Home Contact Phone
background

Xəbərlər

  • Azərbaycanda radikal müxalifətin Qarabağ mövz...

    Azərbaycanda radikal müxalifətin Qarabağ mövzusunda spekulyasiyaları

    2020-11-14

    Azərbaycan xalqının tarixi qələbəsindən sonra radikal müxalifətin məsələyə yanaşmasında və ritorikasında açıq şəkildə dəyişikliklər müşahidə olunmağa başlayıb. Sentyabrın 27-dən siyasi fəaliyyəti dondurduğunu elan edən müxalifət indi Fransa və digər ermənipərəst ölkələrin Azərbaycan qarşı mövqeyinə uyğun tezislərlə çıxış etməyə başlayıb. Bu isə onların yeni təlimat almasına işarədir. Radikal müxalifətin məlum davranışı heç də təsadüfi xarakter daşımır. Kampaniyanın əvvəlində özlərini xalqa vətənpərvər kimi təqdim edənlər indi müxtəlif bəhanələrlə əldə olunan möhtəşəm qələbənin əhəmiyyətini azaltmağa, cəmiyyətdə zərərli müzakirələrə yol açmağa və bununla da həm öz himayədarlarının sifarişlərini yerinə yetirməyə, həm də gündəmdə qalmağa cəhd göstərirlər. Bu gün Azərbaycan hakimiyyətinə qarşı əsassız ittihamlarla çıxış edənlər unutmamalıdır ki, vaxtı ilə məhz onların səriştəsizliyi, bacarıqsızlığı nəticəsində Azərbaycan kapitulyasiya vəziyyətinə düşmüş, Dağlıq Qarabağı və ətraf rayonları itirmişdir. Bu gün Azərbaycan Prezidenti xalqımıza böyük ağrılar yaratmış həmin səhvləri yüksək siyasi iradəsi, mətinliyi, yüksək diplomatik səriştəsi ilə aradan qaldırdı. Radikal müxalifət torpaqlarımızın azad olunmasına sevinmək, bunu qiymətləndirmək, Azərbaycan xalqından üzr istəmək əvəzinə, bu gün yenə də xəyanət və riyakarlıq yolunu tutur. Azərbaycan hərb tarixinə yenilik kimi düşən strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin əksər hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu.

  • Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq,...

    Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq !

    2020-11-11

    Noyabrın 10-u Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciət edərək bildirmişdir ki, onların demək olar ki, bütün texnikasını məhv etmişik, 30 il ərzində qurulmuş istehkamları keçmişik, əsgərlərimiz aslan kimi keçiblər, əziblər düşməni keçiblər, əcəb də ediblər, öz torpağında. Biz düşməni məcbur edə bilmişik. Mən onlara ultimatum vermişəm. Demişəm ki, çıxmalısan, çıxmasan sona qədər gedəcəyəm. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq. Onların “yenilməz” ordusu məhv oldu, fərarilik başladı, xunta başçısı Dağlıq Qarabağda əmr verdi ki, kim oradan qaçacaq, o, məsuliyyətə cəlb olunacaq. Bizdə BİR nəfər fərari oldumu? Olmadı! Mən böyük fəxarət və sevinc hissi ilə bu bəyanata öz imzamı atmışam. Hər kəs bizim gücümüzü gördü, hər kəs bizim dəmir yumruğumuz nədir, anladı. Heç kim Azərbaycan xalqının səbri ilə oynaya bilməz. Heç kim bizimlə zarafat edə bilməz. Paşinyan bəyanatı qapalı bir yerdə, kameralardan uzaq bir yerdə qorxaqcasına, namərdcəsinə imzalayacaq. Azərbaycanın dəmir yumruğunun hesabına imzalayır! Tərtər şəhəri, İkinci Dünya müharibəsi dövründə dağılmış Stalinqrad şəhərinə bənzəyir. Gündə yüzlərlə mərmi düşürdü, amma bir nəfər də tərpənmədi. Amma ermənilər qaçıb getdilər. Azərbaycan müharibəni humanitar hüquq normaları ilə aparmışdır, ermənilərin məskunlaşdığı, gizləndiyi şəhərlərdə böyük dağıntılar yoxdur. Çünki biz mülki obyektlərə atəş açmamışıq. Mənfur düşmən Şuşanı işğal altında saxlamaqla mədəni irsimizə böyük zərbə vurdu, tarixi abidələrimizi dağıtdı, bizim məscidlərimizi dağıtdı, təhqir etdi. Bizim məscidlərimizdə donuz saxlayan özü donuzdur. Erməni tərəfdə qarışlıqlı ittihamlar baş alıb gedir. Artıq onlarla şəxs vətənə xəyanət ittihamı ilə, hərbi qanunlarla mühakimə olunub, onlarla şəxs yüksək postlardan uzaqlaşdırılıb.

  • Qələbə münasibətilə Azərbaycan Respublikas...

    Qələbə münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev xalqa müraciət edib

    2020-11-11

    Noyabrın 10-u Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciət edərək bildirmişdir ki, ölkəmiz üçün tarixi bir gündür. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır. İmzalanmış bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Azərbaycan tarixi Qələbəni döyüş meydanında qazanır. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Şuşada o dəstə başçısının özünə andiçmə mərasimi keçirməsi, Ermənistan baş naziri gedib orada iştirak etməsi Azərbaycana sataşmaq idi. Bunun hesabını soruşduq, diz çökdürdük, diz üstə qoyduq! Şuşanın azad olunması ilə, şəhidlərimizin intiqamının alınması ilə, bu böyük qələbəni Azərbaycan xalqına bəxş etməklə Ulu Öndərin vəsiyyəti yerinə yetirildi. İşğalçıları torpaqlarımızdan iti qovan kimi qovmuşuq. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bu siyasi qələbənin qazanılmasında hərbi qələbəmiz müstəsna rol oynayır. Bəyanatın imzalanmasının səbəblərindən biri Şuşanın, daha sonra bayraq günü 72 yaşayış məntəqəsinin, ümumilikdə 300-dən çox yaşayış məntəqəsini işğaldan azad edilməsidir. Bu qələbələr düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonlarını siyasi yolla qaytarsın. Son illər ərzində ölkəmizdə aparılan işlər, mövcud olan gözəl ab-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz, ordu quruculuğu təbii ki, bu qələbəmizi şərtləndirdi. İqtisadi gücümüz qələbəni əldə etmək potensialımızı təmin etdi. Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. İqtisadi müstəqilik ordumuzu gücləndirmək üçün imkan yaradıb. Ordu üçün lazım olan bütün hərbi texnikanı, silahları alırıq. Azərbaycanda müdafiə sənayesi yaradıldı. Ordumuzun tələbatı böyük dərəcədə daxili istehsal hesabına təmin edilir.

  • Prezident İlham Əliyev: Bu Bəyanat bizim şanl...

    Prezident İlham Əliyev: Bu Bəyanat bizim şanlı qələbəmizdir

    2020-11-11

    Noyabrın 10-u Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciət edərək bildirmişdir ki, bu bəyanatın imzalanmasının səbəbi noyabrın 9-da - Dövlət Bayrağı Günündə bizim növbəti şanlı hərbi qələbəmiz olub. Çünki noyabrın 9-da 72 yaşayış məntəqəsini Azərbaycan Ordusu işğalçılardan azad edib. Şuşanın azad edilməsi, noyabrın 9-da 72 yaşayış məntəqəsinin azad edilməsi və sentyabrın 27-dən bu günə qədər 300-ə yaxın yaşayış məntəqəsinin azad edilməsi ilə Ermənistan ordusunun belini qırmışıq. Bəyanata əsasən: 1. Bu gün Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında bütün hərbi əməliyyatlar tam dayandırılır. Azərbaycan və Ermənistan hazırda tutduqları mövqelərdə qalacaqlar; 2. Noyabrın 20-dək Ağdam, noyabrın 15-dək Kəlbəcər, dekabrın 1-dək Laçın rayonunları Azərbaycan Respublikasına qaytarılır; 3. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiyanın 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir; 4. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır; 5. Növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur; 6. Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ofisinin nəzarəti altında geri qayıdır; 7. Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir; 8. Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilir.

  • Qələbə bizimdir!!! Qarabağ Azərbaycandır!!!

    Qələbə bizimdir!!! Qarabağ Azərbaycandır!!!

    2020-11-10

    Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun Ermənistanın ardıcıl təxribatlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşü başa çatdı. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu istehkamlarını, silahlı qüvvələrini darmadağın etdi, uzun illər işğal altında qalan torpaqlarımızı azad etdi, Azərbaycan Respublikasının Prezidentinin rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa əlacı olmadı. Noyabrın 10-da Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanatla Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin torpaqlarımızın işğaldan azad olunması, Azərbaycan ordusunun qələbə qazanması münasibətilə gecə saatlarında xalqa müraciətini bütün Azərbaycan xalqı və dünya Azərbaycanlıları coşqu və fərəh hissi ilə qarşıladı. Respublikamızın bütün regionlarında olduğu kimi rayonumuzda da böyükdən kiçiyə hər kəs küçələrə axışdı. Sabirabad şəhər sakinləri Ulu Öndər Heydər Əliyevin abidəsi önündən başlayaraq bütün küçə və məhəllələrə toplaşaraq sevinc və qürur hisslərini paylaşırlar. Hər kəs əlində və ya çiynində milli bayrağımızla izdihama qoşularaq “Yaşasın Ali Baş Komandan!”, “Eşq olsun Azərbaycan ordusuna!”, “Qarabağ Azərbaycandır!” şüarları səsləndirirlər. İnsanlar bir-birini təbrik edir, sevinc göz yaşlarını saxlaya bilmirlər. Qələbə hissinin yaratdığı duyğuları bir-birləri ilə paylaşan Sabirabadlılar, torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsini böyük ehtiramla yad edir, qələbə sevincini yaşatdığına görə Ali Baş Komandana və Müzəffər Azərbaycan ordusuna minnətdarlıqlarını bildirirlər. 30 ilin həsrəti nəhayət başa çatdı, müharibə bitdi. Qələbə bizimdir! Qarabağ Azərbaycandır!

  • 9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüd...

    9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

    2020-11-09

    2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir. Azərbaycan Respublikasının dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiqlənib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək, onu dövlət bayrağı elan edib. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa edib.

  • Azərbaycan bayrağı Şuşada dalğalanır

    Azərbaycan bayrağı Şuşada dalğalanır

    2020-11-08

    Müzəffər Azərbaycan Ordusu döyüş meydanında yeni qələbələr qazanır. Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Bu tarixi qələbəni noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində deyib. Dövlət başçısı bildirib ki, böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm! Bütün şuşalıları ürəkdən təbrik edirəm! Şuşa bizimdir! Bu gün bütün Azərbaycan xalqı qürur hissi ilə o xoş xəbəri qarşılayır. “Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

  • Mənzillərinizi yanğından qoruyun

    Mənzillərinizi yanğından qoruyun

    2020-11-06

    Od insanları işıq və istiliklə təmin edir. Yer üzərində odsuz yaşamaq qeyri mümkündür. Od hər yerdə və hər zaman lazımdır. Lakin odla düzgün davranmadıqda o insanın düşməninə çevrilir, ağılagəlməz müsibətlərə, faciələrə səbəb olur. İnsanlar od əldə etdikləri gündən ondan istifadə etdikləri kimi onunla mübarizə də aparıblar. Yanğına qarşı mübarizə yanğın təhlükəsizliyi qaydalarına düzgün riayət etməkdən başlanır.Yaşayış evlərində yanğınlar od ilə ehtiyyatsız davranmanın müxtəlif növlərindən, məişətdə işlədilən elektrik qızdırıcı cihazlarından, həmçinin təbii və mayeləşdirilmiş qaz ilə işlədilən cihazlardan düzgün istifadə edilmədikdə baş verir. Artıq qışın kəskin soyuqları başlayıb. Yaşayış evlərinin isidilməsində elektrik və qaz cihazlarından, eləcə də müxtəlif yanacaqla işləyən sobalardan istifadə olunur. Bütün bunlar mənzillərdə yanğın təhlükəsizliyi qaydalarına vətəndaşlar tərəfindən əməl olunmasına daha çox məsuliyyət tələb edir. Uşaqların od ilə dəcəlliyi mənzillərdə yanğınlara səbəb olur. Uşaqları mənzildə və yaxud soba olan otaqda tək qoyub qapını bağlamaq olmaz, yanmaqda olan sobaya və qızdırıcı cihazlara nəzarət etməyi onlara tapşırmaq olmaz. Qış mövsümündə elektrik verilişində bəzi hallarda fasilələr yarandığından mənzilləri işıqlandırmaq məqsədilə şamdan və neft lampasından istifadə edirlər, bu zaman adi ehtiyyat tədbirləri tamamilə unudulur. Bəzən vətəndaşlar tərəfindən mənzillərdə şamdan istifadə edərkən şam yanmayan altlıqlar üzərində deyil, papiros və ya kibrit qutuları üzərində, stolda və ya pəncərə altı taxta üzərində yapışdırılaraq yandırılır, eləcə də onları nəzarətsiz qoyub gedirlər. Bu zaman şam yıxıla bilər, əgər yanmaqda davam edərsə, yanğın onun altındakı yanar konsturuksiyalara keçərək inkişaf edər. Bəzən də şamları istilik nəticəsində parçalana bilən altlıqlar üzərində qoyurlar ki, nəticədə şam yanıb qurtararkən öz altlığını sındıraraq yanğının baş verməsinə səbəb olur. Odur ki. mənzillərdə şamdan istifadə edərkən, onları sabit metal şamdana taxmaq lazımdır. Təhlillər göstərir ki, baş vermiş yanğınların bir hissəsi elektrik avadanlıqlarının quraşdırılması və istismarı qaydalarına düzgün riayət edilməməsi nəticəsində baş vermişdir.

  • Azərbaycan Respublikasının Prezidenti cənab İ...

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Almaniyanın ARD televiziya kanalına müsahibə verib

    2020-11-04

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibə verib. Ölkə rəhbəri müsahibəsində Azərbaycanın mövqeyi ilə bağlı mühüm məqamlara toxunub. Ermənistanın Azərbaycana qarşı təxribatları davamlı və məqsədyönlü olub. Birinci hərbi təxribat iyul ayında törədilmişdir. İkinci hərbi təxribat avqust ayında baş vermiş, Ermənistan qətllər törətmək üçün diversiya qrupu göndərmişdir. Üçüncü hərbi təxribat sentyabrın 27-də törədilmiş, erməni tərəfi təmas xəttinə yaxın yerləşən bəzi şəhər və kəndləri ağır artilleriya bombardmanına tutmuşlar. Atəşi ilk açan Ermənistandır, mülki şəxslər və hərbçilər arasında ilk qurbanlar azərbaycanlılar idi. Azərbaycanın üç dəfə atəşkəsə razı olması faktı hərbi toqquşmaları dayandırmaq və bu məsələni danışıqlar masasında, siyasi yolla həll etmək iradəsini nümayiş etdirir. Ermənistan üç dəfə atəşkəsi kobud şəkildə pozmuşdur. Azərbaycan düşmənə yalnız döyüş meydanında cavab verir. Azərbaycan atəşin dayandırılmasına tərəfdar olsa da, Ermənistan tərəfi təmas xəttindən uzaqda yerləşən şəhərlərə raket atmaqla, mülki infrastruktura ziyan vurmaqla döyüşün davam etməsində maraqlı olub. Azərbaycan həmişə sülh planına sadiq olub. Ermənistan həmişə münaqişənin sülh yolu ilə həllinə qarşı olub. Danışıqlar masasında onların bütün davranışı vasitəçiləri və Azərbaycanı aldatmaq cəhdindən ibarət olub. İndi azad edilmiş ərazilərimizdə qurulmuş istehkam qurğuları göstərir ki, onlar bu ərazilərdən çıxmağı planlaşdırmayıblar. Azərbaycan nə qədər çox müdafiə olunursa, daha çox əraziləri azad edir. Azərbaycanın kifayət qədər silah-sursatı, müasir silahları var və onları döyüş meydanında nümayiş etdirir. Azərbaycanın məhv etdiyi və qənimət kimi götürdüyü sursatın dəyəri 2,7 milyard dollardır. Bu pul haradan gəlir? Ermənistan kasıb ölkədir, büdcəsi 2 milyard dollardan azdır, xarici borcu isə 8 milyard dollardır. Şəhərləri bir-birinin ardınca işğaldan azad edən və milli bayrağımızı ucaldan Azərbaycan ordusunun döyüşçüləridir. Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən oktyabrın 31-dək dinc əhaliyə qarşı törədilmiş cinayətlərlə bağlı Baş Prokurorluğun məlumatı: 91 nəfər mülki şəxs həlak olub, 404 nəfər isə xəsarət alıb. Ermənistanın ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 2465 ev, 97 çoxmənzilli yaşayış binası və 455 mülki obyekt yararsız vəziyyətə düşüb.

  • Dağlıq Qarabağın azad olunması ədalət, mill...

    Dağlıq Qarabağın azad olunması ədalət, milli qürur və beynəlxalq hüquq məsələsidir

    2020-11-04

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibə verib. Ölkə rəhbəri müsahibəsində Azərbaycanın mövqeyi ilə bağlı mühüm məqamlara toxunub. Yeddi rayon Azərbaycana qaytarılmalıdır. Ermənilər heç vaxt bu rayonlarda yaşamayıblar. Dağlıq Qarabağdan qovulmuş, hazırda sayı 65 mindən çox olan azərbaycanlı icması oraya qayıtmalıdır. Azərbaycan muxtariyyət təklif edəndə ermənilər bunu rədd edir, müstəqillik tələb edirdilər. İndi reallıqlar dəyişib. 27 il ərzində Azərbaycanın erməni tərəfinə təklif etdikləri, ola bilsin, artıq öz qüvvəsini itirib. İndi muxtariyyət verilməyə bilər, müzakirələr hələ başlamayıb. Mərhələli həll planına əsasən, birinci mərhələdə boşaldılması nəzərdə tutulan beş rayon işğaldan azad edilib. Ona görə də həmin plan köhnəlmiş sayılır. Azərbaycanlılar və ermənilər birgə yaşamalıdır, bu, asan olmasa da, biz öyrənməliyik. Müharibəni dayandırmağın yeganə yolu Ermənistanın öz məğlubiyyətini qəbul etməli, bizim qələbəmizi qəbul etməli, sonra ərazilərin bir hissəsini boşaltmaq barədə öhdəlik götürməlidir. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə hər hansı üçüncü ölkənin cəlb olunmasını istəmir. Ermənistanla Azərbaycan arasında olan döyüşdən hər kəs uzaqda durmalıdır. Dağlıq Qarabağ Azərbaycan torpağıdır, beynəlxalq səviyyədə tanınan ərazimizdir. Avropa ölkələrinin beynəlxalq hüquqla tanınan əraziləri onlar üçün nə qədər mühümdürsə, Dağlıq Qarabağ da Azərbaycan üçün o qədər mühümdür. Dağlıq Qarabağın azad olunması ədalət, milli qürur və beynəlxalq hüquq məsələsidir.

  • Azərbaycan Respublikasının Prezidenti cənab İ...

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rusiyanın “İnterfaks” agentliyinə müsahibə verib

    2020-10-31

    Oktyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rusiyanın “İnterfaks” agentliyinə müsahibə verib. Ölkə rəhbəri müsahibəsində Azərbaycanın mövqeyi ilə bağlı mühüm məqamlara toxunub. Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü sübut etdi. İşğal edilmiş ərazilərin xeyli hissəsi bir ay ərzində azad olundu. Azərbaycan Ordusunun dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilir. Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu sırasındadır. Erməni tərəfi işğal edilmiş ərazilərin qalan hissəsindən qoşunlarını çıxarmaq barədə öhdəlik götürdüyü andan etibarən Azərbaycan döyüşləri dayandırmağa hazırdır. Atəşkəs rejimini artıq üç dəfə kobud şəkildə pozan Ermənistan siyasi müstəvidə qeyri-konstruktiv yanaşma nümayiş etdirir. Azərbaycan hərbi əməliyyatları dayandırmağa hazırdır. Lakin, atəşkəsi üç dəfə pozan rəsmi İrəvan öz təxribatlarını dayanmadan davam edir. Erməni hərbçilərin hədəfi mülki əhalidir. Qeyd olunan amil sadəcə təxribat deyil, hərbi cinayətdir. Kasetli raketlərlə mülki əhalinin bombalanması terror aktıdır. Dinc şəhərlərə kasetli raketlərlə və döyüş sursatları ilə hücumlar hərbi cinayətdir. Ermənilərin atəşləri nəticəsində 69 dinc vətəndaş həlak olub, 300-dən çox adam yaralanıb. Budur, erməni faşizminin siması. Rəsmi İrəvan bütün dövrlərdə başqa ölkələrin arxasında gizlənməyə nail olub. Onların problemlərini başqa ölkələr həll edir. Müasir erməni dövlətinin ideologiyası da, əslində, bundan ibarətdir. Bu ideologiyanın çox dərin tarixi kökləri var. Son 200 ilin tarixini, Qafqazın tarixini izləsək, Ermənistanın yarıtmaz siyasəti ucbatından neçə müharibə baş verməsini, onların başqa ölkələr üçün neçə təxribat yaratmasını görərik. Münaqişə yaradıb sonra da kolluğa qaçaraq və kimlərinsə arxasında gizlənərək başqa xalqların qanının axıdılmasının və qarşıdurmanın bəhrələrini görürdülər. Ermənistan Qafqazın bədənində yad cisim kimi qalmamalıdır.

  • Azərbaycan Respublikasının Prezidenti cənab İ...

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciət edib

    2020-10-29

    Oktyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciət edərək bildirmişdir ki, İkinci Qarabağ müharibəsi xalqımız üçün Vətən müharibəsidir. Azərbaycan ordusu döyüş meydanında tarixi ədaləti bərpa edir. Şanlı Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edibdir. Sonuncu azad edilmiş yaşayış məntəqələrinin siyahısı- Zəngilan rayonu: Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd Cəbrayıl rayonu: Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər. Qubadlı rayonu: Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı şəhəri. Bununla azad edilən yaşayış məntəqələrinin sayı 150-yə yaxınlaşır. Beş ilə (1988-1993-cü illər) işğal olunmuş, təxminən 27 il ərzində güclü müdafiə-istehkam sistemi yaradılmış ərazilərin mühüm hissəsinin qısa müddətdə azad olunması Azərbaycan ordusunun qüdrətinin göstəricisidir. Ordu quruculuğu sahəsində İlham Əliyev hakimiyyəti zamanı atılmış addımlar sadalanmalıdır. Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Erməni lobbi təşkilatları həm bölgənin tarixi ilə bağlı, həm münaqişənin tarixi ilə bağlı yanlış məlumat ötürərək dünyanın ictimai fikrində təhrif edilmiş təsəvvür yarada bilmişlər. Məhz buna görə, torpaqları işğal olunan Azərbaycana qarşı sanksiyalar tətbiq edilmişdir. Qarabağ tarixini dünya ictimaiyyətinə çatdırmaq üçün son illər ərzində böyük işlər görülübdür. Bu işlər sayəsində artıq dünyada məsələ ilə bağlı daha obyektiv təsəvvür var. Prezident Münhen Təhlükəsizlik Konfransında, Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunda, Aşqabadda, Vyanada, Astanada diskussiya və çıxışlarında Dağlıq Qarabağla bağlı həqiqətləri səsləndirməsi dünya ictimai rəyinin lehimizə dəyişməsinə mühüm töhfə verib. Kürəkçay sülh anlaşmasında erməni xalqı haqqında bir kəlmə də yoxdur. Çünki erməni xalqı o vaxt orada yox idi. Erməni xalqı Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrindən sonra bizim dədə-baba torpaqlarımıza gətirildi. Məqsəd imperiyanın yeni torpaqlarında dini tərkibi dəyişdirmək, müsəlmanları öz dədə-baba torpaqlarından qovmaq və yeni reallıq yaratmaq idi.

  • Minsk qrupu Ermənistanın qanunsuz məskunlaşma ...

    Minsk qrupu Ermənistanın qanunsuz məskunlaşma aparmasına etiraz etməyib.

    2020-10-29

    Oktyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciət edərək bildirmişdir ki, Minsk qrupunun fəaliyyətinə müsbət qiymət vermək olmaz. Minsk qrupu işğalçıya təzyiq etməyib və etmək də istəməyib. Minsk qrupu həmsədri olan üç ölkə məsələni həll etmək istəsəydi, Ermənistana sanksiyalar tətbiq edərdi. Minsk qrupu həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir, istənilən məsələni həll edə bilərlər. Qanunsuz məskunlaşma beynəlxalq cinayətdir, Cenevrə konvensiyalarına ziddir. Minsk qrupunun cinayətə susması torpaqlarımızı erməniləşdirməyə, Azərbaycan mədəni irsini silməyə təşviq mesajıdır. 28 il ərzində danışıqların imitasiyası olub. Bununla Azərbaycanı vəziyyətlə barışmağa sürükləyirdilər ki, yeni reallıqlar yaranıbdır, siz də hesablaşmalısınız. Öz torpaqlarını işğalçılardan azad etməyə başlayan Azərbaycana böyük təzyiq göstərirlər. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetirir. Halbuki bu, BMT Təhlükəsizlik Şurasının vəzifəsidir. Minsk qrupunun bütün fəaliyyəti indi təcavüzkar, Xocalı soyqırımını törədən, Gəncəni ballistik raketlərlə bombalayan Ermənistanı xilas etməkdir. Vasitəçi neytral olmalıdır. Neytral deyilsə, öz namizədliyini geri götürməlidir. Müstəqilliyimizin ilk mərhələsində Minsk qrupunun həmsədri olan Amerika Konqresi Azərbaycana qarşı sanksiya tətbiq edib ki, guya Azərbaycan Ermənistana qarşı təcavüz edir və bu sanksiyalar bu günə qədər qüvvədədir.

  • Atəşkəs rejimi Ermənistan tərəfindən daim p...

    Atəşkəs rejimi Ermənistan tərəfindən daim pozulur

    2020-10-29

    Oktyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciət edərək bildirmişdir ki, Oktyabr ayının 10-da birinci atəşkəs qüvvəyə mindi. Azərbaycan tərəfi həlak olanların cəsədlərinin, girovların, əsirlərin dəyişdirilməsi üçün buna razılıq vermişdi. Ancaq Ermənistan bir gün keçməmiş bu atəşkəsi namərd şəkildə, gecə vaxtı Gəncəni bombalamaqla kobudcasına pozdu. İkinci atəşkəs oktyabrın 17–də elan olundu. Yenə də iki dəqiqədən sonra Ermənistan atəşkəsi pozdu. Oktyabrın 26-sı səhər saat 8-dən üçüncü atəşkəs elan olunub. Ancaq səhər saat 9-da artıq atəşkəs Ermənistan tərəfindən pozuldu. Hər bir pozuntu qeydə alınır, dərhal ATƏT-in nümayəndəsinə və atəşkəsdə maraqlı olan digər ölkələrə göndərilir ki, baxsınlar, ermənilər atəşkəsi nə qədər pozublar. Münaqişənin sülh yolu ilə həlli üçün Ermənistan bizim torpaqlarımızdan dərhal çıxmalıdır. Cədvəl verilməli, Ermənistanın neçə gündən sonra hansı rayondan çıxacağı cədvəldə göstərilməlidir (Ermənistan bu cədvəli verməyib). Döyüş meydanında diz çökən Ermənistan atəşkəsdən istifadə edib öz qüvvələrini yenə də səfərbər etmək, yenə də silahlanmaq və yeni işğalçılıq siyasəti aparmaq istəyir. Son bir ay ərzində Ermənistana kütləvi surətdə müxtəlif növ silahlar göndərilir.

  • Ermənistan iflas həddinə çatıb

    Ermənistan iflas həddinə çatıb

    2020-10-29

    Oktyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciət edərək bildirmişdir ki, 252 tank məhv edilib, 53 tank qənimət kimi götürülüb. Toplam 305 tankdan Ermənistan məhrum edilib. Amma hələ tankları var. Görün nə qədər tank olub onlarda. 50 piyadaların döyüş maşını məhv edilib, 29-u qənimət kimi götürülüb – cəmi 79 ədəd. 251 müxtəlif çaplı top məhv edilib, 24-ü qənimət kimi götürülüb, cəmi 275. 61 minaatan məhv edilib, 45-i qənimət kimi götürülüb, toplam 106. 53 tank əleyhinə vasitə məhv edilib. 82 “Qrad” qurğusu məhv edilib. 2 “Uraqan” Yaylım Atəşli Raket Sistemi, 1 “TOS” məhv edilib. Zenit-raket kompleksləri - 4 “TOR”, 40-a yaxın “OSA”, 4 “KUB”, 1 “KRUQ”, 2 “S-125” qurğusu məhv edilib. “S-300” ən bahalı qurğulardan biridir, 6 “S-300” atıcı qurğusu məhv edilib. Bir aşkaretmə stansiyası, bir lokator. Əməliyyat taktiki raket kompleksləri – Elbrus, ikisi məhv edilib, “Toçka-U” biri məhv edilib. Yük avtomobilləri – 231 yük avtomobili məhv edilib, onlardan 20-si sursatı ilə. 173 yük avtomobili hərbi qənimət kimi götürülüb. Toplam 404 yük avtomobili. Haradandır bu pul, haradan? Müşahidəçilər, vasitəçilər, politoloqlar, ermənipərəstlər desinlər ki, pullar haradan gəlir? O silahları istehsal edən ölkələrin vətəndaşları bilirlərmi ki, bir ay ərzində onların nə qədər malı batıb? Bizim pulumuz var, hər şey şəffafdır. Ermənistanın xarici dövlət borcu təxminən 8 milyard dollardır. Valyuta ehtiyatları isə 1,5 milyard dollardır. Özü də bu, sərbəst vəsait deyil, bu, bank rezervləridir. Onlardan istifadə edə bilməz. Əgər istifadə etsə, onların dırnaqarası valyutası da kəllə-mayallaq gedəcəkdir. Əgər Ermənistana maliyyə, iqtisadi, hərbi, siyasi dəstək verilməsə, onlar ayaq üstə dura bilərmi? Bu rəqəmlər sadəcə itki və qənimətləri əks etdirmir, Ermənistanın çöküşünün sürətlənməsini və onun süni yolla ayaqda saxlamağa çalışan dünya güclərinin ikili standartlarını əks etdirir.

  • Azərbaycan Respublikasının Prezidenti cənab İ...

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib

    2020-10-28

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 26-də Fransanın “Figaro” qəzetinə müsahibəsi zamanı Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələr barədə ətraflı danışaraq bildirmişdir ki, Sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçmişdir. Bu hərbi hücumun ilk saatlarında mülki şəxslər və hərbi qulluqçular arasında qurbanlar olmuşdur. Bu, üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü hərbi təxribat idi. Onlar birinci dəfə Qarabağ bölgəsindən uzaqda olan Ermənistan-Azərbaycan dövlət sərhədində hücum etdilər. Beynəlxalq müşahidəçilərin yekdil rəyi ondan ibarət idi ki, Ermənistan Azərbaycana qarşı hücum etmişdir. Onlar yeni əraziləri işğal etmək istəyirdilər. Onlar Ermənistanla dövlət sərhədindən bir neçə kilometr məsafədə yerləşən strateji enerji infrastrukturu üzərində nəzarəti ələ keçirmək istəyirdilər. Trans-Adriatik boru kəməri demək olar ki, tamamlanıb. Cənub Qaz Dəhlizi təkcə Azərbaycanın deyil, həm də Avropanın enerji təhlükəsizliyi layihəsidir. Ermənistanın məqsədlərindən biri bu boru kəməri üzərində nəzarəti ələ keçirmək və Azərbaycanı, ola bilsin Avropa istehlakçılarını şantaj etmək idi. Onlara ciddi cavab verildi. Lakin əfsuslar olsun ki, növbəti ay - avqust ayında onlar azərbaycanlılara qarşı terror aktları törətməyi planlaşdıran diversiya qrupunu göndərdilər. Bu hücumu etməklə Ermənistanın güddüyü siyasi məqsədlərə gəlincə, bunlar status-kvonun dəyişməz olaraq qalmasından, bu eskalasiyaya görə günahı Azərbaycanın üstünə atmaqdan, danışıqların tamamilə pozmaqdan, üçüncü ölkələri münaqişəyə cəlb etməkdən və münaqişəni beynəlmiləlləşdirməkdən ibarət idi. Azərbaycan onlara yalnız adekvat cavab verdi. Azərbaycanın infrastruktur layihələrinə yatırdığı sərmayələr nəqliyyat üzrə çox geniş beynəlxalq əməkdaşlıq formatının yaradılması ilə nəticələnmişdir. Əlbəttə ki, hər şey enerji infrastrukturu ilə başladı, Azərbaycandan keçən neft və qaz kəmərləri artıq çox mühüm enerji təhlükəsizliyi mənbəyinə çevrilib.

  • Türkiyə və Azərbaycan qardaşlığı əbədidi...

    Türkiyə və Azərbaycan qardaşlığı əbədidir və qardaşlığımız bir çox sınaqlardan keçib

    2020-10-28

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 26-də Fransanın “Figaro” qəzetinə müsahibə verib. Ölkə rəhbəri müsahibəsində Azərbaycanın mövqeyi ilə bağlı mühüm məqamlara toxunub. Türkiyə Prezidenti Azərbaycana güclü dəstəyini açıq şəkildə ifadə etdi. O dedi ki, Azərbaycan tək deyil, Türkiyə onun yanındadır. Beləliklə, bu, çox güclü siyasi dəstəkdir və buna görə çox minnətdarıq. Azərbaycan döyüş meydanında nə edirsə özü edir. Bəli, müasir silahlarla, müasir avadanlıqlarla, lakin Vətənimizi azad edən Azərbaycan əsgərləri və zabitləridir. Türkiyə ilə münasibətlərin böyük tarixi və daha da parlaq gələcəyi var. Bu prosesə cəlb edilmək üçün Türkiyənin Cənubi Qafqazın hər üç ölkəsi - Azərbaycan, Gürcüstan və Ermənistanla sərhədi olan dünyada yeganə ölkə kimi legitim hüququ var. Çünki qonşu olaraq, region üçün sabitliyi, təhlükəsizliyi təmin edə bilən və təmin edən, gündəliyi çox aydın ölkə olaraq o, beynəlxalq hüququ müdafiə edir. Türkiyənin rolu çox müsbətdir. Ermənistanla müharibə dayanandan və siyasi nizamlama həyata keçiriləndən sonra əminəm ki, Türkiyənin rolu çox mühüm və müsbət olacaq. Türkiyənin iştirakına dair heç bir dənə də sübut yoxdur. Ermənistanın Azərbaycana qarşı hücum həyata keçirdiyi ilk saatlardan Türkiyə, Türkiyənin Prezidenti və digər yüksək səviyyəli rəsmilər Azərbaycana güclü siyasi dəstək, beynəlxalq hüququn norma və prinsiplərinə dəstək verirlər.

  • Azərbaycan mülki şəxslərə və obyektlərə h...

    Azərbaycan mülki şəxslərə və obyektlərə hücum etmir

    2020-10-28

    Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibə verib. Ölkə rəhbəri müsahibəsində Azərbaycanın mövqeyi ilə bağlı mühüm məqamlara toxunub. Azərbaycan mülki şəxslərə və dini məkanlara hücum etmir. Şuşada kilsədə baş verənlər ya səhv olub, - buna Azərbaycan rəhbərliyi rəsmi münasibət bildirib, ya da Azərbaycanı günahlandırmaq üçün ermənilərin özləri tərəfindən törədilib. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın paytaxtı Xankəndidə hərbi hədəflər olub və oraya hücumlar yalnız oktyabrın 9-dan əvvəl olub. Ondan sonra Azərbaycan Dağlıq Qarabağda heç bir mülki şəxsə və ya şəhərə hücum etməyib. Lakin onlar hücum ediblər. Azərbaycan qondarma “Dağlıq Qarabağ Respublikası”nın paytaxtı Xankəndidə hərbi infrastrukturu hədəfə alırdı, çünki hərbi bazalar, hərbi infrastruktur şəhərdə yerləşir. Azərbaycanın dronları Ermənistan tanklarını və başqa hərbi hədəfləri məhv edir. İndiyədək dronlar 230-dan çox tankı məhv edib. Azərbaycan onların 6 ədəd S-300 hava hücumundan müdafiə sistemini, yüzlərlə zirehli texnikasını sıradan çıxarıb. Dronlardan mülki şəxslərə qarşı istifadə edilmir. Bu, yanlış məlumatdır. Bu, dezinformasiyadır. Rusiya və Fransa, yeri gəlmişkən, açıq şəkildə buna münasibət bildirən yeganə ölkələr belə məsuliyyətsiz bəyanatlar verdilər. Sübutlar, dəlillər tələb edildi və hələ də tələb edilir. Müharibə 20 gündən çoxdur ki, yenidən başlayıb, indiyədək nə Rusiya, nə də Fransa tərəfindən heç bir dəlil və ya sübut təqdim olunmayıb. Prezident Trampın “New York Times”ı necə adlandırdığını bilirsiniz, xatırlayırsınız? dezinformasiyadır. Heç bir dəlil, heç bir sübut yoxdur. Dəlil versinlər, sadəcə. Azərbaycanın muzdlulara ehtiyacı yoxdur. Nizami orduda 100 min əsgər, bir neçə gün ərzində bəlkə də bundan 3 dəfə çox əsgər cəlb edilə bilər, üstəgəl müasir avadanlıq. Heç bir muzdluya əsla ehtiyac yoxdur. Bu, sadəcə, ölkəmizin nüfuzuna xələl gətirmək və döyüş meydanında əsgərlərimizin mərdliyinin əhəmiyyətini azaltmaq məqsədi daşıyan dezinformasiyadır.

  • Ermənistan enerji xətləri və infrastrukturlar...

    Ermənistan enerji xətləri və infrastrukturları hədəf seçir

    2020-10-28

    Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibə verib. Ölkə rəhbəri müsahibəsində Azərbaycanın mövqeyi ilə bağlı mühüm məqamlara toxunub. Ermənistanın yüksək rütbəli rəsmilərinin bəyanatlarını var ki, onlar Azərbaycanın strateji neft infrastrukturumuza, o cümlədən kəmərlərə və Bakının Səngəçal qəsəbəsində ən böyük neft-qaz terminalına hücum edəcəklər. Azərbaycandan Avropaya və dünyaya neft-qaz təchizatını pozmaq Ermənistanın planları idi. Azərbaycan özünü müdafiə edir. Bakıdan Aralıq dənizinə neft kəməri 2006-cı ildə istismara verilib və heç bir fasilə olmadan işləyir. Azərbaycandan Türkiyəyə qaz kəməri 2007-ci ildə istismara verilib. Ona görə də, kəmər artıq qorunduğu halda, niyə kəməri qorumaq üçün müharibəyə başlamalıyıq. Kəməri dayandırmaq və Azərbaycana iqtisadi ziyan vurmaq istəyən Ermənistandır. Prezident Trampın münaqişənin həlli ilə bağlı gördüyü işlər beynəlxalq münasibətlərə tam uyğundur. Bununla bağlı onun mövqeyini, şəxsi fikirlərini tam dəstəkləyirik. Görürük ki, ABŞ-ın mövqeyi balanslaşdırılmışdır və bu, belə də olmalıdır. Çünki ABŞ vasitəçidir. Eləcə də digər həmsədrlər tərəf tutmamalıdırlar. Çox böyük erməni icmasının təkcə Amerikada deyil, həmçinin Fransa və Rusiyada daxili siyasətə təsirinin olduğunu, çoxlu lobbiçilik fəaliyyəti ilə məşğul olduğunu, indi Azərbaycan əleyhinə var gücü ilə fəaliyyət göstərdiyini və onların göstərə biləcəyi təzyiqin səviyyəsini başa düşürük. Düşmənçiliyə son qoymaq üçün istənilən motivasiya Azərbaycan tərəfindən dəstəklənir. Bu gün Vaşinqtondakı görüşün çox yaxşı nəticəsi onda ola bilər ki, Ermənistan sülh yolu ilə həllə sadiq olsun, hücum etməyi dayandırsın və qoşunları geri çəkəcəyinə dair öhdəlik götürsün.

  • Hərbi əməliyyatlara Ermənistan başlayıb və ...

    Hərbi əməliyyatlara Ermənistan başlayıb və məqsədi danışıqlar prosesini tamamilə pozmaq idi

    2020-10-28

    Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibə verib. Ölkə rəhbəri müsahibəsində Azərbaycanın mövqeyi ilə bağlı mühüm məqamlara toxunub. Sentyabrın 27-də döyüşlərə başlayan Azərbaycan olmamışdır. Bu vaxta kimi heç bir ölkənin rəsmi nümayəndəsi bu məsələni qaldırmayıb. Atəşkəsi pozan Ermənistan olmuşdur və məqsəd danışıqlar prosesinə zədə vurmaq idi. Ermənistan avqustda hərbi Azərbaycanın mövqelərinə nüfuz etmək, mülki şəxslərə və hərbi qulluqçulara hücum etmək üçün diversiya qrupu göndərdi. Sentyabrın 27-də onlar ağır silahlardan artilleriya bombardmanına başladılar və hücumun ilk saatlarında mülki şəxslər və hərbi qulluqçular arasında qurbanlar olmuşdur. Bu vaxta kimi mülki şəxslər arasında 63 nəfər öldürülmüş, 300 nəfər mülki şəxs yaralanmışdır. Hücuma başlayan Ermənistan idi, Azərbaycan özünü müdafiə etməli və cavab verməli idi. Cavab çox adekvat olmuşdur və nəticədə işğal olunmuş ərazilərin mühüm hissəsini azad edilib. Azərbaycanın verdiyi reaksiya BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun idi. 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrdə Ermənistandan açıq şəkildə tələb olunurdu ki, qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən tam, qeyd-şərtsiz və dərhal çıxarsın. Azərbaycanın verdiyi cavab Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə uyğundur. Vasitəçilər tərəfindən - Amerika Birləşmiş Ştatları, Rusiya və Fransadan Dağlıq Qarabağa müstəqillik verilməsi ilə bağlı heç bir plan təqdim olunmayıb. Bu qədər. Sülh planında təklif var idi, muxtariyyət əsla yoxdur; Sülh planında təklif, bənd var ki, Dağlıq Qarabağın ətrafında yerləşən işğal olunmuş bütün ərazilərin, - bu o ərazilərdir ki, orada azərbaycanlılar yaşamışdır və 700 mindən çox azərbaycanlı bu ərazilərdən etnik təmizləməyə məruz qalmışdır, - Azərbaycana qaytarılması deyilir. Bütün azərbaycanlılar Dağlıq Qarabağdan qovulmuşdur, müharibədən əvvəl orada 40 min azərbaycanlı var idi, Dağlıq Qarabağ ətrafında olan yeddi rayondan bütün azərbaycanlılar - 700 min nəfər qovulmuşdur.

  • Azərbaycan iqtisadiyyatının şaxələndirmə pr...

    Azərbaycan iqtisadiyyatının şaxələndirmə proqramı çox uğurla icra olunur

    2020-10-24

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib. Ölkə rəhbəri müsahibəsində aşağıdakı fikirləri səsləndirmişdir. Azərbaycan iqtisadiyyatının şaxələndirmə proqramı çox uğurla icra olunur. Azərbaycan iqtisadiyyatımızın şaxələndirilməsi ilə bağlı gündəlik var və bu proses uğurla davam edir. Hətta baxmayaraq ki, bu il ümumi daxili məhsul aşağı düşür indiyədək geriləmə 4 faizdən aşağı olub. Bəzi başqa ölkələrlə müqayisədə bu, pis nəticə deyil. Lakin qeyri-neft sənayesinə gəldikdə, artım var. Bu, onu göstərir ki, sənaye, biznes imkanları, turizm, innovasiya sektoru və kənd təsərrüfatı, əlbəttə ki, pandemiyadan əvvəl sürətlə inkişaf edirdi. Ərazilərin geri qaytarılması kənd təsərrüfatımızın inkişafına yeni təkan verəcək. Ərazilərin azad edilməsi ilə əlaqədar kənd təsərrüfatımızın gələcək inkişafını artıq planlaşdırmağa başlanılıb. Yaponiya şirkətləri Azərbaycanda enerji sahəsində çox fəaldırlar. Yaponiya banklarından alınan kreditlərlə Bakıda iki böyük elektrik stansiyası tikilib. Yeri gəlmişkən, Azərbaycan həm də elektrik enerjisini ixrac edir. Yaponiya şirkətlərini hazırda prioritetlərdən biri olan bərpaedilən enerji sahəsində görmək istəyirik. Yaponiya şirkətləri ilə avadanlıq, maşınqayırma, texnologiya, eləcə də kənd təsərrüfatı sahələrində əməkdaşlığımız var. Yaponiya ilə Azərbaycan arasındakı iqtisadi əməkdaşlığın səviyyəsindən məmnunuq. TAP-ın rəsmi açılışı bir neçə həftənin işidir. Kəmərdə hər şey hazırdır. Bakıdan Avropaya tarixi kəmər tamamlanıb. Digər kəmərlərimizə, xüsusilə neft-qaz kəmərlərinə gəlincə, Azərbaycan ərazisində bütün bu illər ərzində, Bakı-Tbilisi-Ceyhanın istismara verildiyi 2006-cı ildən bu yana heç bir hadisə baş verməyib.

  • Birinci və ikinci humanitar atəşkəsin pozulmas...

    Birinci və ikinci humanitar atəşkəsin pozulmasının səbəbkarı Ermənistandır

    2020-10-24

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib. Ölkə rəhbəri müsahibəsində Azərbaycanın mövqeyi ilə bağlı mühüm məqamlara toxunub. Atəşkəsə nail olmaq üçün ikinci cəhd ona görə uğursuz oldu ki, atəşkəs qüvvəyə mindikdən 2 dəqiqə sonra Ermənistan atəşkəsi pozdu, onlar yenə də dinc şəhərlərə hücum etdilər. Ermənistan bir gündə Tərtər şəhərinə 100-dən çox raket atıb. Onlar hərbi mövqelərimizə hücum edirlər. Birinci atəşkəs cəhdindən sonra 24 saatdan az müddətdə onlar Ermənistan ərazisindən ballistik raketlə Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə hücum etdilər. Bu da hərbi cinayətdir və Ermənistan hökuməti buna görə məsuliyyət daşıyacaq. Beləliklə, onlar atəşkəsi pozublar. Atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil. Əgər hücum olunursa, nəinki özümüzü müdafiə etməliyik, eyni zamanda, əks-hücuma da keçməliyik. Onlar ikinci dəfə atəşkəsi pozandan sonra Zəngilan şəhəri və bir çox kəndlər azad edildi. Atəşkəs humanitar zəmində elan olunmuşdur. Moskva bəyannaməsində substantiv danışıqlara və danışıqlar formatının dəyişməz olaraq qaldığına da istinad var idi. Bu isə Ermənistan tərəfindən qondarma “Dağlıq Qarabağ hökumətini” danışıqlara cəlb etmək cəhdlərinin artıq olmayacağı deməkdir. Bu, Azərbaycan və Minsk qrupu tərəfindən rədd edilmişdir. Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa Ermənistan və Azərbaycan arasında olan münaqişənin həll yolunu tapmaq üçün mandatı olan Minsk qrupunun üç həmsədr ölkələridir. Xarici İşlər nazirlərinin bu üç paytaxtda görüşməsi təbiidir. Bu cür görüşlər əvvəllər dəfələrlə olmuşdur. Moskvaya da səfər edilmişdir, orada da görüş olmuşdur. Beləliklə bu, münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqların davamıdır. Əlbəttə ki, indi vəziyyət dəyişmişdir. Satus-kvo artıq mövcud deyil. Təmas xətti də mövcud deyil. Buna görə, indi Ermənistan rəhbərliyi daha da məntiqli davranmalıdır və işğal edilmiş ərazilərin boşaldılmasına sadiq olmalıdır. Beləliklə, bu müzakirələrdə Azərbaycanın əsas məqsədi Ermənistan rəhbərliyinin ərazilərin boşaldılmasına hazır olub-olmamasını və hazır olduğu təqdirdə bunun nə vaxt baş verəcəyini müəyyən etməkdir.

  • Dağlıq Qarabağda referendum heç vaxt olmayacaq

    Dağlıq Qarabağda referendum heç vaxt olmayacaq

    2020-10-24

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib. Ölkə rəhbəri müsahibəsində Azərbaycanın mövqeyi ilə bağlı mühüm məqamlara toxunub. Dağlıq Qarabağda referendum heç vaxt olmayacaq. Azərbaycan bununla heç vaxt razılaşmayacaq. Danışıqlar zamanı Azərbaycan buna razılıq vermədi və indi ərazinin böyük bir hissəsini geri alındığı bir vaxtda bundan söhbət gedə bilməz. Öz müqəddəratını təyinetməyə gəldikdə, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti var. Təsəvvür edin, əgər ermənilər yaşadıqları hər yerdə öz müqəddəratlarını təyin etsələr nə baş verər, dünyada neçə kiçik Ermənistan olar. Bu, əks təsir verən yanaşmadır. Öz müqəddəratını təyinetmə beynəlxalq hüququn mühüm amilidir. Heç vaxt Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına icazə verilməyəcək. Bundan söhbət gedə bilməz. Ermənilərin təhlükəsizliyi, hüquqları Azərbaycanın digər insanlarının hüquqları kimi tam təmin olunacaq. 1990-cı illərin əvvəlində Dağlıq Qarabağda, əsasən Şuşada, həmçinin Xankəndidə, ermənilərin törətdiyi soyqırımının qurbanı olan Xocalı şəhərində və bir çox başqa şəhərlərdə 40 mindən çox azərbaycanlı yaşayırdı. Ermənilər etnik təmizləmə həyata keçiriblər. Azərbaycan bunu heç vaxt etməyib. Hətta bu toqquşmalar zamanı eyni yolla cavab verməyib. Ermənistanın Baş naziri bunu etiraf edib. O bildirib ki, onlar erməni kökənlidirlər. Birincisi, heç kim bilmir onlar erməni kökənlidir, ya yox. Məlumat var ki, başqa millətlərin nümayəndələri hazırda Ermənistan tərəfdən döyüşür. İkincisi, əgər insan etnik ermənidirsə və başqa ölkənin vətəndaşıdırsa, bu, o demək deyil ki, o, muzdlu deyil. Döyüş meydanında zərərsizləşdirilənlər arasında Livan pasportu olan, Kanada pasportu olan insanlar var. Azərbaycana gəlincə, haqqında yalnız şayiələr, yalnız əsassız bəyanatlar yayılır. Heç bir sübut yoxdur. Ona görə də, bu şayiələrə son qoyulmalıdır. Azərbaycan özü döyüşür. Heç bir xarici döyüşçüyə ehtiyacımız yoxdur. Azərbaycanın kifayət qədər insanı, nizami ordusu, kifayət qədər əsgər və zabitləri var.

  • Ermənistandan yeddi rayonu boşaltmağa öhdəlik...

    Ermənistandan yeddi rayonu boşaltmağa öhdəlik götürülməlidir

    2020-10-24

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib. Ölkə rəhbəri müsahibəsində Azərbaycanın mövqeyi ilə bağlı mühüm məqamlara toxunub. Ermənistandan yeddi rayonu boşaltmağa öhdəlik götürülməlidir. Bu, Minsk qrupunun vasitəçiliyi ilə iki ölkə arasında razılaşdırılmış əsas prinsiplərin bir hissəsidir. Əsas prinsiplərdə deyilir ki, işğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdır, qaçqın və məcburi köçkünlər işğal olunmuş bütün ərazilərə qayıtmalıdırlar, o cümlədən Dağlıq Qarabağın ərazisinə, o cümlədən qədim Azərbaycan şəhəri olan Şuşanın ərazisinə. Ermənistan hökuməti bu prinsiplərə sadiq olduğunu, bu əraziləri boşaldacağını açıq şəkildə bəyan etməlidir və bundan sonra əlbəttə ki, danışıqlar başlayacaqdır. Azərbaycanın işğal olunmuş bütün əraziləri qaytarılmalıdır. Beynəlxalq müşahidəçilər və ya sülhməramlı qüvvələr əsas prinsiplərin bir hissəsidir. Lakin bu, sonuncu hissədir. Buna görə, Azərbaycan danışıqlar çərçivəsində bu məsələni ciddi müzakirə etməyib. Minsk qrupunun həmsədrləri olan üç ölkə, əlbəttə, öz adından bu müşahidəçilərin tərkibi, sayı, onların nə zaman və hara göndəriləcəyi ilə bağlı təkliflərini verəcəklər. Bu, həm də texniki nöqteyi-nəzərdən vacibdir. İndi döyüş əməliyyatlarının aktiv fazasıdır. Bu müşahidəçilər və ya sülhməramlılar harada yerləşdiriləcək? Onların həyatı risk altında ola bilər. Onların mandatı necə olacaq? Onlara mandatı kim verəcək? Aydındır ki, bu barədə danışanda, Azərbaycan ərazisi barədə danışırıq. Bu, Ermənistanın ərazisi deyil. Ona görə də, əlbəttə ki, bununla bağlı həlledici sözü Azərbaycan deməlidir.

  • Azərbaycan ordusu Ermənistana onların layiq old...

    Azərbaycan ordusu Ermənistana onların layiq olduğu yeri göstərir

    2020-10-22

    Azərbaycan ordusunun qələbə marşı davam edir. 20 oktyabr tarixində Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib. O cümlədən: Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri; Cəbrayıl rayonunun Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri; Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Vəng (Çinarlı) kəndləri; Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri işğaldan azad olunublar. Düşmənin məhv edilmiş və hərbi qənimət kimi götürülmüş texnikası: düşmənin 241 tankı məhv edilib, 39 tank hərbi qənimət kimi götürülüb - toplam 280 tank. Piyadaların 50 döyüş maşını məhv edilib, 24-ü qənimət kimi götürülüb. Özüyeriyən 17 artilleriya qurğusu məhv edilib, 198 top məhv edilib. 58 minaatan məhv edilib, 12 minaatan qənimət kimi götürülüb. 25 qumbaraatan hərbi qənimət kimi götürülüb. 53 tank əleyhinə vasitə məhv edilib. 70 “Qrad” qurğusu məhv edilib. İki “Uraqan”, iki “YARS” məhv edilib. Bir TOS məhv edilib. Dörd “S-300” zenit-raket kompleksi məhv edilib. Üç TOR zenit-raket kompleksi məhv edilib. Qırxa yaxın OSA zenit-raket kompleksi məhv edilib. Beş KUB və KRUQ zenit-raket kompleksi məhv edilib. Altı pilotsuz uçuş aparatı, iki əməliyyat-taktiki raket kompleksi - “Elbrus”, bir ballistik raket, bir “Toçka-U” raketi, səkkiz radioelektron mübarizə vasitəsi məhv edilib. 198 yük avtomobili məhv edilib. Onlardan 15-i sursatlarla dolu yük avtomobilləri idi. 102 yük avtomaşını hərbi qənimət kimi götürülüb. Azərbaycan ordusunun qarşısında diz çökən erməni ordusu artıq məğlubiyyətlə barışmalıdır. Hər gün Azərbaycan bayrağı işğaldan azad olunmuş yeni yaşayış məntəqəsində ucaldılır. Azərbaycan xalqı, Azərbaycan gəncləri, Azərbaycan əsgəri düşmən ordusuna dərs verir. Erməni mifləri dağılır və yalanları ifşa olunur.

əvvəlki [2] növbəti