Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadın daha bir kəndinə təbii qaz verildi

05 iyul 2016 | 16:00

İyulun 5-də Niyazi İsmayılov adına Əlicanlı kənd tam orta məktəbinin qarşısında bayram əhval-ruhiyyəsi hökm sürürdü. Kənd sakinləri sevinc içərisində idilər. Burada kəndə təbii qazın verilməsi münasibətilə açılış mərasimi keçirilirdi.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov açaraq qazın verilməsi münasibətilə kənd sakinlərini təbrik etmiş, onlara xoş arzularını çatdırmışdır. Rayon rəhbəri bildirmişdir ki, qaz kəndə Ramazan bayramı ərəfəsində verilir. Qarşıdan gələn Ramazan bayramı münasibətilə hamınızı təbrik edir, firavanlıq, səadət arzulayıram.
Rayon İcra Hakimiyyətinin başçısı daha sonra vurğulamışdır ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızın hər yerində olduğu kimi, regionlarda da iqtisadi inkişaf uğurla davam etdirilir. Bu gün kəndlərin qazlaşdırılması da həyata keçirilən iqtisadi islahatların tərkib hissəsindən biridir. Bütün bunlar isə əhalinin sosial durumunun yaxşılaşdırılması deməkdir. 3 il bundan əvvəl ölkə Prezidenti cənab İlham Əliyev Sabirabadda olanda rayon mərkəzi 85 faiz qazlaşmışdı. 74 kənddən cəmi 3-nə qaz gəlirdi. Ötən  müddət ərzində rayon mərkəzi tam qazlaşdırılmışdır. Əlicanlı kəndi daxil olmaqla artıq 54 kənd qazla təmin olunmuşdur. 6 kənddə iş yekunlaşmaq üzrədir. Digər kəndlərdə də bu iş davam etdirilir.
Cənab Nazim İsmayılov eyni zamanda ölkə Prezidentinin uğurlu siyasəti sayəsində həyata keçirilən digər tədbirlərdən, sosial-iqtisadi, quruculuq işlərindən, qarşıda duran vəzifələrdən də danışmışdır.
Salyan Regional Qaz İstismarı İdarəsinin rəisi Kamil İsayev kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik edərək digər kəndlərdə aparılan qazlaşdırma işlərindən danışmışdır.
Kənd sakinlərindən Şahbaz Əkbərov, İffət Rüstəmova, Əlibala Qəhrəmanov çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, rayon rəhbəri Nazim İsmayılova, qaz çəkilişində əməyi olanlara minnətdarlıqlarını bildirmişlər.
Sonra alqış sədaları altında qazın gəlişini bildirən rəmzi məşəl alovlandırılmışdır.
Mərasim iştirakçıları kənd sakini Ədalət Şirinovun mənzilinə gələrək burada qazın gəlişini seyr etməklə ailənin sevincinə şərik çıxmışlar.

Keçidlər