Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat naziri Sabirabadda vətəndaşları qəbul etmişdir

12 avqust 2016 | 16:00

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir. Avqustun 12-də iqtisadiyyat naziri Şahin Mustafayev Sabirabadda Şirvan şəhər, Hacıqabul və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edib. Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda 40-a yaxın vətəndaş müraciət edib. Vətəndaşların müraciətləri Ş.Mustafayev tərəfindən diqqətlə dinlənilib, bir sıra müraciətlər yerindəcə həllini tapıb, qaldırılan digər məsələlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün konkret tapşırıqlar verilib. İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlər üzrə müraciətlərin icrası nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib. Qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal və emal sahələrinin yaradılması və mövcud müəssisələrin fəaliyyətinin genişləndirilməsi, müvəkkil kredit təşkilatı kimi Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ilə əməkdaşlıq, ailə təsərrüfatlarının təşkili, ixracın dəstəklənməsi, SKMF tərəfindən müvəkkil kredit təşkilatına kredit limitinin ayrılması, sosial və sair məsələlərlə əlaqədar müraciət ediblər.
Qəbula gələn sahibkarlarla müzakirələr aparılıb, onların istixana, cins heyvandarlıq, əkinçilik, ailə fermer təsərrüfatlarının yaradılması və sair sahələr üzrə investisiya layihələrinin dəstəklənməsi və güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib. Sahibkarlar özəl sektorun inkişafı istiqamətində həyata keçirilən kompleks islahatlardan - lisenziyalaşdırma sisteminin sadələşdirilməsi, sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması, qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, gömrük prosedurunun sadələşdirilməsi, investisiya təşviqi sənədinin tətbiqi və digər tədbirlərdən razılıqlarını ifadə ediblər.
Digər rayonlardan gəlmiş vətəndaşlar da nazir Ş.Mustafayev tərəfindən qəbul edilib, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun tədbirlər görülüb.
Qəbula gələn vətəndaşlar onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq ediblər.
Qəbul çərçivəsində iqtisadiyyat naziri Şahin Mustafayev güzəştli kreditlər hesabına reallaşdırılan "Sabirabad Konserv Zavodu" ASC-nin, "Sabirabad" istixana kompleksinin və digər ixracyönümlü layihələrin icrası ilə tanış olub.

Keçidlər