Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda «Daşqın ərazilərində ətraf mühitin reabilitizasiyası» mövzusunda tədbir keçirilmişdir.

18 iyul 2017 | 16:00

İyulun 18-də Mürsəlli kənd tam orta məktəbində «Ruzgar» Ekoloji İctimai Birliyi «Daşqın ərazilərində ətraf mühitin reabilitizasiyası» mövzusunda tədbir keçirmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, kimya elmləri doktoru, professor- «Rüzgar» Ekoloji İctimai Birliyinin sədri İslam Mustafayev, texnika elmləri namizədi Şəfi Daniyalov, kənd təsərrüfatı elmləri namizədi Eldar Qurbanov mövzu ilə bağlı tədbir iştirakçıları qarşısında çıxış etmişlər. Natiqlər bildirmişlər ki, ölkəmizdə kənd təsərrüfatının inkişafına son illər dövlət səviyyəsində böyük diqqət ayrılmağa başlanılmışdır. Qeyri-neft sektorunun inkişafı üçün bunun çox böyük əhəmiyyəti vardır. Həm qanunvericiliyin, həm institusional potensialın, həm də insan resurslarının inkişafı sahəsində irəliləyişlər nəzərə çarpır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə rayonlarda regional müşavirələr keçirilmişdir. Pambıqçılığın inkişafı ilə bağlı Sabirabad rayonunda keçirilmiş müşavirə Aran iqtisadi coğrafi bölgəsi üçün çox əhəmiyyətli olmuşdur. Hazırda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı istiqamətlərini göstərən «Yol xəritəsi» ötən il təsdiq olunmuşdur. Təsadüfi deyildir ki, ölkə Prezidentinin qərarı ilə 2016-cı il «Kənd təsərrüfatı ili» elan olunmuşdur.
Natiqlər vurğulamışlar ki, Aran iqtisadi rayonunun Kür-Araz çayları ətrafındakı torpaqları bir çox problemlərlə üzləşmişdir. Bu problemin daha da kəskinləşməsinə 2010-cu ildə Kür və Araz çaylarında baş vermiş daşqınlar səbəb olmuşdur. Region üçün çox  böyük problem olan torpaqların şorlaşması aktivləşmiş, əsasən minerallaşmış qrunt sularının səviyyəsi yüksəlmişdir. Bu isə öz növbəsində onsuz da münbitlik göstəricisi aşağı olan  bu torpaqların vəziyyətini daha da pisləşdirmişdir. Daşqın nəticəsində xeyli torpaq, əkinlər, yaşayış yerləri su altında qalmış və nəticədə insanların miqrasiyası baş vermişdir. Daşqınların baş verməsindən 7 il ötməsinə baxmayaraq, onun izləri indi də torpağın münbitliyi və məhsulvermə qabiliyyətində özünü göstərir. Azərbaycanın mərkəzi aran rayonlarında torpaqların yalnız 10,5-16,5 faizinin qrunt sularının minerallaşma dərəcəsinə görə üçüncü qrupda yerləşməsi və həm də qrunt suları səviyyəsinin dərində olması ərazilərin yaxın gələcəkdə şorlaşması üçün meliorativ şəraitin təhlükəli olmadığını göstərir. Hazırda suvarılan torpaqlarda qrunt sularının minerallaşma dərəcəsinin 1-3 q\l arasında dəyişdiyi ərazilərdə qrunt suyu səviyyəsinin yer səthinə yaxın olması torpaqlarda şorlaşma təhlükəsini artırır. Düzən rayonlarda suvarılan torpaqların 31 faizə qədəri qrunt suyunun minerallaşma dərəcəsinin 1-3 q/l arasında tərəddüd etdiyi ərazidə yerləşir. Ölkənin aran rayonlarında torpaqların yaxın gələcəkdə yaxşılaşdırılması məqsədilə sahələrdə drenləşmə aparılmasına dair müvafiq layihə-axtarış işləri həyata keçirilir. Azərbaycanın uzunmüddətli təbii və antropogen təsirlərə məruz qalmış Kür-Araz ovalığında kənd təsərrüfatına yararlı torpaq sahələrinin keyfiyyət göstəricilərinin əsaslı şəkildə dəyişməsi onların müxtəlif keyfiyyət qruplarında yer tutmasına səbəb olmuşdur.
Tədbir açıq diskussiya şəraitində keçmişdir. İştirakçıları maraqlandıran suallara cavab verilmişdir.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov tədbirdə iştirak və çıxış etmişdir.

Keçidlər