Şriftin ölçüsü :

Saytın rəngi :

Soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir

31 mart 2017 | 16:00

Martın 31-də rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov başda olmaqla rayon İcra Hakimiyyəti başçısı aparatı işçilərinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərlərinin, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş ümumrayon anım tədbiri keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə rayonumuzdakı Azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər.
Tədbir Heydər Əliyev Mərkəzində davam etdirilmişdir. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açdıqdan sonra soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Rayon rəhbəri bildirmişdir ki, ermənilərin törətdikləri qırğınlar nəticəsində azərbaycanlılar milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirilmiş, Azərbaycanın şəhər və kəndləri yandırılaraq xarabalığa çevrilmişdir. Təkcə XX əsr ərzində Azərbaycan xalqı dörd dəfə-1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə erməni vəhşiliklərinə, etnik təmizləməyə məruz qalmışdır. 1918-ci ilin martında erməni vəhşiliyi görünməmiş həddə çatmışdır. Erməni faşistləri Stepan Şaumyanın göstərişi və rəhbərliyi ilə Bakıda kütləvi qırğınlar törətmişlər. Gəncə, Şamaxı, Quba qəzalarında, Qarabağda, Naxçıvanda, Lənkəranda, Zəngəzurda, Xaçmazda və başqa yerlərdə ermənilər  əsl genosid siyasəti həyata keçirərək uşağa, qadına, qocaya rəhm etmədən onları qanına qəltan etmişlər. Həmin vaxtda 50 min nəfərə yaxın soydaşımız vəhşicəsinə qətlə yetirilmiş, bir sıra kəndlər, yaşayış məskənləri yandırılmış, yerlə -yeksan edilmişdir. Qubadakı kütləvi məzarlıq, Dağlıq Qarabağın işğal edilməsi, Xocalı faciəsi ermənilərin və onların əlaltılarının xalqımıza qarşı yeritdikləri soyqırım siyasətini bir daha təsdiqləyir.  Tarixi mənbələrdən məlumdur ki, son 200 il ərzində 1 milyondan artıq azərbaycanlı erməni cəlladları və onların havadarları tərəfindən qətlə yetirilmişdir. Təkcə son hadisələr zamanı Azərbaycanın daha 20 faiz torpağı zəbt olunmuş, 1 milyona yaxın soydaşımız öz dədə-baba torpaqlarından didərgin düşmüş, 10 minlərlə günahsız insan qətlə yetirilmiş, əsir və girov götürülmüşdür.
Yalnız ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı ilə 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü elan olunmuş, ona siyasi və hüquqi qiymət verilmişdir.
Ermənilər öz məkrli niyyətlərindən əl çəkmirlər. Bu gün də mütəmadi olaraq cəbhə bölgələrində atəş səsləri eşidilir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev respublikamızın ərazi bütövlüyünün təmin edilməsi, torpaqlarımızın erməni işğalından azad olunması yolunda məqsədyönlü siyasət yeridir. Xalqımız inanır ki, soydaşlarımızın qanı yerdə qalmayacaq, ərazi bütövlüyümüz təmin olunacaq, Qarabağdan didərgin düşən həmvətənlərimiz öz doğma yurdlarına qayıdacaqlar.

 

Keçidlər