Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda Yeni Azərbaycan Partiyası gənclərinin regional konfransı keçirilib

04 noyabr 2017 | 16:00

Noyabrın 4-də Sabirabad rayonundakı Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyinə həsr olunmuş gənclərin regional konfransı keçirilib.

Konfransda Sabirabad, Saatlı, İmişli, Şirvan, Hacıqabul, Füzuli rayon və şəhərlərinin gəncləri iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin mərkəzi meydandakı abidəsini ziyarət edib, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.

Dövlət himninin səsləndirilməsi ilə başlanan konfransda Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyinə həsr olunmuş sənədli film göstərilib.

Konfransda çıxış edən Sabirabad rayon İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyasının Şura üzvü Nazim İsmayılov partiyanın 25 ildə keçdiyi yola nəzər salıb, onun ölkəmizin sosial iqtisadi və mədəni həyatının bütün sahələrində oynadığı roldan danışıb. Bildirib ki, bu gün sıralarında 700 mindən çox insanı birləşdirən Yeni Azərbaycan Partiyası 25 illik yubileyini qeyd edir. YAP 25 il ərzində keçdiyi şanlı mübarizə tarixində ümumxalq partiyası olduğunu təsdiqləyib.

Sonra çıxış edən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov partiyanın 25 ildə böyük siyasi qüvvəyə çevrildiyini, YAP-ın gənc üzvlərinin ölkəmizin sosial-iqtisadi həyatının bütün sahələrində fəal iştirak etdiyini söyləyib. YAP Gənclər Birliyinin gördüyü işlər, həyata keçirdiyi layihələr haqqında geniş məlumat verən Seymur Orucov gənclərin partiya üzvlərinin 40 faizini təşkil etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir. Bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir və Azərbaycan gəncliyinin sabahına daha böyük nikbinliklə və inamla baxmağa əsas verir.

YAP Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayeva qeyd edib ki, partiya fəallarının yerlərdə apardığı məqsədyönlü fəaliyyətin nəticəsi olaraq Sabirabad rayon təşkilatının rayonun ictimai-siyasi həyatında nüfuzu daha da yüksəlib, onun sosial bazası xeyli güclənib. İdeoloji-təbliğat işinin gücləndirilməsi, partiyanın məram və məqsədinin daha geniş yayılmasının məntiqi nəticəsidir ki, rayon təşkilatının nəzdində hazırda 92 ilk partiya təşkilatı fəaliyyət göstərir. Partiya üzvlərinin sayı artaraq 8579 nəfərə çatıb. Onlardan 2950 nəfərini gənclər və 3087 nəfərini isə qadınlar təşkil edir.

Daha sonra partiyanın Saatlı, Hacıqabul, Füzuli, Şirvan şəhər və rayonlarının nümayəndələri görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.

Konfransın sonunda fəal gənclər fəxri fərmanlar və qiymətli hədiyyələrlə təltif olunub, partiya sıralarına yeni qəbul olunanlara isə üzvlük vəsiqələri verilib.

Keçidlər