Şriftin ölçüsü :

Saytın rəngi :

İmkanlardan maksimum istifadə edilməlidir

17 noyabr 2016 | 16:00

Noyabrın 17-də rayon Mədəniyyət Mərkəzində kənd təsərrüfatı işlərinin vəziyyəti ilə bağlı müşavirə keçirilmişdir. Müşavirədə RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların  rəhbərləri, xidmət təşkilatlarının, şirkətlərin təmsilçiləri, kənd inzibati ərazi dairələrinin nümayəndələri, bələdiyyə sədrləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov aqrar sahədə qazanılmış uğurlardan, qarşıda duran vəzifələrdən danışaraq qeyd etmişdir ki, rayonumuzda pambıqçılığın inkişafı məsələlərinə dair keçirilmiş respublika müşavirəsində möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əməl etmək üçün maksimum səy göstərilməlidir. İndi əsas vəzifə pambığı son qozasınadək yığmaqdan, gələn ilin məhsulu üçün möhkəm bünövrə yaratmaqdan ibarət olmalıdır.
Rayon rəhbəri bildirmişdir ki, havalar yığım üçün əlverişsiz keçdiyindən  məhsul tədarükündə gecikmələr olmuşdur. Rayon üzrə noyabrın 17-dək 6300 tondan çox məhsul istehsal edilmişdir. Bir sıra kənd ərazi nümayəndəliklərində vəziyyət heç də yaxşı deyildir, imkanlardan bacarıqla istifadə olunmur. Hər hektardan 5-10 sentner məhsul götürülmüşdür. Bu, olduqca aşağı göstəricidir. Hava şəraiti yaxşılaşdıqdan dərhal sonra bütün qüvvələr məhsul yığımına səfərbər edilməlidir. Gələn il 15 min hektar sahədə pambıq əkini nəzərdə tutulmuşdur. Torpaq sahələrindən səmərəli istifadə edilməli, növbəli əkin sistemi yaradılmalıdır. Hər bir torpaq mülkiyyətçisinin istifadə etdiyi əkin sahələrinin yarısı pambıq əkini üçün ayrılmalıdır. Şirkətlər torpaq mülkiyyətçiləri ilə vaxtında müqavilə bağlamalıdırlar. Əkiləcək sahələrdə şum optimal müddətdə aparılmalıdır. Nazim İsmayılov kənd təsərrüfatının digər sahələrində də görülmüş və görüləcək işlərdən ətraflı danışmışdır.
Kənd Təsərrüfatı İdarəsinin bitkiçilik sektorunun müdiri Məhəmməd Məmmədovun,  rayon Bitki Mühafizə Mərkəzinin rəisi Ramazan Aydınovun, «MKT İK» MMC-nin, «CTS Aqro» MMC-nin təmsilçiləri Yunis Gözəlovun və Elbrus Məmmədbəyovun  məlumatları dinlənilmişdir.
Rayon rəhbəri cənab Nazim İsmayılov müşavirəni yekunlaşdıraraq aidiyyatı təşkilatlara tapşırıq və tövsiyələrini vermişdir.

Keçidlər