Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası kecirilmişdir

26 iyul 2017 | 16:00

İyulun 26-da Sabirabad rayon İcra Hakimiyyətinin  iclas zalında 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası kecirilmişdir. İclasda rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov məruzə ilə çıxış etmişdir. O qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə bu ilin iyul ayının 12-də Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasda ölkə başçısı şəhər və rayonlarda iqtisadi durumun yaxşılaşdırılması, rayonların özünü maliyyələşdirməyə keçməsi, investisiyaların təmin edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitinin yaradılması, qeyri-neft sektorunun, xüsusilə pambıqçılığın, baramaçılığın, heyvandarlığın inkişaf etdirilməsi, yeni istehsal və emal müəssisələrinin yaradılması, əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı qısa müddət ərzində tədbirlərin görülməsi barədə icra strukturları qarşısında mühüm vəzifələr qoymuş və tapşırıqlar vermişdir. Ölkə başçısının tapşırığına uyğun olaraq 2017-ci ildən başlayaraq rayon yerli xərclərdən maliyyələşməklə respublika büdcəsindən heç bir dotasiya almayacaqdır.
Rayonda sahibkarlar tərəfindən investisiya qoyuluşu istiqamətində xeyli işlər görülmüşdür. Təkcə cari ildə Nizami kəndində quşçuluq fabrikinin, Nərimankənd kəndində istixana kompleksinin, Qaratəpə və Moranlı kəndlərində pambıq qəbulu məntəqələrinin tikintisini göstərmək olar. 
Respublikada olduğu kimi Sabirabad rayonunda da iqtisadiyyatın bütün sahələrində yüksək nəticələr əldə edilmiş, geniş abadlıq və quruculuq işləri davam etdirilmişdir. Əhalinin məşqulluğunu təmin etmək-prioritet vəzifə kimi qarşıya qoyulmuş və yeni iş yerlərinin yaradılması prosesi uğurla davam etdirilmişdir. Hüquqi və fiziki şəxs kimi 271 yeni müəssisə yaradılmış, 2657 iş yeri açılmışdır ki, bunun 2602-i daimi, 55-i isə müvəqqəti iş yerləridir. Rayonda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində xeyli  işlər görülmüşdir. 10 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 43 km olan Suqovuşan - Məmişlər - Qaralar - Qəfərli - Əhmədabad -Nərimankənd-Həşimxanlı avtomobil yolunun tikintisi başa catdırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 7 iyul 2017-ci il 3045 saylı Sərəncamı ilə 15 kənd yaşayış məntəqəsini birləşdirən, uzunluğu 60 km olan Qalağayın – Osmanlı- Çöl Beşdəli - Zalqaraağac - Çöl Ağaməmmədli - Azadkənd -Muğan Gəncəli avtomobil yolunun tikintisinə 14 milyon 400 min manat vəsait ayrılmış və yolun tikintisinə başlanılmışdır.
Ölkənin iqtisadi potensialından səmərəli istifadə və ixracyönümlü məhsul istehsalının təşviqi istiqamətində həyata keçirilmiş tədbirlər ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələr əldə etməyə imkan vermişdir. Aqrar sektorun strateji və ölkəyə valyuta gətirən mühüm sahələrdən biri də pambıqçılıqdır. Rayonda 15 min 55 hektar sahədə pambıq əkini aparılmış və hazırda becərmə və digər aqrotexniki tədbirlər həyata keçirilir. Uzun müddət fəaliyyəti dayanmış “MKT İK” MMC Sabirabad rayon filialının rayonun Axtaçı Muğan kəndində yerləşən, sutkada 75 ton mahlıc istehsal edən emal müəssisəsinin fəaliyyəti bərpa olunmuşdur.  “MKT İK” şirkəti tərəfindən Moranlı və Qaratəpə kəndlərində,  Kənd Təsərrüfatı Nazirliyi isə Qaralar kəndi ərazisində pambıq qəbulu məntəqələrinin tikintisinə başlamışlar.
Pambıqçılıqla yanaşı baramaçılıq kimi çox vacib olan kənd təsərrüfatı sahəsi də inkişaf etdirilir. Insanların bu sahəyə marağını artırmaq üçün baramanın 1 kiloqramı 9 manata qaldırılmışdır. Əgər ötən il respublikada 70 ton barama istehsal edilmişdirsə, bu il rəqəm 244 ton olmuşdur. Keçən ilə nisbətən 3,4 dəfə çox olmuşdur. Gələcəkdə 1000 tondan çox barama istehsalı nəzərdə tutulmuşdur. Rayonda baramaçılığın inkişafı üçün tədbirlər görülərək ötən il 3 ton barama istehsalına qarşı rayonda 3075 kq barama istehsal olunmuş, gələcəkdə bu sahənin daha da inkişaf etdirilməsi məqsədilə 8 kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində 62,5 min ədəd tut tingi əkilmişdir. Cari ildə 5 tona qarşı 5 ton 34 kq barama istehsal olunmuşdur. Görülmüş tədbirlər nəticəsində rayonda da barama istehsalı xeyli artacaqdır.
Rayonda 24620 hektar sahədə taxıl əkilmiş, ötən illə müqayisədə taxıl əkini sahəsi 258 ha çox olmuşdur. Taxıl biçini qısa müddətdə başa çatdırılmış və 95720 ton taxıl istehsal edilmişdir. Hər hektardan ümumi məhsuldarlıq 38,9 sentner, buğdanın məhsuldarlığı isə hər hektardan 40,3 sentner olmuşdur.
Hesabat dövründə 3302 hektar tərəvəz, 3181 hektar bostan, 1338 hektar kartof, 4274 hektar sahədə təzə yonca digər əkinlər aparılmışdır.
Heyvandarlıq məhsullarının istehsalının artırılması, daha məhsuldar olan cıns mal-qaranın yetişdirilməsi məqsədilə  rayonda 15 süni mayalanma məntəqəsi yaradılmışdır.
İri buynuzlu mal-qaranın sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1686 baş artaraq 119408 baş, xırda buynuzlu mal-qaranın sayı 5833 baş artaraq 219459 baş  olmuşdur.
Nizami kəndi ərazisində ildə 200 milyon ədəd yumurta, 1700 ton quş əti istehsal edəcək və 300 nəfərin daimi iş yeri ilə təmin olunması nəzərdə tutulan, 1,2 milyon başlıq quşçuluq kompleksinin tikintisinə başlanılmışdır.
Ölkə başçısının tapşırığına əsasən rayonun Moranlı, Sarxanbəyli, Bala Həşimxanlı, Əliləmbəyli və digər kəndlərin suvarma təminatının yaxşılaşdırılması üçün mənbəyi Kür çayından olmaqla uzunluğu 27 km olan “H” kanalının çəkilişinə başlanılmışdır. Birinci mərhələdə kanalın 7,8 kilometrlik hissəsi tikilərək istifadəyə verilmişdir. Kanalın qalan 19,2 kilometrlik hissəsinin tikintisinin başa çatdırılması üçün tədbirlər görülür. Layihənin tam başa çatdırılması 11 min 498 hektar sahənin su təchizatının yaxşılaşdırılmasına imkan yaradacaqdır.
Yerli sahibkar tərəfindən Nərimankənd kəndində 2 hektar ərazidə müasir tələblərə cavab verən istixana kompleksinin tikintisinə başlanılmış və yaxın vaxtlarda  istifadəyə veriləcəkdir. Məmişlər kəndində süd tədarükü məntəqəsi tikilib istifadəyə verilmiş və eyni zamanda yaxın vaxtlarda burada süd məhsulları emalı müəssisəsinin tikintisinə başlanılacaqdır.
Əhalini dayanaqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə rayonun 21 kəndində yarımstansiyalar yenidən qurulmaqla, istismara yararsız dayaqlar yenisi ilə əvəz olunmuş, “SİP” kabel çəkilməklə və “Smart” kart tipli sayğaclar quraşdırılaraq elektrik təsərrüfatında yenidənqurma işləri aparır. Hazırda 8 kənddə bu işlərə başlanılmışdır. 
Rayonda əhalinin təbii qazla təminatı yaxşılaşdırılmış, hazırda rayon mərkəzinə və 58 kəndə təbii qaz verilir. 2017-ci ilin birinci yarısında 983 abonentə təbii qaz verilmiş və hazırda abonentlərin sayı 28780-yə çatmışdır.
Su təchizatının və kanalizasiya sisteminin normal işləməsini təmin etmək məqsədilə “Azərsu” ASC tərəfindən işlər davam etdirilmişdir. Kənd yerlərində yaşayan əhalinin içməli su ilə təmin etmək məqsədilə rayonun 49 kəndində modul tipli su durulducu qurğu quraşdırılmışdır. Dıgər kəndlərdə də bu tipli qurğuların tikintisi nəzərdə tutulmuşdur.
Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində işlər davam etdirilmişdir. 432 şagird yerlik Moranlı kənd tam orta məktəbi tikintisi başa çatdırılmış,  360 şagird yerlik Yaxa Dəllək kənd tam orta məktəbinin tikintisi və 1176 şagird yerlik Qaratəpə kənd tam orta məktəbində əsaslı təmir işləri davam etdirilir.  Cari ildə Ulacalı kəndində yeni 20 yerlik uşaq bağçası tikilib istifadəyə verilmiş, 40 yerlik Qaraağac kənd uşaq bağçasında əsaslı təmir işləri davam etdirilir.
Əhaliyə göstərilən səhiyyə xidmətinin yaxşılaşdırılması, səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə rayonda bir sıra işlər görülür. 205 çarpayılıq xəstəxana binasının tikintisi davam etdirilir. Şıx Salahlı kənd həkim, Çöl Dəllək, Çöl Ağammədli kənd tibb məntəqələrində və Mərkəzi Rayon Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində əsaslı təmir işləri aparılmışdır.
Sosial müdafiəyə ehtiyacı olan əhalinin aztəminatlı hissəsinin, pensiyaçıların, şəhid ailələrinin, müharibə və əmək veteranlarının həyat səviyyəsinin yaxşılaşdırılması daim diqqət mərkəzində olmuşdur.
Hesabat iclasında Sabirabad Kənd təsərrüfatı idarəsinin rəisi Heydər Yaqubov,                        “CTS-Aqro”MMC-nin Nizami kənd pambıq qəbulu  məntəqəsinin direktoru Elbrus Məmmədbəyov,  "MKT İK” MMC Sabirabad  filialının pambıq istehsalına nəzarət şöbəsinin rəisi Tərxan Əkbərov çıxış etmişlər.  İclasda həmçinin  «Meliorasiya və Su Təsərrüfatı”  ASC-nin sədr müavini Rafiq Aslanov çıxış etmişdir. İclasda qaldırılmış məsələlərə,  xüsusilə pambıq sahələrinin becərilməsinə və suvarılmasına dair problemlərin həlli yolları müzakirə edilmişdir.
İclasa yekun vuran rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov nöqsanların aradan qaldırılması ilə bağlı aidiyyəti qurumlara tapşırıqlarını vermişdir.

Keçidlər