möhkəmləndirilməsi, silahlı qüvvələrimizin ən müasir texnika və silahlarla təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlər bizi ruhlandırır. Aprel döyüşləri zamanı silahlı qüvvələrimizin zəfəri Azərbaycanın milli ordusunun bu gün regionun ən müasir, ən güclü və yüksək döyüş qabiliyyətinə malik hərbi qüvvələrindən olduğunu parlaq şəkildə təsdiq etmişdir. Xalqımız öz Prezidentinin qətiyyətinə və ordusunun gücünə arxalanır.

Toplantının gedişində gənclərin səsləndirdiyi «Şəhidlər ölməz, Vətən bölünməz!» şüarı, «Azərbaycan ordusuna eşq olsun!», «Azərbaycan xalqına eşq olsun!», «Ali Baş Komandan İlham Əliyevə eşq olsun!» sədaları ayaqüstə, sürəkli alqışlarla qarşılanmışdır.

Sonda Milli Qəhrəman Murad Mirzəyevin həyat və fəaliyyətinə həsr edilmiş sənədli film nümayiş etdirilmişdir.

Keçidlər