Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda müəllimlərin sentyabr konfransı keçirilmişdir

07 sentyabr 2016 | 16:00

Sentyabrın 7-də Heydər Əliyev Mərkəzində rayon təhsil işçilərinin ənənəvi konfransı keçirilmişdir. Konfrans iştirakçıları öncə ulu öndər Heydər Əliyevin  şəhərimizin mərkəzindəki möhtəşəm abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzmüşlər. Rayon Təhsil şöbəsinin müdiri Pəhlivan Qarayevin “2015-2016-cı dərs ilinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda məruzəsi dinlənilmişdir. Məruzəçi qeyd etmişdir ki, 16 iyun 2006-cı il tarixdə Azərbaycan Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanlarında şagirdlər müvəffəqiyyətlə iştirak edərək əvvəlki illə müqayisədə irəliləyişə nail olmuşlar. Nizami Gəncəvi adına 5 saylı şəhər tam orta məktəbinin şagirdi Xəlilli Səmral Vasif oğlu təlimdə qazandığı nəticələrə görə qızıl medala layiq görülmüş və fərqlənmə attestatı almışdır. O qəbul imtahanlarında da yüksək bilik nümayiş etdirərək 678 balla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin “İlin ən yaxşı ümumtəhsil məktəbi” və “İlin ən yaxşı müəllimi” mükafatlarının təsis edilməsi haqqında 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli Sərəncamının icrası ilə əlaqədar mövcud qaydalara uyğun olaraq 2015-ci ildə “İlin ən yaxşı müəllimi” müsabiqəsi keçirilmişdir. N. Gəncəvi adına 5 saylı şəhər tam orta məktəbinin ingilis dili müəllimi Mirzəyeva Ellada Rəşid qızı müsabiqənin qalibi olmuş, “ilin ən yaxşı müəllimi” adına layiq görülərək  mükafatlandırılmışdır.
Rayonun Moranlı kəndində 432 şagird yerlik məktəb binası tikilərək yeni dərs ilinin başlanması ilə əlaqədar istifadəyə veriləcəkdir. Yaxa Dəllək kəndində 360 yerlik məktəb binasında tamamlanma işləri aparılır. Rayonun Qaralar, Surra kənd tam orta, Kürkəndi ümumi orta və şahmat məktəblərinin binaları cari təmir edilmişdir. Lakin hələ də rayonun 12 məktəbinin yeni tikintiyə, 17 məktəbin əsaslı təmirə ehtiyacı vardır. 35 Məktəb uyğunlaşdırılmış binalarda fəaliyyət göstərir.
  Qaratəpə kənd tam orta məktəbinin yeni təyin olunmuş direktoru Gülnar Hüseynova, rayon Ziyalılar Cəmiyyətinin sədri Böyükağa Həmidov, E. Nadirov adına 8 saylı şəhər tam orta məktəbinin müəllimi Maisə Əliyeva, N.Gəncəvi adına 5 saylı şəhər tam orta məktəbin məzunu, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasına 678 balla daxil olmuş “qızıl medal”çı Səmral Xəlilli konfransda çıxış etmişlər.
Təhsil Nazirliyinin nümayəndəsi Faiq Şahbazlı konfransda çıxış edərək görülmüş işlərdən, qazanılmış uğurlardan, nöqsanlardan, çatışmazlıqlardan, problemlərdən yeniliklərdən, qarşıda duran vəzifələrdən ətraflı danışmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov çıxış edərək qarşıdan gələn «Bilik günü» münasibətilə müəllimləri, şagirdləri, valideynləri təbrik etmiş, xoş arzularını çatdırmışdır.
Yüksək nəticələr göstərərək ali məktəblərə qəbul olunmuş tələbələrdən bir qrupuna rayon İcra Hakimiyyətinin başçısı tərəfindən fəxri fərman və qiymətli hədiyyələr verilmişdir.
Konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Keçidlər