Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir

11 iyul 2018 | 16:00

İyulun 11-də rayon İcra Hakimiyyətinin iclas zalında cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Yığıncağa RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, şirkət təmsilçiləri, sahibkarlar, fermerlər dəvət olunmuşdular.

Yığıncaq açıq elan olunduqdan sonra rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov hesabat məruzəsi ilə çıxış etmişdir. Rayon rəhbəri öncə bu ilin iyulun 8-də keçirilmiş Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə Prezidenti cənab İlham Əliyevin nitqində əks olunan önəmli məsələləri diqqətə çatdırmışdır.

Rayon rəhbəri sonra ilin birinci yarısında görülmüş işlərdən və qarşıda duran vəzifələrdən ətraflı bəhs etmişdir. Qeyd etmişdir ki, rayonda aparılan abadlıq və quruculuq işləri geniş vüsət almış, ölkə Prezidentinin 30 noyabr 2017-ci il tarixli 3427 saylı «Sabirabad şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» Sərəncamına əsasən şəhərin Heydər Əliyev prospektində yerləşən 2 a, 2 d, 2 q, 62 və 25 a saylı beşmərtəbəli, Səməd Vurğun küçəsindəki 8 və 8 a saylı, Həsən Ağayev küçəsindəki 10 saylı ikimərtəbəli yaşayış binalarının daxilində və içəri fasadında cari təmir, ətraflarında abadlıq işləri aparılmışdır. Heydər Əliyev prospektində 4, 2 c saylı ikimərtəbəli və Bəndatma İdarəsi 1 saylı birmərtəbəli yaşayış binalarının dam örtükləri dəyişdirilmişdir və bu işlər davam etdiriləcəkdir.

Şəhərin Ordubadi, Vüqar Əhmədov, 20 Yanvar, İsmət Qayıbov, Babək, İlham İsgəndərov, Şəhriyar, Qurban Namazəliyev, Heydər Həmidov, Füzuli, Vidadi, Nərimanov, Mirhəsən Mirağaoğlu küçələrinə ümumilikdə 17 km məsafəyə asfalt döşənmişdir. Bu işlər davam etdiriləcəkdir.

Şəhərin Heydər Əliyev prospektində müasir tələblərə cavab verən «İnci» şadlıq sarayı inşa edilmişdir. Həmin prospektdə «Bazar Store» ticarət mərkəzi tikilmişdir.

Cari ildə 13 min 55 hektar sahədə pambıq əkilmişdir. «MKT İK» MMC Sabirabad rayon filialı, «Azərpambıq» MMC, «Kənd təsərrüfatı» MMC, «Aqroaz» MMC ilə müqavilələr bağlanılmışdır. Bundan başqa, fermerlər tərəfindən fərdi qaydada pambıq əkilmişdir. Hazırda pambıq sahələrində becərmə işləri davam etdirilir.

2017-ci ildə 2018-ci ilin məhsulu üçün 24645 hektar sahədə taxıl əkilmişdir. Bunun 15215 hektarı buğda, 9430 hektarı isə arpa sahəsi olmuşdur. Cari ildə 97093 ton taxıl istehsal edilmişdir ki, bunun da 61925 tonu buğda, 35168 tonu arpa olmuşdur. Ötən illə müqayisədə taxıl istehsalı 1373 ton çox olmuşdur. Hər hektardan 39,4 sentner məhsul götürülmüşdür. Bu da ötən illə müqayisədə 0,5 sentner çoxdur.

Rayonda pambıqçılıqla və taxılçılıqla yanaşı, baramaçılıq kimi çox vacib olan kənd təsərrüfatı sahəsi də inkişaf etdirilir. Cari ildə 14 ton 126 kq barama istehsal olunmuşdur.

Rayonun Moranlı, Sarxanbəyli, Bala Həşimxanlı, Əliləmbəyli və digər kəndlərinin suvarma təminatının yaxşılaşdırılması üçün mənbəyi Kür çayından olmaqla uzunluğu 30 km olan «H» kanalının ölkə başçısının tapşırığına əsasən çəkilməsinə başlanılmış və yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Bu işin başa çatdırılması üçün ölkə Prezidentinin 3 mart 2018-ci il tarixli Sərəncamı ilə 22 milyon 358 min manat vəsait ayrılmışdır. Layihənin tam başa çatdırılması 11 min 498 hektar sahənin su təchizatının yaxşılaşdırılmasına imkan yaradacaqdır.

Rayonda əhalinin təbii qazla təminatını yaxşılaşdırmaq üçün xeyli işlər görülmüşdür. Hazırda rayon mərkəzinə və 62 kəndə təbii qaz verilir. Hesabat dövründə rayonun Yolçubəyli və Zəngənə kəndlərinə təbii qaz verilmişdir. Cari ildə Yastıqobu, Yuxarı Axtaçı kəndlərinə və Rüstəmli kəndində Zəngilan rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbəyə təbii qaz xəttinin çəkilişi nəzərdə tutulmuşdur. Artıq bu işə başlanılmışdır.

  Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində  də işlər davam etdirilir. 360 şagird yerlik Yaxa Dəllək kənd tam orta məktəbində tikinti işləri başa çatmaq üzrədir. 1176 şagird yerlik Qaratəpə kənd tam orta məktəbində əsaslı təmir işi davam etdirilir.

Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən «Bölgələrdən bölgələrə» yaradıcılıq festivalı davam edir. Layihənin məqsədi  zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqının mədəni irsinin təbliği, regionların mədəni potensialının nümayiş etdirilməsi, bölgələrarası mübadilənin gücləndirilməsidir. «100 illik tariximiz» başlığı altında gerçəkləşən festivalın növbəti tədbiri şəhərimizdəki Heydər Əliyev parkında təşkil olunmuşdur. Parkda Mədəniyyət Nazirliyinin 15 regional idarəsinin-Sumqayıt, Gəncə, Xaçmaz, İsmayıllı, Şəki, Kürdəmir, Ağstafa, Şəmkir, Bərdə, Ağcabədi, Ağdaş, Sabirabad, Lənkəran, Masallı və Biləsuvar regional mədəniyyət idarələrinin festival çadırları qurulmuş, şəhər və rayonların mədəni irsini əks etdirən sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işlərinin satış-sərgisi keçirilmişdir.

Məruzə ətrafında «Azərpambıq» MMC-nin rayon filialının direktoru Elbrus Məmmədbəyov, «MKT İK» MMC Sabirabad rayon filialının direktoru Ramil Əsədov, «Kənd təsərrüfatı» MMC-nin direktoru Xalid Məmmədov, Sabirabad Suvarma sistemləri idarəsinin rəisi Şafiq Heydərov, Sabirabad Mexaniki suvarma idarəsinin rəisi Mirəlif Əzizov çıxış edərək rəhbərlik etdikləri sahələrin fəaliyyəti barədə məlumat vermişlər.

Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov iclasa yekun vuraraq qarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetirilməsi üçün əzmkarlıq göstəriləcəyini bildirmişdir.

Keçidlər