Şriftin ölçüsü :

Saytın rəngi :

Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da Ümumxalq hüzn günü- «20 Yanvar faciəsinin 27-ci ildönümü» qeyd edilmişdir.

20 yanvar 2017 | 16:00

Yanvarın 20-də anım mərasiminin iştirakçıları-rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov başda olmaqla hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri şəhidlərin xatirəsini yad etmiş, onlara öz ehtiramlarını bildirmişlər.
Mərasim Kürkəndi kənd qəbiristanlığından başlanmışdır. Yanvarın 19-dan 20-nə keçən gecə qəfil gülləyə tuş gələn Kürkəndi kənd sakini Zəbulla Əliyevin məzarı buradadır. Mərasim iştirakçıları şəhidin məzarını ziyarət etmişlər. Qalaqayın kənd qəbiristanlığında uyuyan 20 Yanvar şəhidi Mehman Məmmədovun da qəbri ziyarət olunmuşdur.
Mərasim iştirakçıları eyni zamanda Qarabağ müharibəsi zamanı şəhid olmuş Zakir və Vaqif Fərzullayev qardaşlarının xatirəsinə şəhərimizin “Gül bağı” adlanan ərazsisində ucaldılmış abidənin önünə gələrək ehtiramlarını bildirmişlər.
Həmin gün rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov, bütün mərasim iştirakçıları Şəhidlər Xiyabanına gələrək burada sıralanan məzarları da ziyarət etmişlər.  Şəhidlərin ruhuna fatihə verilmiş, ailə üzvlərinə, yaxınlarına Allahdan səbr dilənmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov Şəhidlər Xiyabanında geniş nitq söyləmişdir. O xronoloji ardıcıllıqla, tutarlı faktlarla həmin dövrün hadisələrinə münasibətini bildirmişdir. Qeyd edilmişdir ki, 1990-cı ildə yanvarın19-dan 20-nə keçən gecə heç bir xəbərdarlıq edilmədən Bakı şəhərinə daxil olmuş sovet imperiyasının qoşun hissələri küçələrə çıxıb üz etirazlarını bildirən dinc əhalini pulemyotlardan və avtomatlardan atəşə tutmuşlar. Faciə zamanı Bakıda və Respublikanın müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 132 insan qətlə yetirilmişdir. 700 nəfərdən artıq vətəndaş isə yaralanmış və xəsarət almişdır. Onların içərisində qadın,uşaq,qoca da vardır.
Yanvarın 21-də isə o vaxt Moskvada yaşayan ulu öndər Heydər Əliyev  həyatını təhlükə altına qoyaraq ailəsi ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək baş vermiş faciə ilə əlaqədar xalqımıza başsağlığı  vermiş və mətbuat konfransı keçirmişdir. Başda Qorbaçov olmaqla Bakıda terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbiçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırmışdır.
Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar faciəsi əsl siyasi-hüquqi qiymətini almışdır.
Rayon İcra Hakimiyyətinin başçısı eyni zamanda bildirmişdir ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu möhtərəm Prezidentimiz cənab İlham Əliyev uğurla daavm etdirir. Ölkə rəhbəri 20 Yanvar , Qarabağ şəhidlərinin ailələrinə, Vətənimizin azadlığı və müstəqilliyi uğrunda vuruşmuş igid həmvətənlərimizə hər zaman diqqət və qayğı ilə, həssaslıqla yanaşır. Şəhidlərimizin ruhu o zaman rahatlıq tapar ki, biz düşmən tapdağı alyında qalan torpaqlarımızı azad edək. Ali Baş Komandan cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan öz ərazi bütövlüyünü xalqımızın yenilməz iradəsinə və ordumuzun gücünə arxalanaraq istənilən yolla bərpa edəcəkdir. Bu problem ədalət və beynəlxalq hüquq normaları çərçivəsində oz həllini tapacaqdır. Üçrəngli bayrağımız Şuşada, Qarabağın digər işğal edilmiş şəhərlərində dalğalanacaqdır.
Mərasim iştirakçıları saat 12-də şəhidlərin xatirəsini, Respublikamızın hər yerində olduğu kimi,  bir dəqiqəlik sükutla yad etmişlər.

Keçidlər