Şriftin ölçüsü :

Saytın rəngi :

«Vətənin müdafiəsinə hazıram!» mövzusunda kütləvi tədbir

14 aprel 2017 | 16:00

Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, xalqa, elinə, obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə məsuliyyətlə yanaşıb və ona həyati məsələ kimi baxıb.
Aprelin 14-də rayon Mədəniyyət Mərkəzində rayon İcra Hakimiyyəti ilə  Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkil etdikləri «Vətənin müdafiəsinə hazıram!» mövzusunda kütləvi tədbir keçirilmişdir. Tədbirdə idarə, müəssisə və təşkilat rəhbərləri, müəllimlər, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları və gənclər iştirak etmişlər. Tədbir ölkə vətəndaşlarının hərbi vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəlməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədini daşıyırdı.
Tədbir Dövlət himninin səsləndirilməsi ilə açıq elan edildikdən sonra respublikamızın bütövlüyü, suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Daha sonra hərbi vətənpərvərlik mövzusunda videoçarx nümayiş etdirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov, Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli çıxış edərək gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində görülmüş işlərdən və hərbçilərə göstərilən dövlət qayğısından danışmışlar. Natiqlər ordu quruculuğu sahəsində aparılan islahatlar nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələrinin bütün göstəricilərə görə regionun ən qüdrətli ordusu statusunu qazandığını qeyd etmişlər.
Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı, rayon Mədəniyyət Mərkəzinin A. İsgəndərov adına xalq teatrının və teatrın nəzdində fəaliyyət göstərən əlillərdən ibarət «Mübarizlər» qrupunun aktyorları və N. Gəncəvi adına 5 saylı şəhər tam orta məktəbinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda tərtib olunmuş proqramla çıxış etmişlər.

Keçidlər