Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda ilk startap turu keçirilmişdir

01 mart 2019 | 16:00

Startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədi ilə ötən ildən icrasına başlanılan “I2B- İdeyadan Biznesə” layihəsi bu il əhatə dairəsini genişləndirmişdir. Belə ki, il ərzində layihə çərçivəsində təşkil olunacaq startap turları ölkənin bir çox fərqli şəhər və rayonlarını -  Sumqayıt, Gəncə, Göyçay, Naxçıvan, Bakı, Lənkəran, Zaqatala, Tovuz, Şamaxı və Şəkini əhatə edəcəkdir.

Martın 1-də isə startap turu Sabirabad rayonunda təşkil olunmuş, Sabirabad rayon Heydər Əliyev Mərkəzində keçirilmiş tədbirə 150-dən çox gənc qatılmışdır. Tədbir iştirakçılarına layihənin məqsədi, qaliblər üçün faydası, gələcək perspektivlər barədə ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, "İdeyadan Biznesə" layihəsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Azercell” və “Microsoft” şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Tədbirin informativ hissəsindən sonra startapları əsas müsabiqəyə hazırlamaq üçün kiçik biznes-treninq keçirilmiş, iştirakçılardan ibarət 6 komanda formalaşdırılmışdır. Mentorlar həmin komandaları əsas müsabiqəyə hazırlamışlar.

İkinci hissədə komandalar ideyalarını münsiflər heyəti qarşısında təqdim etmiş və hər çıxışdan sonra layihənin müzakirəsi, interaktiv sual-cavab keçirilmişdir.

Münsiflər region üzrə 1-ci yerə “OSHE01”,  2-ci yerə “AVP”, 3-cü yerə isə “2SI” layihəsini layiq görmüşlər. Qalib olan layihələr Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanmışlar.

Milli Finalda qalib gələcək ilk üç yerin sahibləri mükafatlandırılacaq, həmçinin ideyalarını biznesə çevirmək üçün onlara maliyyə dəstəyi göstəriləcəkdir.

 

Keçidlər