Şriftin ölçüsü :

Saytın rəngi :

Bahar ətirli Novruz yurdumuza qədəm qoydu

16 mart 2017 | 16:00

Martın 16-da şəhərimizdəki ümummilli lider Heydər Əliyevin adını daşıyan istirahət parkında möhtəşəm Novruz şənliyi keçirilmişdir. Həmin gün parkda böyük izdiham vardı. Park bayram libasına bürünmüşdü. Məktəblilərin əl işlərindən ibarət sərgilər, milli-mənəvi dəyərlərimizi tərənnüm edən eksponatlar, bayram şüarlı plakatlar parka xüsusi yaraşıq verirdi. Ətrafı musiqi sədaları bürümüşdü. Hamı deyib-gülür, şənlənirdi. Park, necə deyərlər, şənliklə sevincin qovuşduğu məkana çevrilmişdi. Bir sözlə, burada əsl bayram ab-havası hökm sürürdü.
Saat 10:30-da rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov başda olmaqla hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ağsaqqallar, ziyalılar da şənliyə qatıldılar. Milli geyimli qızlar rayon rəhbərini gül-çiçəklə qarşıladılar.
Qonaqlar əvvəlcə sərgilərə baxdı, pəhləvanların, idmançıların nümunəvi çıxışlarına tamaşa etdi, xüsusilə bayram şənliyi üçün bişirilmiş Azərbaycan mətbəxinin ləziz təamlarından daddılar.
Sonra bayram şənliyinə start verildi. Tədbir açıq elan olunduqdan sonra rayon İcra Hakimiyyətinin başçısı  Nazim İsmayılov alqış sədaları altında bayram tonqalını yandırdı. Novruzun personajı olan Bahar qız faytonda meydana daxil oldu. O tədbr iştirakçılarını bayram münasibətilə təbrik etdi.
İncəsənət ustalarının çıxışı başladı, şən mahnılar və oynaq rəqslər bir-birini əvəz etdi.
Təbrik üçün söz rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılova verildi. O bütün sabirabadlıları, eləcə də tədbir iştirakçılarını Novruz bayramı münasibətilə səmim-qəlbdən təbrik etdi, onlara xoş arzularını çatdırdı. Nazim İsmayılov ötən müddət ərzində görülmüş işlərdən, həyata keçirilmiş tədbirlərdən danışdı. Bildirdi ki, ötən dövrdə dünya iqtisadiyyatının böhran vəziyyətində olmasına baxmayaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin qətiyyəti, əzmkarlığı, mübarizliyi, düzgün siyasəti sayəsində ölkəmizdə dinamik inkişaf davam etmişdir.
Rayon rəhbəri ölkə Prezidentinin xanım Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması barədə Sərəncamına da münasibətini bildirərək qeyd etmişdir ki, bu təyinatı bütün xalq gözləyirdi. Mehriban xanım Əliyevanın Azərbaycanın ictimai-siyasi həyatında böyük xidmətləri olmuşdur.
Nazim İsmayılov nitqinin sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı Novruz bayramı münasibətilə sabirabadlılar adından təbrik etmiş, onlara çətin və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulamışdır.
Söz yenə də musiqiyə verilmişdir. Şən musiqi və mahnılar, Kosa və Keçəlin məzəli söhbətləri tədbir iştirakçılarına xoş  ovqat bəxş etmişdir.
        Tədbirdən sonra rayonumuzun Qaratəpə kəndindəki N saylı hərbi hissəyə bayram sovqatı aparılmışdır.

Keçidlər